Məhkəmə qərarları › İş №2(008)-818/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-818/2024

31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-818/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X4 tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğinin və əlavə olaraq hər ay 300 (üç yüz) manat məbləğinin, habelə ilkin mediasiya sessiyası üçün ödənilmiş 55 (əlli beş) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-482/2018 nömrəli 29 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin və əlavə olaraq 122 manat sabit pul şəklində alimentin və digər xərclərin tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin məhkəmə aktına görə alimentin tutulması 22 noyabr 2017-ci il tarixindən hesablanmışdır. Qətnamə qanuni qüvvəsini aldığı tarixdən hazıra kimi xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün mütəmadi ödənişlər etmir, gecikmələr yaradır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-482/2018 nömrəli 29 yanvar 2017- ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən könüllü icra edilməmişdir. Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən xx/xx-53598-19 nömrəli 11 mart 2021 -ci il tarixli məktubla icra vərəqəsinin icra olunması üçün icrası Cavabdeh iş yeri olan “X14” MMC-nə göndərilmişdir. Lakin məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. O, əmək fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, əksəriyyət xərclər üzərindədir. Bundan başqa, hər il üçün ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını və ehtiyacını tamamilə özü çəkir, təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-482/2018 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Hüseynova (Əliyeva) Sevinc Bədir qızı ilə Cavabdeh birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin, əlavə olaraq 122 manat sabit pul şəklində alimentin və digər xərclərin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Həmin qətnamə əsasında 122 manat sabit pul şəklində aliment cavabdehin aylıq qazancının çox aşağı olması səbəbindən müəyyən edilmişdir. Hal-hazırda, cavabdeh ANT SERVİS (VÖEN **********) şirkətində fəalliyət göstərir və aylıq əmək haqqı məbləği 1000 manatdır. Bu səbəbdən Cavabdeh iddiaçının iddia ərizəsinə münasibətdə birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh onun aylıq qazancının 1/4 hissəsi miqdarında aliment tutulmasına, yəni aylıq 250 manat məbləğində aliment tutulmasına razıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsində də qeyd olunur ki, əgər aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Lakin Cavabdeh hal-hazırda rəsmi olaraq əmək müqaviləsi əsasında işləyir və əmək haqqı hər ay 1000 manat məbləğindədir. Bu səbəbdən aliment miqdarı müəyyən olunarkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsi tətbiq olunmamalıdır. Aliment miqdarı müəyyən olunarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsi nəzərə alınmalı və cavabdehdən hər ay 1 uşağa görə - qazancın dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1ci maddəsinə əsasən “Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən “Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”. Lakin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, aliment 250 manat məbləğində müəyyən edilərkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-482/2018 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilməli, yəni qətnamə ilə müəyyən edilmiş 122 manat ləğv edilməlidir və xx.xx.2013cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh ümumilikdə aylıq 250 manat məbləğində aliment tutulmalıdır. İddiaçının digər tələbi isə əlavə olaraq hər ay 300 manat məbləğin cavabdehdən tutulması ilə bağlıdır. Qeyd edir ki, iddiaçı 300 manat məbləğin cavabdehdən tutulması ilə əlaqədar öz tələbini kifayət qədər əsaslandırmamış, bu məbləğə xx.xx.2013-cü il təvəllüdlü X3 həqiqətən ehtiyacı olmasına dair sübutlar təqdim etməmişdir, sadəcə formal mülahizələrə əsaslanmışdır. İddiaçı iddia tələbini bu hissədə aşağıda qeyd olunanlara əsasən əsassız hesab edir. Belə ki, iddiaçı əlavə olaraq 300 manat məbləğin cavabdehdən tutulması ilə bağlı sadəcə qeyd etmişdir ki, uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasında ümumi orta təhsil pulsuzdur və dövlət tərəfindən qarşılanır. Azərbaycan Respublikası Konstitusiyasının 42.2-ci maddəsinə əsasən “Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər”. Həmin Məcəllənin 58.5-ci maddəsinə əsasən “Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər”. Həmçinin, iddiaçının birgə nikahlarından olan övladlarının bütün qayğısını, ehtiyacını tamamilə özü çəkməsi və cavabdehin öz övladı ilə maraqlanmaması ilə bağlı qeyd etmək istəyir ki, cavabdeh daima öz övladı ilə maraqlanır. İddiaçının iddia ərizəsində yazdıqları uydurmadır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən “Hamı qanun və məhkəmə qarşısında bərabərdir”. Həmin maddənin 2-ci hissəsinə əsasən “Kişi və qadının eyni hüquqları və azadlıqları vardır”. Həmçinin, Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə əsasən “Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən “29.1.Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir”. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən “Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər”. Həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən “75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər”. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən “Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir”. İddiaçı alimentin artırılması haqqında öz iddiasını əsaslandıraraq “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa istinad etmiş və həmin Qanunda göstərilən uşaqlar üçün yaşayış minimumunu əsas tutmuşdur. Qeyd etmək istərdi ki, yaşayış minimumunun məbləği dövlət tərəfindən uşaqlara verilən müxtəlif sosial ödənişlərin hesablanması məqsədilə müəyyən olunur və uşağın saxlanması üçün bir valideyndən digərinin xeyrinə alimentin müəyyən olunması zamanı nəzərə alınması məcburi deyildir. Yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında bərabər hüquqlara malikdir və eyni həcmdə vəzifələr daşıyırlar. Belə ki, cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, İddiaçı da valideyn olaraq öz uşağını saxlamağa borcludur. Bir halda ki, iddiaçının özü də işləyir və aylıq qazancı var. Beləliklə, iddiaçı aliment miqdarının artırılması və əlavə hər ay 300 (üç yüz) manat məbləğin tutulmasını tələb etsə də, bu məbləğə xx.xx.2013-cü il təvəllüdlü X3 həqiqətən ehtiyacı olmasına dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bu səbəbdən də, iddiaçı yalnız yaşayış minimumunun artırılmasına və uşağın orta məktəbdə təhsil almasına, ona görə də məsrəflərin artmasına istinad edərək aliment məbləğinin artırılmasını və əlavə hər ay 300 (üç yüz) manat məbləğin tutulmasını tələb etməsi əsaslı hesab oluna bilməz. Digər tərəfdən bildirmək istərdi ki, iddiaçı işləyir. Uşağın saxlanılması və maddi təminatının təmin edilməsi valideynlərin yalnız birinin üzərinə düşən məsuliyyət deyil, valideynlərinin hər ikisinin bərabər vəzifəsidir. Uşağın saxlanılması üçün zəruri olan maddi təminatının təmin edilməsinin həm də iddiaçının vəzifəsi olması, iddiaçının isə işləməsini, tərəflərin maddi vəziyyətini, diqqətəlayiq olan digər maraqlarını və yuxarıda qeyd olunan digər halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Həmçinin, qeyd etmək lazımdır ki, cavabdeh yenidən ailə həyatı qurmuşdur. Eyni zamanda, cavabdehin atasının səhhətində problemlər var, xəstədir. Qeyd edilən hallar da cavabdehin maddi durumuna ciddi təsir edir, ona görə də uşağa əlavə 300 manat ödəməyə imkanı çatmır. Bu səbəbdən cavabdehin yenidən evli olması və onun öhdəsində səhhətində problemi olan xəstə atasının olmasını məhkəmə nəzərə almalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair Qərarırına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq, həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-cı il tarixli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Qərarırına əsasən, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin “Cavabdeh tutulan alimentin məbləğini artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi” hissəsində təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-482/2018 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, yəni qətnamə ilə müəyyən edilmiş 122 manat sabit pul şəklində alimentin ləğv edilməsi və birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdeh X1 onun aylıq qazancının 1/4 hissəsi miqdarında alimentin tutulması; İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin “Cavabdeh əlavə olaraq hər ay 300 (üç yüz) manat məbləğin tutulması” hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, ərizə təqdim edərək, Bakı şəhəri Binəqədi Rayon Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh hər ay qazancının və gəlirlərinin 1/4 hissəsinin tutularaq ona ödənilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən etiraf etdi, etirazın məzmununa uyğun izahat verərək, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin “Cavabdeh tutulan alimentin məbləğini artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi” hissəsində təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-482/2018 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, yəni qətnamə ilə müəyyən edilmiş 122 manat sabit pul şəklində alimentin ləğv edilməsi və birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh onun aylıq qazancının 1/4 hissəsi miqdarında alimentin tutulması; İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin “Cavabdeh əlavə olaraq hər ay 300 (üç yüz) manat məbləğin tutulması” hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 561585 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2023-cü il tarixdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. - AZ-İ seriyalı 468720 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 396 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra arvada Əliyeva soyadı verilmişdir. - AZ-İİİ seriyalı 189398 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X6r. - Bakı şəhəri Binəqədi Rayon Rayon Məhkəməsinin 2(001)-482/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, X8 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış və 731 saylı qeydlə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X3 anası X2 himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin və əlavə olaraq 122 manat sabit pul şəklində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6-0058 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 55 manat mediasiya xərci ödənilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx"in baş direktoru vəzifəsində işləyir və aylıq əmək haqqı 1000 manat təşkil edir. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləyir və aylıq əmək haqqı 1000 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Rayon Məhkəməsinin 2(001)-482/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X8 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış və 731 saylı qeydlə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2013cü il təvəllüdlü X3 anası X2 himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin və əlavə olaraq 122 manat sabit pul şəklində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, aşağıda qeyd olunanlara əsasən iddia tələbini qismən əsaslı hesab edir. Bakı şəhəri Binəqədi Rayon Rayon Məhkəməsinin 2(001)-482/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, AR ƏN Penitensiar Xidmət Avtonəqliyyat təsərrüfatı tərəfindən verilmiş 32 saylı 29 noyabr 2017-ci il tarixli arayışa əsasən Cavabdeh 18 yanvar 2017-ci ildən ƏN PX-nin Avtonəqliyyat təsərrüfatında ştatdankənar çilingər vəzifəsində işləyir və aylıq əmək haqqı 128 manat təşkil edir. “Azərbaycan Respublikasında yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2018-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 154 manat müəyyən edilmişdir. Göründüyü kimi, 2018-ci ildə cavabdehin aylıq əmək haqqının 1/4 hissəsi 32 manat təşkil etmiş, lakin həmin məbləğ 2018-ci ildə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğindən aşağı olduğundan, məhkəmə, alimentin miqdarının yaşayış minimumuna uyğunlaşdırılması üçün cavabdehdən həm qazancından, həm də sabit pul məbləğində tutulması qənaətinə gəlmişdir (128:4=32+122=154). Hazırkı işin hallarından isə görünür ki, cavabdehin aylıq əmək haqqı 1000 manat təşkil edir və bu məbləğin 1/4 hissəsi (250 manat) 2024-cü ildə bir uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğindən (235 manat) artıqdır. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi və Konstitusiya Məhkəməsi Plenumunun anoloji işlərlə bağlı qərarlarında formalaşdırdıqları hüquqi mövqeləri, uşağın mənafeyini, cavabdehin ikinci dəfə ailə qurmasını, hər iki valideynin uşağı saxlamağa borclu olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, cavabdehdən iddiaçının xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Binəqədi Rayon Rayon Məhkəməsinin 2(001)-482/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, Cavabdeh 55 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı, 31.52 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Rayon Məhkəməsinin 2(001)-482/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 55 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 31.52 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar