Məhkəmə qərarları › İş №2(008)-886/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-886/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-886/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Bayramova Esmira Məmmədqulu qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Bayramova Esmira Məmmədqulu qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 3184,41 manat əsas borcun, 3493,7 manat məbləğində faiz borcunun, 303,82 manat məbləğində cərimə borcunun, cəmi 6981,93 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bayramova Esmira Məmmədqulu qızı ilə İddiaçı ASC (bundan sonra - Bank) arasında xx.xx.2014-cü il tarixdə imzalanmış Baş sazişə əsasən borcluya xx.xx.2014-cü il tarixdə illik 24,8 faiz olmaqla 36 ay müddətində 6334 manat kredit verilmişdir. Həmin sazişə (əqdlərin bağlanma şərtlərinə dair) və razılaşmanın 3.1-ci bəndinə əsasən bank müştərinin konkret sifarişini qısa mesaj (SMS) vasitəsi ilə aldıqdan sonra sifarişin mümkün olması barədə müştəriyə məlumat verir. Müştəri bank tərəfindən müəyyən edilmiş formada hansı məbləğdə və şərtlərlə kredit almaq istəyini, özünün eyniləşdirmə kodunu Banka SMS vasitəsilə geri göndərir. Cavab SMS-də bank tərəfindən müştəriyə hansı məbləğdə və şərtlərlə kredit verilə biləcəyi barədə məlumat göndərilir. Müştəri razılaşdığı halda müvafiq nömrəyə razılıq SMS göndərilir. Bundan sonra bank tərəfindən müştərinin kart hesabına razılaşdırılmış məbləğdə və şərtlər çərçivəsində vəsait yerləşdirilir. Hazırda cavabdeh kartdan məxaric etdiyi məbləği və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə baş saziş və ona uyğun olaraq bağlanmış razılaşmanın tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Saziş və razılaşmaya əsasən kredit alan tərəfindən ödəniş gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Bank ilə cavabdeh Bayramova Esmira Məmmədqulu qızı arasında xx.xx.2012-ci il tarixli (xx.xx.2014-cü il tarixli) «Baş saziş» (əqdlərin bağlanma şərtlərinə dair) və həmin sazişə uyğun olaraq Razılaşma imzalanmışdır. Həmin Baş sazişin və razılaşmanın 3-cü bəndinə əsasən bank müştərinin konkret sifarişini qısa mesaj (SMS) vasitəsi ilə aldıqdan sonra sifarişin mümkün olması barədə müştəriyə məlumat verir. Müştəri bank tərəfindən müəyyən edilmiş formada hansı məbləğdə və şərtlərlə kredit almaq istəyini, özünün eyniləşdirmə kodunu Banka SMS vasitəsilə geri göndərir. Cavab SMS-də bank tərəfindən müştəriyə hansı məbləğdə və şərtlərlə kredit verilə biləcəyi barədə məlumat göndərilir.Müştəri razılaşdığı halda müvafiq nömrəyə razılıq SMS göndərilir.Bundan sonra bank tərəfindən müştərinin kart hesabına razılaşdırılmış məbləğdə və şərtlər çərçivəsində vəsait yerləşdirilir. Baş sazişin 3.3-cü bəndinə əsasən kartın istifadə müddəti 60 ay təşkil edir və həmin müddətdə kart bankın mülkiyyəti sayılır. Müddətin axını kartın hazırlandığı tarixdən (xx.xx.2012-ci il) etibarən başlayır. Kartın faktiki istifadə müddəti 1825 gün təşkil edir. «Baş saziş»ə əsasən Bank cavabdehə kart hesabı açmışdır. «Razılaşma»ya əsasən cavabdehə 150 manat məbləğində bərpa olunan kredit xətti açılmış, kredit xəttinin istifadə edilməsinə görə komissiya məbləği müəyyən edilmişdir. Bank tərəfindən təqdim edilən sistemdən Çıxarışdan görünür ki, cavabdehin kartına xx.xx.2014-cü il tarixdə 6334 manat məbləğində kredit ayrılmışdır. Bankın məhkəməyə təqdim etmək üçün tərtib etdiyi xx.xx.2020-ci il tarixli arayışa əsasən Bayramova Esmira Məmmədqulu qızı ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Banka 3184,41 manat əsas, 3493,7 manat faiz və 303,82 manat məbləğində cərimə borcu vardır. Bankın məhkəməyə təqdim etmək üçün tərtib etdiyi xx.xx.2020-ci il tarixli arayışa əsasən Bayramova Esmira Məmmədqulu qızının xx.xx.2012-ci il tarixli (xx.xx.2014-cü il tarixli) müqaviləyə əsasən xx.xx.2017-ci il tarixə banka 3184,41 manat məbləğində əsas, 1306,34 manat məbləğində faiz və 316,54 manat cərimə borcu vardır. Hazırda iddiaçı cavabdehdən iddiaçının xeyrinə 3184,41 manat əsas borcun, 3493,7 manat məbləğində faiz borcunun, 303,82 manat məbləğində cərimə borcunun, cəmi 6981,93 manat borcun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Lakin, iddia tələbi 3493,7 manat məbləğində faiz borcunun ödənilməsi barədə olsa da, maliyyə arayışından faiz borcunun 1306,34 manat olduğu görünür. Odur ki, məhkəmə hesab edir ki, əsas borc 3184,41 manat və faiz bocu 1306,34 manat cavabdehdən Bankın xeyrinə tutulmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 303,82 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 30 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia 65 faiz hissəsində (6981,93 manat iddia tələbinidən təmin edilən 4520,75 manat hissəsi) təmin edildiyindən dövlət rüsumunun da 19,50 manat hissəsi cavabdehə, 10,50 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Bayramova Esmira Məmmədqulu qızından İddiaçı ASC Bankın xeyrinə 3184,41 manat məbləğində əsas borc, 1306,34 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu, cəmi 4520,75 manat tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3184,41 manat məbləğində əsas borc, 1306,34 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu, cəmi 4520,75 manat İddiaçı ASC Bankın xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 19,50 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. 10,50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar