Məhkəmə qərarları › İş №2(008)-860/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-860/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-860/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 15146,47 manat əsas, 1530,66 manat faiz, 291,1 manat cərimə olmaqla, ümumilikdə 16968,23 manat borcun və 140,91 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 15146,47 manat əsas, 1530,66 manat faiz, 291,1 manat cərimə olmaqla, ümumilikdə 16968,23 manat borcun və 140,91 manat ödənilmiş dövlət rüsumunun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli "Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərlə razılaşma"ya əsasən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik 16,5 faizlə 36 ay müddətinə 17500 manat kredit götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının tələb etdiyi 15146,47 manat əsas, 1530,66 manat faiz, 291,10 manat cərimə borcunun cəmi 16968,23 manat təşkil etdiyi halda, iddia ərizəsində məbləğin cəmi səhvən 16968,43 manat kimi göstərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(008)-7715/2023 nömrəli qərardadına əsasən, cavabdeh borcunun məbləğini mübahisələndirdiyinə görə borc məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və rəy məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi məhkəməyə təqdim olunduğuna və bununla da işin dayandırılmasına səbəb olmuş hal aradan qaldırıldığına görə iş üzrə icraat təzələnmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, iddianın tam təmin olunmasını xahiş etdi. Cavabdeh isə məhkəməyə yazılı ərizə verərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. İşdə olan, iddiaçı "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 23-Y-2-0-2328-22 nömrəli "Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərlə razılaşması"ndan görünür ki, cavabdehə 36 ay müddətinə illik 16,5% olmaqla 17500 manat kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli "Maliyyə arayışı"ndan görünür ki, cavabdehin iddiaçıya 15146,67 manat əsas kredit borcu, 1530,66 manat kreditdən istifadəyə görə faiz borcu, 1164,38 manat cərimə olmaqla, cəmi 17841,71 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli "Xəbərdarlıq"dan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/89 nömrəli "Ekspert rəyi"ndən görünür ki, xx.xx.2022-ci il tarixli 23-Y-2-0-2328-22 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2023-cü ilə "xxxx" ASC-yə 15116,52 manat əsas, 1365,03 manat faiz olmaqla, cəmi 16481,55 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Həmin Məcəllənin 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müəyyən edildi ki, iddiaçı cavabdehdən 15146,47 manat əsas, 1530,66 manat faiz, 291,10 manat cərimə olmaqla, cəmi 16968,23 manat məbləğində pulun tutulmasını tələb edir. İddia ərizəsində xx.xx.2023-cü il tarixə əsas borcun 15146,47 manat, faiz borcunun 1530,66 manat olduğu göstərilsə də, xx.xx.2024-cü il tarixli 9/89 nömrəli "Ekspert rəyi"ndən görünür ki, cavabdehin iddiaçıya həmin tarixə əsas borcu 15116,52 manat, faiz borcu isə 1365,03 manat təşkil edir. Ona görə də məhkəmə bu nəticəyə gəldi ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən 15116,52 manat əsas borc, 1365,03 manat faiz borcu, 291,10 manat cərimə, cəmi 16772,65 manat borc tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildi ki, iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 140,91 manat dövlət rüsumundan, eləcə də ödənilməmiş 50 manat məhkəməmühasibatlıq ekspertizasının dəyərindən ibarətdir. Cəmi 16968,23 manat məbləğində iddianın 16772,65 manat hissəsi (98,84 faiz) təmin olunduğuna görə məhkəmə xərclərini təşkil edən 190,91 manat məbləğin müvafiq olaraq 98,84 faizini təşkil edən 188,70 manat hissəsi cavabdehə aid edilməli, ondan 50 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, qalan 138,70 manat hissəsi isə iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinin qalan 2,21 manat hissəsi iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15116,52 manat əsas borc, 1365,03 manat faiz borcu, 291,10 manat cərimə, cəmi 16772,65 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cəmi 190,91 manat məhkəmə xərclərinin 188,70 manat hissəsi cavabdehə, qalan 2,21 manat hissəsi iddiaçıya aid edilsin. Cavabdeh 50 manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və 138,7 manat pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar