Məhkəmə qərarları › İş №2(008)-799/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-799/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-799/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4500 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlerdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 1 ha torpaq sahəsinin 200 kv metr sahəsinə icarə hüququ Cavabdeh2 məxsusdur. 2020-ci ilin may ayında iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında həmin torpaq sahəsinə dair icarə hüququnun alqısatqısı ilə bağlı razılaşma əldə edilmişdir. Razılaşmaya əsasən iddiaçı cavabdehlərə 18000 manat məbləğində pul ödəməli idi. 2020-ci ilin may ayında Cavabdeh1 iddiaçı ilə əlaqə saxlayaraq müqavilənin rəsmiləşdirilməsi məqsədi ilə ona etibarnamə verəcəyini bildirmiş və razılaşdırılmış məbləğdən ödəniş etməli olduğunu bildirmişdi. xx.xx.2020-ci il tarixində Cavabdeh1 iddiaçıya torpaqla bağlı etibarnamə verdi və bunun müqabilində ondan 4500 manat məbləğində ödəniş aldı. 4500 manat məbləğində pulu aldığını təsdiq edən sənədi də imzalamışdır. Torpağa dair iddiaçıya etibarnamə verilsə də, iddiaçı həmin etibarnamə ilə torpaq sahəsini öz adına keçirə bilmir. Bundan sonra iddiaçı müqavilənin rəsmiləşdirilməsi üçün müraciət etsə də, cavabdehlər “COVİD 19" virusunun qarşısının alınması məqsədi ilə ölkə ərazisində tətbiq edilən karantın tədbirlərini səbəb gətirərək torpağa dair icarə hüququnun alqı-satqı müqaviləsinin bağlanılmasını təxirə salmışdırlar. 2021 -ci ildə iddiaçı Cavabdeh1 müraciət etdi ki, müqavilənin bağlasınlar və ya iddiaçıya ödədiyi pulu geri qaytarsın. Cavabdeh pulunu geri qaytaracağına dair söz versə də, yenə də sözünə əməl etməmişdir. İddiaçı təkbaşına övladını böyüdür, Uşağının 10 yaşı var, özü xadimə kimi qeyri-rəsmi işləyərək, övladını min əziyyət ilə dolandırır, kirayədə yaşayır. Qeyd edilən torpaq sahəsini də özünə balaca bir ev tikib, kirayə evlərdən qurtarmaq üçün almaq istəyirdi. Lakin cavabdehlər onun bu halını bilə-bilə onu aldadaraq qanunsuz olaraq iddiaçının 4500 məbləğində pulunu mənimsəmişdilər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia edilmiş, Cavabdeh2 ərizəsi əsasında xx.xx.2023-cü il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş, işə təzədən baxılmağa başlanılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adıçəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək qeyd etdi ki, adıçəkilən torpaq sahəsi onun adında olsa da, onun həmin torpaq sahəsinə heç bir aidiyyəti yoxdur, torpağın faktiki sahibi digər Cavabdeh1dur, onun kimə nəyi satması barədə heç bir məlumatı yoxdur, iddiaçını tanımır, onunla heç bir hüquqi bağlılığı yoxdur. Xahiş edir iddia ona qarşı rədd edilsin. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 1 ha torpaq sahəsi 99 il müddətinə icarə hüququ əsasında Cavabdeh2 məxsusdur (DƏDRX tərfindən verilmiş ******* №-li Çıxarış, reyestr nömrəsi **********85, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il). Cavabdeh2 digər Cavabdeh1, sonuncu isə İddiaçı xx.xx.2020-ci il tarixində həmin torpağın 200 kv metri hissəsinə dair sərəncam verməyi və digər səlahiyyətlərlə 49 il müddətinə etibarnamə vermişdilər. Cavabdeh1 xx.xx.2020-ci il tarixində Ramanı, Şuşa qəsəbəsində 2 sotun içində yarım tikili evə görə İddiaçı 4500 manat aldığına dair yazılı iltizam vermişdir. Torpaq sahəsinin və üstündəki yarmtikilinin iddiaçıya təhvil verilməsinə dair iş materiallarında sübut mövcud deyil. Hazərda iddiaçı həmin pulun qaytarılmasını hər iki cavabdehdən istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində ziyana düşmüş, sonuncu isə bunun nəticəsində əsassız varlanmışdır. Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçının iddiasını təkzib edən hər-hansı bir dəlil, sübut məhkəməyə təqdim etməmiş, faktiki susmaqla iddianı qəbul etmişdir. Belə ki, qeyd edildiyi kimi, cavabdeh iddiaçıdan 4500 manat məbləğində pul alaraq ona torpaq satmış, lakin həmin torpaq sahəsini iddiaçıya təhvil verməmiş, ümumiyyətlə qeyd edilən qaydada torpaq sahəsi satıla bilməzdi, lakin hüquqların alqı-satqı qaydasında aralarında müqavilə bağlana bilərdi, belə bir müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 4500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia Cavabdeh2 qarşı rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar