Məhkəmə qərarları › İş №2(008)-8642/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8642/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8642/2021 28.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı QSC) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 08.11.2018-ci il tarixli, 021R********** saylı kredit razılaşması üzrə 1894,54 manat əsas, 510,55 manat faiz, 795,71 manat cərimə borcu, 07.08.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması üzrə 1160,46 manat əsas, 277,39 manat faiz, 488,54 manat cərimə borcu olmaqla, cəmi 5127,19 manat kredit borcunun və dövlət rüsumuna görə ödənilmiş 71,27 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh4 04.04.2013-cü il tarixdə bağladığı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh4 08.11.2018-ci il tarixli, 021R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq 2,25 % dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. 28.12.2019-cu il və 31.05.2020-ci il tarixli sazişlə razılaşma və ödəniş planına dəyişiklik edilmişdir. Borcalan 10.09.2020-ci il tarixdən bank qarşısında öhdəliklərini icra etmir. O, cəmi 3105,46 manat ödəniş etmiş, 1894,54 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 1.1-ci bəndi ilə bir gün üçün faiz aylıq faizinin 1/30 hissəsi kimi hesablanır, ona görə də, 18.10.2021-ci il tarixli 401 gün hesablanmış faiz borcu 510,55 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq, borclu ödəniş planı üzrə kredit və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün cərimə ödəməlidir. 18.10.2021-ci il tarixə 401 gün üçün hesablanmış cərimə 795,71 manat təşkil edir. Cavabdeh4 həmçinin 07.08.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması üzrə 12 ay müddətinə aylıq 2,1666 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 manat kredit götürmüşdür. Tərəflərin imzaladıqları 28.12.2019-cu il tarixli, 31.05.2021-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Borcalan qaytarmalı olduğu məbləği 10.09.2020-ci il tarixdən banka qaytarmamışdır. Həmin müqavilə üzrə gecikdirilmiş gün üçün hesablanmış cərimə məbləği 488,54 manat təşkil edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və onun dəlillərini nəzərdən keçirib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC və Cavabdeh4 arasında bağlanmış 04.04.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, 08.11.2018-ci tarixli kredit razılaşmasına əsasən aylıq 2,25 % dərəcəsi ilə 18 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 07.08.2019-cu il tarixli kredit razılaşmasından aydın olur ki, Cavabdeh4 aylıq 2,1667 % dərəcəsi ilə 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kreditin verilməsi barədə sənədlərdən görünür ki, yuxarıda göstərilən kredit razılaşmaları üzrə kredit məbləğləri Cavabdeh4 təhvil verilmişdir. İş materiallarında olan ödəniş cədvəllərindən görünür ki, Cavabdeh4 08.11.2018-ci il tarixli kredit razılaşması üzrə 10.12.2018-ci il tarixdən 08.05.2020-ci il tarixədək aylıq 342 manat (sonuncu ay 339,89 manat), 07.08.2019-cu il tarixli kredit razılaşması üzrə 09.09.2019-cu il tarixdən 07.08.2020-ci il tarixədək aylıq 144 (sonuncu ay 139,8) manat banka ödəniş etməlidir. İş materiallarında olan 04.04.2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh3, Cavabdeh2, 08.11.2018-ci il zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh4 İddiaçı QSC qarşısındakı kredit öhdəliklərinin icrasına görə zamin durmuşlar. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 31.05.2020-ci il tarixli sazişə və ödəniş planına əsasən, Cavabdeh4 bank qarşısında öhdəliklərini həmin dəyişikliyə uyğun olaraq icra etməlidir. İş materiallarında olan 28.10.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh4 08.11.2018-ci il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcu 1894,54 manat əsas, 510,55 manat faiz, 795,71 manat cərimə borcu olmaqla, cəmi 3200,8 manat, 07.08.2019-cu il tarixli kredit razılaşması üzrə 1160,46 manat əsas, 277,39 manat faiz, 488,54 manat cərimə borcu olmaqla, cəmi 1926,39 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda kredit borcunun ödənilməsi barədə bank tərəfindən xəbərdar olunmuşdurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında kredit müqaviləsi, digər cavabdehlər arasında isə zaminlik müqaviləsi bağlanmaqla, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 08.11.2018-ci il tarixli kredit razılaşması üzrə 20 manat və 07.08.2019-cu il tarixli kredit razılaşması üzrə 20 manat olmaqla, cəmi 40 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh4 kredit razılaşmaları, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 isə, zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən, iddia qismən təmin edilərək, 08.11.2018-ci il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə 1894,54 manat əsas, 510,55 manat faiz, 20 manat cərimə borcu, 07.08.2019-cu il tarixli kredit razılaşması üzrə 1160,46 manat əsas, 277,39 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 3882,94 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün 71.27 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən, məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilmiş 58,83 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməli və onlardan alınaraq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 08.11.2018-ci il tarixli, 021R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcu 1894,54 manat əsas, 510,55 manat faiz, 20 manat cərimə borcu, 07.08.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması üzrə 1160,46 manat əsas, 277,39 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 3882,94 (üç min səkkiz yüz səksən iki manat, doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti və 58,83 (əlli səkkiz manat, səksən üç qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. İddia üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar