Məhkəmə qərarları › İş №2(008)-807/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-807/2025

07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-807/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyun 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşınına vurulmuş 990 (doqquz yüz doxsan) manat məbləğində maddi ziyanın və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi BB436705 nömrəli xx.xx.2023-cü il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən B5501080 mühərrik, WBA5A5C51FD520746 ban nömrəli **-GN-*** dövlət qeydiyyat nişanlı BMW markalı avtomaşın ona məxsusdur. 30 iyun 2024-cü il tarixdə, təxminən saat 16:30 radələrində ona məxsus olan avtomaşını Nizami rayonu Azər Manafov küçəsində yolun sağ kənarında saxlamışdır. Bu zaman Azər Manafov küçəsindən Tofiq Abbasov küçəsinə sola dönmə əməliyyatı edən zaman “DAEWOO” BS090 avtobus markalı **-XS-*** dövlət qeydiyyat nişanlı 113 saylı sərnişin avtobusunun sürücüsü X4 avtobusun sol yan tərəfi ilə avtomaşınının sol arxa künc hissəsinə dəyərək zədələmişdir. Bununla da avtomobilinə 990 manat məbləğində maddi ziyan vuraraq inzibati xəta törətmişdir. Bakı şəhəri DYP tərəfindən tərtib edilmiş 30 iyun 2024-cü il tarixli inzibati xəta haqqında İXP ******* nömrəli protokola və inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən X4 30 iyun 2024-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Nizami rayonu Azər Manafov küçəsində “DAEWOO” BS090 avtobus markalı **-XS-*** dövlət qeydiyyat nişanlı 113 saylı sərnişin avtobusunu idarə edərkən ara məsafəsi qaydalarını pozduğu üçün və bundan əlavə icbari sığorta müqaviləsinin bağlanmamasına görə təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.1-ci maddələrinə əsasən barəsində 40 manat məbləğində inzibati cərimə müəyyən edilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomaşınına maddi ziyan dəymişdir. Lakin avtomaşınına vurulmuş maddi ziyanın məbləği ona ödənilməmişdir. Hesab edir ki, cavabdeh qanunvericiliyə zidd olaraq sığorta müqaviləsini bağlamadığı üçün vurulmuş maddi ziyanın məbləği cavabdehdən tutulmaldır. Lakin cavabdeh maddi ziyanın məbləğini ödəməkdən boyun qaçırır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, 30 iyun 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşınına vurulmuş 1370 (bir min üç yüz yetmiş) manat maddi ziyanın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 3.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Avto servis tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktının surətindən görünür ki, “BMW” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri (usta haqqı nəzərə alınmaqla) 990 manat təşkil edir. - DİN-nin DYP Web Portalından çıxarışın surətindən görünür ki, “DAEWOO” BS090 avtobus markalı **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r. - Anar Abbasova verilmiş yol vərəqəsinin surətindən görünür ki, “DAEWOO” BS090 avtobus markalı **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh MMC-nə məxsusdur. - İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:30-da “DAEWOO” BS090 avtobus markalı **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Xəta nəticəsində İddiaçı maddi zərər yetirilmişdir. - TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 16:30-da Tofiq Abbasov və Azər Manafov küçələrinin kəsişməsində “DAEWOO” BS090 avtobus markalı **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozulmasına və sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 17 nömrəli xx.xx.2025-ci il tarixli hesabatdan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “BMW” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində onun təmiri üçün (materiallar və usta haqqı nəzərə alınmaqla) tələb olunan vəsait 1370 (bir min üç yüz yetmiş) manat təşkil edir. “BMW” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobildə təmir işləri görülmüşdür, dəyəri 1370 (bir min üç yüz yetmiş) manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, X3 yol vərəqəsi əsasında Cavabdeh MMC-nə məxsus “DAEWOO” BS090 avtobus markalı **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xx.xx.2024-cü il tarixdə saat 16:30-da Tofiq Abbasov və Azər Manafov küçələrinin kəsişməsində ara məsafəsi qaydalarını pozaraq hərəkətdə olan İddiaçı idarə etdiyi “BMW” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə İddiaçı maddi ziyan dəymişdir. Qeyd olunan inzibati xəta hadisəsi nəticəsində Bakı şəhəri Nizami Rayon DYPŞ-nin polis baş leytenantı Tural Kamranzadənin TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və barəsində 40 manat məbləğində inzibati cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin idarə etdikləri müvafiq olaraq “DAEWOO” BS090 avtobus markalı **-XS-*** və “BMW” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində avtomobilə zərər yetirildiyi, X1 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, X1 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, “DAEWOO” BS090 avtobus markalı **-XS-*** və “BMW” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh MMC Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurulmuş maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən “BMW” markalı **- GN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 990 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmənin qərardadı əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabatda “BMW” markalı **-GN-*** avtomobilin təmir xərcinin 1370 manat təşkil etdiyi müəyyən edilmiş, bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehdən 1370 manat maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, avtomobilin təmir-bərpası üçün cavabdehdən 1370 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1370 (bir min üç yüz yetmiş) manat məbləğində maddi ziyan Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, Cavabdeh MMC-dən 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, həmçinin mütəxəssis rəyinin verilməsi üçün 200 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən yol-nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1370 (bir min üç yüz yetmiş) manat məbləğində maddi ziyan və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Mütəxəssis rəyinin dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh MMCdən tutulsun və VÖEN **********, hesablaşma hesabı AZ61AİİB********************, "xxxx" ASC-nin Nərimanov filialı m/h AZ37NABZ********************, kod 200093, VÖEN **********, SWİFT AİİBAZ2X "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar