Məhkəmə qərarları › İş №2(008)-8807/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8807/2021

30.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8807/2021 30.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə kiçik iddia (sadələşdirilmiş icraat) üzrə icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 260,07 manat əsas, 126,05 manat faiz və 16,61 manat cərimə borcu olmaqla, cəmi 402,73 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 11.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, “FİNtrend” BOKT-dan illik 36% dərəcəsi ilə 36 ay müddətinə 1161 manat kredit götürmüşdür. Sonuncu ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10.05.2018-ci il tarixli müqaviləyə 04.07.2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən kredit müqaviləsi üzrə borcun tələb edilməsi hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh borcun qaytarılması istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası MPM) 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası MPM-in 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq, tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş edilmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən, həmin Məcəllənin 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 11.06.2019-cu il tarixli, 471-0***-******* saylı kredit müqaviləsinə əsasən, sonuncuya 36 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 1161 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 11.06.2019-cu il tarixli, 471-0***-******* saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 11.07.2019-cu il tarixdən başlayaraq hər ay 53,18 (sonuncu ay 53,07) manat olmaqla 11.06.2022-ci il tarixədək təşkilat qarşısında öhdəliyini icra etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “FİNtrend” BOKT ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10.05.2018-ci il tarixli, 0004 saylı müqavilə əsasında bağlanılmış 04.07.2019-cu il tarixli, 648 saylı sazişə əsasən, 11.06.2019-cu il tarixli, 471-0***-******* saylı kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. İş materiallarında olan 22.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 260,07 manat əsas, 126,05 manat faiz və 16,61 manat cərimə borcu olmaqla, cəmi 402,73 manat məbləğində borcu vardır. İş materiallarında olan 18.10.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh banka olan borcunun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmaqla, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Bank müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat cavabdehə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11.06.2019-cu il tarixli, 471-0***-******* saylı kredit müqaviləsinə əsasən, 260,07 manat əsas borc, 126,05 manat faiz borcu və 16,61 manat cərimə borcu olmaqla, cəmi 402,73 (dörd yüz iki manat, yetmiş üç qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar