Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8228/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının İddiaçı iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15000 manat pulun, 2000 manat əldən çıxmış faydaya görə, cəmi 17000 manat pulun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı X3 torpağın alınması üçün iddiaçını cavabdehlə tanış eləmişdir. Sonuncu əlində olan torpaq sənədlərini göstərdi, hər şeyin qaydasında olduğunu qeyd etdi və birlikdə torpaq sahəsinə baxış keçirtdilər. Notariat kontorunda cavabdehə 15000 manat pul vermişdir. Lakin, o, aldadılmışdır, belə ki, torpaq sahəsində iş gördüyü zaman torpağın başqa bir qadına məxsus olduğunu öyrənmişdir. Sənəd saxta olduğuna görə o, pulunu geri tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, Cavabdeh məhkəməyə iki dəfə teleqram vuraraq səhhətindəki problemlə əlaqədar iştirak edə bilmədiyini bildirmiş, iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə bir dəfə cavabdehin xahişini nəzərə alaraq iclası təxirə salmışdır. Lakin növbəti dəfə məhkəmə bu halı işin uzadılmasına yönəlmiş kimi qiymətləndirərək cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, cavabdeh xəstəliyi barədə hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh Bakı şəhəri, Pirşağı qəsəbəsi, Bağ massivi ünvanında yerləşən 580 kv metr torpaq sahəsini İddiaçı 15000 manat satdığı, həmin məbləği tam olaraq aldığı, gələcəkdə bu əmlak barədə heç bir iddiasının və tələbinin olmayacağı barədə ərizə vermişdir. Həmin ərizədəki cavabdehin imzası 04.08.2021-ci il tarixdə 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək reyestrdə 8İ-4061 № ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya bu pulun müqavibilində "xxxx" MMC tərəfindən vətəndaş X2 adına tərtib edilmiş qiymətləndirmə rəyi və hesabat təqdim edilmişdir. Hazırda iddiaçı verdiyi 15000 manatı və əldən çıxmış fayda olaraq 2000 manatın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında faktiki olaraq torpağın alqı-satqısına dair müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əqd uydurma bir əqddir. Belə ki, cavabdeh səlahiyyətli orqan tərəfindən verilmiş deyil, hansısa MMC tərəfindən tərtib edilmiş, heç bir hüquqi əsası və qiyməti olmayan, başqasının adına tərtib edilmiş qiymətləndirmə rəyini və hesabatı iddiaçıya təqdim etmişdir. Həmin müqavilə iddiaçının hüquqi savadsızlığından istifadə edilməklə cavabdeh tərəfindən görünüş üçün bağlanmışdır. Odur ki, iddiaçı həmin müqavilənin etibarsızlığını tələb etmədən də, müqavilə üzrə ödədiyi məbləği geri istəmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia 2000 manat əldən çıxmış faydaya görə pulun tutulması hissəsində rədd edilməlidir. Belə ki, iddiaçı həmin məbləğə dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10 000 manatdan 100 000 manatadək olduqda 120+10 000 manatdan yuxarı olan iddianının qiymətinin 0,3 faizi dərəcəsində dövlət rüsumunun tutulması nəzərdə tutulmuşdur. Göründüyü kimi, hazırkı iddianın qiyməti olan 17 000 manatın 0,3 faizi 141 manat təşkil edir. Lakin, iddia 15 000 manat hissəsində təmin edildiyindən həmin məbləğin 0, 3 faizi 135 manat təşki edir. Dövlət Rüsum haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, məhkəmə hesab edir ki, 135 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 15000 manat pul Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. 135 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-8228/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8228/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver