Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8623/2021 28.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.01.2020-ci il tarixli müqaviləyə əsasən, “İmmergas” markalı kombi və kombi stabilizator üçün 1111,7 manat əsas, 328,8 manat cərimə, 24.01.2020-ci il tarixli müqaviləyə əsasən “Ariston” markalı kombi və “Hoffmann” markalı seksiya üçün 334,1 manat əsas, 140,4 manat cərimə, 16.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********21757 olan “Samsung Galaxy A10” markalı telefon üçün 54 manat əsas, 16,2 manat cərimə, 08.02.2019-cu il tarixli müqaviləyə əsasən “Hoffmann” markalı dondurucu üçün 55,6 manat əsas, 16,8 manat cərimə, 13.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodları **********30706 və **********24170 olan 2 ədəd “Samsung Galaxy A10” markalı telefonlar üçün 100,1 manat əsas, 30,3 manat cərimə, 31.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodları **********22707 və **********43842 olan 2 ədəd “X4 8” markalı telefonlar üçün 1196,4 manat əsas, 356,4 manat cərimə, 03.05.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung” markalı televizor, “Sony” markalı playstation-4, onun pultu və “Sonorous Surefix” markalı asqı üçün 1509,4 manat əsas, 483,2 manat cərimə, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04976 manat olan “Samsung Galaxy A30s” markalı telefon üçün 467,2 manat əsas, 140,4 manat cərimə borcu olmaqla, cəmi 6341 manat borc və 83,41 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 25.01.2020-ci, 24.01.2020-ci, 16.08.2019-cu, 08.02.2019-cu, 13.08.2019-cu, 31.12.2019cu, 03.05.2019-cu, 28.10.2019-cu il tarixli müqavilələrə əsasən, qiyməti 1648,8 manat “İmmergas” markalı kombi və kombi stabilizator, qiyməti 1882,8 manat olan “Ariston” markalı kombi və “Hoffmann” markalı seksiya, qiyməti 332 manat, İMEİ kodu **********21757 olan “Samsung Galaxy A10” markalı telefon, qiyməti 678 manat olan “Hoffmann” markalı dondurucu, qiyməti 606 manat, İMEİ kodları **********30706 və **********24170 olan 2 ədəd “Samsung Galaxy A10” markalı telefonlar, qiyməti 1196,4 manat, İMEİ kodları **********22707 və **********43842 olan 2 ədəd “X4 8” markalı telefonlar, qiyməti 4140 manat “Samsung” markalı televizor, “Sony” markalı playstation-4, onun pultu və “Sonorous Surefix” markalı asqı, qiyməti 702 manat, İMEİ kodu **********04976 manat olan “Samsung Galaxy A30s” markalı telefon almışdır. Cavabdeh 24.01.2019-cu il tarixli müqaviləyə əsasən 01.02.2020-ci il tarixdə “Ariston” markalı kombidən imtina etmiş və məhsul 1432,8 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh 03.05.2019-cu il tarixli müqaviləyə əsasən 07.06.2019-cu il tarixdə “Sony” markalı playstation-4 və onun pultundan imtina etmiş, məhsul 1422 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 24.01.2020-c il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 115,9 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1432,8 manat, cəmi 1548,7 manat təşkil edir. Digər müqavilələr üzrə cavabdehin cəmi ödədiyi məbləğ 4808,8 manat təşkil edir. Cavabdehin 03.05.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 1208,6 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1422 manat, cəmi 2630,6 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 3726,9 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək məzmununa uyğun izahat verib təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, tələb olunan cərimə məbləği artıqdır, ödəməyə maddi imkanı yoxdur. O, qeyd olunanlara əsasən, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.01.2020-ci, 24.01.2020-ci, 16.08.2019-cu, 08.02.2019-cu, 13.08.2019-cu, 31.12.2019-cu, 03.05.2019cu, 28.10.2019-cu il tarixli müqavilələr və onlara əlavələrdən görünür ki, sonuncu, iddiaçıdan dəyəri qiyməti 1648,8 manat “İmmergas” markalı kombi və kombi stabilizatoru ayda 137,4 manat olmaqla 12 ay müddətinə; qiyməti 1882,8 manat olan “Ariston” markalı kombi və “Hoffmann” markalı seksiyanı ayda 156,9 manat olmaqla, 12 ay müddətinə; qiyməti 332 manat, İMEİ kodu **********21757 olan “Samsung Galaxy A10” markalı telefonu ayda 54 manat olmaqla, 6 ay müddətinə; qiyməti 678 manat olan “Hoffmann” markalı dondurucunu ayda 56 manat olmaqla, 12 ay müddətinə; qiyməti 606 manat, İMEİ kodları **********30706 və **********24170 olan 2 ədəd “Samsung Galaxy A10” markalı telefonları ayda 101 manat olmaqla 6 ay müddətinə; qiyməti 1196,4 manat, İMEİ kodları **********22707 və **********43842 olan 2 ədəd “X4 8” markalı telefonları ayda 99,7 manat olmaqla 12 ay müddətinə; qiyməti 4140 manat olan “Samsung” markalı televizor, “Sony” markalı playstation-4, onun pultu və “Sonorous Surefix” markalı asqını ayda 230 manat olmaqla 18 ay müddətinə və qiyməti 702 manat, İMEİ kodu **********04976 manat olan “Samsung Galaxy A30s” markalı telefonu ayda 117 manat olmaqla 6 ay müddətinə nisyə almışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, 24.01.2020-ci il tarixli müqaviləyə əsasən aldığı “Ariston” markalı kombi cavabdehin öz razılığı ilə geri qaytarılmış, məhsul 1432,8 manat dəyərində qiymətləndirilmiş və həmin borc məbləği ümumi borcundan silinmişdir. Həmçinin 03.05.2019-cu il tarixli müqaviləyə əsasən “Sony” markalı playstation-4 və onun pultu alıcının razılığı ilə geri qaytarılmış, məhsul 1422 manat dəyərində qiymətləndirilmiş və göstərilmiş məbləğ ümumi borcundan silinmişdir. İddiaçının nümayəndəsinin izahatından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh tərəfindən qeyd edilən müqavilələr üzrə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirilməmiş və nəticədə 4828,5 manat məbləğində ödənilməmiş qalıq borcu yaranmışdır. İş materiallarında olan 17.08.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh, sözügedən müqavilələr üzrə öhdəliklərini ödəniş cədvəli ilə şərtləşdirilmiş müddətdə və qaydada icra etməməyə davam edəcəyi təqdirdə, qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.2-ci maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh iddiaçı qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh yuxarıda göstərilən müqavilələr üzrə 4828,5 manat ödənilməyən borcu vardır və cavabdeh həmin borc məbləğini iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2-ci maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 25.01.2020-ci il tarixli müqaviləyə əsasən 30 manat, 24.01.2020-ci il tarixli müqaviləyə əsasən 20 manat, 16.08.2019-cu il tarixli müqaviləyə əsasən 5 manat, 08.02.2019-cu il tarixli müqaviləyə əsasən 5 manat, 13.08.2019-cu il tarixli müqaviləyə əsasən 10 manat, 31.12.2019-cu il tarixli müqaviləyə əsasən 30 manat, 03.05.2019-cu il tarixli müqaviləyə əsasən 40 manat, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən 20 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. İş materiallarında olan 22.10.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması üçün 83,41 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 83,41 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 25.01.2020-ci il tarixli müqaviləyə əsasən 1111,7 manat əsas, 30 manat cərimə, 24.01.2020-ci il tarixli müqaviləyə əsasən 334,1 manat əsas 20 manat cərimə, 16.08.2019-cu il tarixli müqaviləyə əsasən 54 manat əsas, 5 manat cərimə, 08.02.2019-cu il tarixli müqaviləyə əsasən 55,6 manat əsas, 5 manat cərimə, 13.08.2019-cu il tarixli müqaviləyə əsasən 100,1 manat əsas, 10 manat cərimə, 31.12.2019-cu il tarixli müqaviləyə əsasən 1196,4 manat əsas, 30 manat cərimə, 03.05.2019-cu il tarixli müqaviləyə əsasən 1509,4 manat əsas, 40 manat cərimə, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən 467,2 manat əsas, 20 manat cərimə borcu olmaqla, cəmi 4988,5 (dörd min doqquz yüz səksən səkkiz manat, əlli qəpik) manat məbləğində borc və ödənilmiş 83,41 (səksən üç manat, qırx bir qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-8623/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8623/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver