Məhkəmə qərarları › İş №2(008)-787/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-787/2023

26.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-787/2023 26.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Cavabdeh nümayəndəsi (vəkili) X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyana görə 2000 manat məbləğində pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh Sabunçu Mərkəzi Rayon Xəstəxasında işləyərkən cərrah həkim kimi tanımışdır. xx.xx.2020-ci ildə Cavabdeh qəbulunda olmuşdur. Müvafiq yoxlamalardan sonra qarın gərmə üçün əməliyyat gününü xx.xx.2020-ci il tarixə təyin etmişdir. Həmin gün iddiaçını əməliyyat etdi. Əməliyyat uğursuz alındı, əməliyyatdan sonra 3 ay hərəkət edə bilmədi. Daha sonra həkim Cavabdeh təkrar müraciət etdi, ona dedi ki, narahat olma ,belə olmalıdır. Əməliyyat üçün 2000 manat ödəniş etmişdir. Ağrılara dözə bilməlidiyi üçün xx.xx.2020-ci il tarixdə təkrar müraciət etdi, xx.xx.2020-ci il tarixdə təkrar əməliyyat etdi. Lakin heç bir nəticəsi olmadı. Hazırda iddiaçının belində əyilmələr müşahidə olunur. Əməliyyatın fəsadlarına görə iddiaçı ağrılara dözə bilmir. Bundan sonra dəfələrlə cavabdehə müraciət edərək əməliyyatın fəsadlarının aradan qaldırılmasına köməklik göstərməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi (vəkili) X5 iddia ərizəsinə etiraz verərək aşağıdakıları qeyd etmişdir:

1. İddiaçı xx.xx.2021 -ci il tarixdə "xxxx" MMC-yə müraciət etmiş və estetik cəhətdən görünüşündən narazı olduğunu bildirmişdir. Həkim Cavabdeh tərəfindən müayinə aparıldıqdan sonra dərinin çapıqlaşmış vəziyyəti və fibrozu diaqnozu qoyulmuşdur. Həkim tərəfindən tətbiq edilmiş müalicə planına əsasən hipoqastral nahiyyədə olan çapıq toxumasının korreksiyasası müalicəsi aparılmışdır.

2. Korreksiya aparıldıqdan sonra həkim Cavabdeh tərəfindən tibbi protokollara əsasən əməliyyatdan sonra xüsusi fiziterapevtik (kavitasiya, elektroforez, massaj və s.) təyin olunmuşdur. Əməliyyatdan 1 il 3 ay keçməsinə baxmayaraq xəstə qeyd olunmuş əməliyyatdan sonrakı kursların keçib-keçməməsi barədə həkimə məlumat verməmişdir. Belə ki, İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli anamnezdə və epikrizdə təkrar baxışa gəlməsi qeyd edilmiş, habelə həkim tərəfindən də şifahi olaraq bildirilmişdir.

3. № XBT 9 saylı xx.xx.2021-ci il tarixdə Cərrahi əməliyyat protokoluna əsasən əməliyyatın gedişatı zamanı şərtlənmiş nahiyyə antiseptik məhlullla silinmiş. Daha sonra yerli anesteziya vasitəsi ilə lidokayin-adrinalin qarışığı çapıq nahiyyəsinə infiltirasiya olundu və işarələnmiş xətlərə uyğun olasraq kəsik aparıldı və skar toxuması dəri-dəri altı səviyyədə çapıq kəsilərək çıxarıldı. Yeni yara sahəsi qat-qat tikilərək aseptik sarğı qoyulması icra edilmişdir. Əməliyyatın başlanması 15.50-də başladı 17-20-də yekunlaşmışdır. Əməliyyatsonrası qoyulmuş diqanoz isə “çapığın korreksiyası yalnız bir sahədə (10 sm keçməyən)” müəyyən olunmuşdur.

4. İddiaçı ilə "xxxx" MMC arasında göstərilmiş xidmətlər “Özəl tibbi fəaliyyət haqqında” Qanunun tələbinə əsasən həyata keçirdiyindən pasiyentlə tibbi xidmətlərin göstərilməsi barədə xx.xx.2021-ci il tarixli tibbi xidmət müqaviləsinə əsasən müqavilə bağlanmış və tibbi xidmətlər ödənişli əsaslarla aparılmışdır.

5. Müqavilənin ayrılmaz hissəsi olan “yağ inyeksiyası/lipofıllinq” əlavənin 8-ci bəndində qeyd edilmişdir. “İzlər-adətən əməliyyat izləri qalmır. Amma dəri xarakterindən aslı olaraq bəzi hallarda görünə bilər. Gələcəkdə korreksiyaedici əməliyyatlara ehtiyac olduqda, pasiyent istifadə olunan tibbi məsrəflərin ödənişini edir. Digər müalicə müəssisələrində, tibbi mərkəzi və klinikalarda alına biləcək müalicələrin məsrəfləri pasiyent tərəfindən ödənilir. Bu isə o deməkdir ki, yarana biləcək hər hansı bir fəsadla bağlı pasiyent öncədən məlumatlandırılır. “Həkim səhlənkarlığı istisna olmaqla” hər hansı bir məsuliyyət daşımır.

6. Müqavilənin ayrılmaz hissəsi olan xəstə razılıq protokolunda İddiaçı xidmətlərin müvəffəqiyyətsizliyinin (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürülməsini və əməliyyatla bağlı göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq xəstəxanaya ödədiyi məbləğin geri qaytarılmayacağı qəbul etmişdir. Razılıq vərəqəsi İddiaçı tərəfindən tanış olaraq imza etmişdir. Həkim tərəfindən icra edilmiş əməliyyat fəsadsız və tibbi protokollara əsasən icra edilmişdir. Qeyd etmək istərdik ki, kliniki protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyyə toplusudur. Həkim tərəfindən də icra edilən əməliyyat tibbi protokollara əsasən icra edilmişdir. Klinik protokolların tərtib edilməsində məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibb işçilərini pasiyentə rasional yardım göstərməkdə kömək edəcək vəsaitlə təmin etmək və tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. Klinik protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır. Klinik protokolların tərtib olunması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24 noyabr 2008-ci il tarixli 160 saylı əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında klinik protokolların tərtib edilmə Qaydaları" əsasında həyata keçirilir. Həmin qaydaların hazırlanması zamanı inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi və yerli xüsusiyyətlər nəzərə alınmışdır. Həkim tərəfindən göstərilmiş tibbi xidmətin səmərəliliyini təmin edən əsas cəhət, onların tərtib edilməsinin sübutlu təbabət prinsiplərinə əsaslanmasıdır, yəni mövcud olan ən keyfiyyətli klinik tədqiqatların təqdim etdiyi ən etibarlı sübutlardan istifadə olunmasıdır. Protokolların hazırlanması ciddi və məsuliyyətli iş olub, ölkənin bütün elmi-tibbi potensialından istifadə edilməsini, prosesin bir mərkəzdən idarə olunmasını və dünyada qəbul edilmiş meyarlara uyğun şəkildə aparılmasını nəzərdə tutur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçı məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar üzrlü səbəblərdən məhkəmə baxış iclasında iştirak etməyəcəyini bildirmiş və işin təxirə salınmasını xahiş etmiş, bu zaman iddiaçı səhhəti ilə əlaqədar yaranmış problemlərə dair hər-hansı bir sübut ərizəsinə əlavə etməmişdir. Məhkəmə bu halı və işə baxılma müddətinin son günü olduğunu nəzərə alaraq, məhkəmə baxış iclasını təxirə salmamışdır. Cavabdehin nümayəndəsi (vəkili) X5 ərizə verərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X5 izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə qeyd etdi ki, nə birinci əməliyyatda, nə sonrakı korreksiyada həkim tərəfindən ödəniş alınmamışdır. Məhkəmə hazırlıq iclaslarında iştirak edən iddiaçı izahat verərək qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə aparılan əməliyyat dövlət xəstəxanasında olduğundan o, qeyrirəsmi cavabdehə 2000 manat ödəmiş, lakin sonrakı korreksiyada hər-hansı bir ödəniş etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı xx.xx.2020-ci il tarixdə həkim-cərrah Cavabdeh tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Az.DHTİ-nin Plastik və X1rın nahiyəsində plastik əməliyyat edilmiş, xx.xx.2020-ci il tarixdə xəstəxanadan çıxmışdır. Həmin əməliyyat dövlət xəstəxanasında aparıldığından iddiaçı tərəfindən rəsmi qaydada hər-hansı bir ödəniş edilməmişdir. iddiaçının iddia etdiyinə görə o, cavabdehə 2000 manat pul ödəmişdir. Ödənişi təsdiq edən hər-hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əməliyyatdan bir ildən artıq keçdikdən sonra iddiaçı xx.xx.2021-ci il tarixdə eyni həkim-cərrah tərəfindən "xxxx" MMC-də dərinin çapıqlaşmış vəziyyəti və fibrozu diaqnozu qoyulmuş, cavabdeh tərəfindən tətbiq edilmiş müalicə planına əsasən hipoqastral nahiyyədə olan çapıq toxumasının korreksiyasası müalicəsi aparılmışdır. İddiaçının verdiyi izahat əsasən həmin korreksiya ödənişsiz həyata keçirilmişdir. Hazırda iddiaçı əməliyyatın nəticəsindən narazı olduğu üçün birinci əməmliyyat zamanı ödədiyi 2000 manat məbləğində pulun cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsasız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Qeyd edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında plastik əməliyyatın keçirilməsinə dair şifahi müqavilə bağlanmışdır. İddiaçı əməliyyatın nəticəsində onun sağlamlığına zərər vurulduğunu iddia edir və ödədiyi 2000 manatın ona qaytarılmasını istəyir, lakin həmin 2000 manatın ödənildiyini sübuta yetirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı iddiasını sübut edə bilmədiyindən iddia rədd edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar