Məhkəmə qərarları › İş №2(008)-8703/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8703/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8703/2021 23.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddia (sadələşdirilmiş icraat) üzrə icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 18.09.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 2488.68 manat əsas borc, 277.29 manat faiz borcu və 796.02 manat cərimə borcu olmaqla, cəmi 3561 manat borcun və ödənilmiş 55.62 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə 18.09.2019-cu il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında Cavabdeh illik faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4400 manat məbləğində kredit verilmişdir. O, götürdüyü kredit borcundan 1911.32 manat ödəniş etmiş və iddiaçıya 2488.68 manat məbləğində əsas borcu ödənilməmiş qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, kredit borcunu və faiz borcunu “kredit verən”ə qaytarmadığı üçün 22.10.2021-ci il tarixə 157 gün üçün hesablanmış faiz borcu 277.29 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq, “kredit alan” ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.1 % məbləğində cərimə ödəməlidir. 22.10.2021-ci il tarixə 157 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 796.02 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən, “kredit alan” müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə “kredit verən” müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası MPM) 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası MPM-in 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq, tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş edilmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən, həmin Məcəllənin 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 18.09.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 2.0833% dərəcəsi olmaqla 36 ay müddətinə 4400 manat məbləğində kredit verilmişdir. - 18.09.2019-cu il tarixli ödəniş planından görünür ki, Cavabdeh 18.10.2019-cu il tarixdən 20.09.2022-ci il tarixədək banka cəmi 6328.79 manat ödəniş etməlidir. - 01.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18.09.2019-cu il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə 22.10.2021-ci il tarixə 2488.68 manat əsas borc, 277.29 manat faiz borcu və 796.02 manat cərimə borcu olmaqla, cəmi 3561 manat borcu vardır. - 18.09.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 4400 manat məbləğində kredit verilmişdir. - Xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh kredit borcunun ödəməsi barədə bank tərəfindən rəsmi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 1529.98 manat əsas borc və 15.71 manat faiz borcunun tutulması hissələrində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kreditin məbləğini və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, iddia qismən təmin edilərək, cavabdehdən 2488.68 manat əsas borc, 277.29 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 2815.97 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 55.62 manat dövlət rüsumunun 50.03 manat hissəsi cavabdehə aid edilməklə, ondan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 2488.68 manat əsas borc, 277.29 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 2815.97 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 50.03 manat olmaqla, cəmi 2866 manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar