Məhkəmə qərarları › İş №2(008)-8728/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8728/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8728/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 056R********** saylı kredit razılaşması üzrə 2606.91 manat kredit borcu, 1147.26 manat faiz borcu və 1917.25 manat cərimə borcu olmaqla, cəmi 5671.42 manat məbləğində borcun və 76.71 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə aralarında bağlanmış 31.05.2017-ci il tarixli, 02L000011136 saylı kredit xətti müqaviləsi əsasında Cavabdeh1 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən, cavabdehə veriləcək kredit məbləği və kreditin verilmə müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 20.12.2018-ci il tarixli, 056R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq 2.1667 faiz dərəcəsi, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 22.10.2019-cu il tarixdən ödənilməsi planlaşdırılan aylıq üçün kredit borcunu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 2393.09 manat ödəniş etmiş və iddiaçıya 8656,22 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, borclunun kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 13.10.2021-ci il tarixə 722 gün üçün hesablanmış faiz borcu 1147.26 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. 13.10.2021ci il tarixə 722 gün üçün hesablanmış cərimə 1917.25 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən, kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən, bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən, yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır, ona görə də kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, bank tərəfindən iddia qaldırıldıqdan sonra cavabdeh borcundan ödənişlər etmişdir. Bununla bağlı yeni maliyyə arayışı məhkəməyə göndərilmişdir. O, qeyd olunanlara əsasən, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “kredit verən” İddiaçı QSC-nin Nərimanov filialı ilə “kredit alan” Cavabdeh1 arasında bağlanmış 31.05.2017-ci il tarixli, 056L**********2 saylı kredit xətti müqaviləsinə əsasən, sonuncuya 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan “kredit verən” İddiaçı QSC-nin Nərimanov filialı ilə “kredit alan” Cavabdeh1 arasında bağlanılmış 20.12.2018-ci il tarixli, 056R********** saylı kredit razılaşmasına əsasən, sonuncuya 18 ay müddətinə, aylıq 2.1667 faiz dərəcəsi olmaqla, 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “kredit verən” İddiaçı QSC ilə “zamin” Cavabdeh2 arasında bağlanılmış 20.12.2018-ci il tarixli, 056S**********02 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 20.12.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 22.01.2019-cu il tarixdən 22.06.2020-ci il tarixədək aylıq 340 manat olmaqla, banka cəmi 6109.4 manat ödəniş etməlidir. İş materiallarında olan 20.12.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 5000 manat məbləğində pul vəsaitini İddiaçı QSC-dən nağd qaydada götürmüşdür. İş materiallarında olan 21.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 20.12.2018-ci il tarixli, 056R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə 13.10.2021-ci il tarixə 2606.91 manat kredit borcu, 1147.26 manat faiz borcu və 1917.25 manat cərimə borcu olmaqla, cəmi 5671.42 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 30.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 20.12.2018-ci il tarixli, 056R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə 2606.91 manat kredit borcu, 247.30 manat faiz borcu və 647.26 manat cərimə borcu olmaqla, cəmi 3501.47 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda kredit borcunun ödənilməsi barədə bank tərəfindən xəbərdar olunmuşdurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi, digər Cavabdeh2 arasında isə zaminlik müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasında bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 2606.91 manat kredit borcu və 247.30 manat faiz borcunun tutulması hissələrində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının 50 manatadək azaldılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi, Cavabdeh2 isə, zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən, iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 20.12.2018-ci il tarixli, 056R********** saylı kredit razılaşması üzrə 2606.91 manat əsas borc, 247.30 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 2904.21 manat məbləğində borc İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 76.71 manat dövlət rüsumunun 66.79 manat hissəsi cavabdehlərə aid edilməklə, onlardan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20.12.2018-ci il tarixli, 056R********** saylı kredit razılaşması üzrə 2606.91 manat əsas borc, 1147.26 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 2904.21 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 66.79 manat olmaqla, ümumilikdə 2971 manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar