Məhkəmə qərarları › İş №2(008)-792/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-792/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-792/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ********* saylı xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 376 manat əsas borcun, 112 manat cərimə borcunun, ümumilikdə 488 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı «Honor 10 Lite» markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla, cəmi 394 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2019-cu il tarixində 14 manat ödədikdən sonra ödənişləri dayandırmış və qalıq qalmış 376 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, “əşyanın dəyərinin vaxtında ödənilməməsi ilə əlaqədar alıcı tərəfindən satıcı firmaya bütün xərclər, eləcə də hər gün üçün 1 faiz cərimə ödənilməlidir. Cərimə faizləri əşyanın dəyərini qaytarmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 faizlə hesablanmış cərimə məbləği 112 manat təşkil edir. Beləliklə də, cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixə olan borcu 376 əsas, 112 manat cərimə, cəmi 488 manat təşkil edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə «Honor 10 lite» markalı mobil telefon satmış və ödəniş cədvəli tərtib edilmişdır. Həmin müqavilənin 1 №-li əlavəsində gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 faiz dərəcəsi ilə dəbbə pulu hesablanması və alıcı tərəfindən satıcıya ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” MMC-yə aralarında bağlanmış müqavilə üzrə qalıq borcu - 376 əsas, 112 manat cərimə, cəmi 488 manat manat təşkil edir. İş materiallarında olan “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks halda barəsində qanunvericiliyə uyğun məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya 488 manat məbləğində borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ********* saylı xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 376 manat əsas borc, 112 manat cərimə borcu, ümumilikdə 488 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 010488820 saylı xx.xx.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 376 manat əsas borc, 112 manat cərimə borcu, ümumilikdə 488 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilsin Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar