Məhkəmə qərarları › İş №2(008)-918/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-918/2024

14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-918/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “hökmlə müəyyən edilmiş dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “hökmlə müəyyən edilmiş dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh 3149 (üç min yüz qırx doqquz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanusuz ələ keçirmək üçün ona atasından qalan ünvan 1 ünvanında yerləşən evə “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən” sənəd düzəltməkdə köməklik edəcəyi barə yalan vəd verib, aldadaraq 05 noyabr 2021-ci il tarixdə yaşadığı evdə 1550 (min beş yüz əlli) manat, 09 noyabr 2021-ci tarixdə Buzovna qəsəbəsi, H.Eyvazov küçəsində yerləşən “Araz” marketdə yerləşən “Million” elektron ödəmə sistemi vasitəsi ilə göndərməklə 644 (altı yüz qırx dörd) manat, 16 noyabr 2021-ci il tarixdə 415 manat və 18 noyabr 2021-ci il tarixdə isə 540 manat olmaqla, onu aldadaraq hissə-hissə ümumilikdə cəmi 3149 (üç min yüz qırx doqquz) manat pulunu ələ keçirmişdir. Hazırda məhkəməyə müraciət edərək, Cavabdeh 3149 (üç min yüz qırx doqquz) manat pulun və ödənilmiş 52 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 255/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması hökm edilmişdir. İş materiallarına əlavə olunan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2018/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardan görünür ki, apellyasiya şikayətləri təmin edilməməsi qərara alınmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-777/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkum Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə olunan 5 noyabr 2021-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı 6 ay müddətinə xx.xx.2022-ci il tarixədək Cavabdeh etibarnamə vermişdir. İş materiallarına əlavə olunan Xidmətlərin göstərilməsi haqqında 5 noyabr 2021-ci il tarixli müqavilədən görünür ki, Sahibkarlıq fəaliyyəti göstərən, “NN Əmlak Xidmətləri MMC” direktoru Cavabdeh bir tərəfindən, digər tərəfdən xidmətlərin göstərilməsi üçün müraciət edən, sifarişçi İddiaçı arasında bu müqavilə bağlanmışdır. Xidmət göstərən (hüquqi şəxs) bu işləri qanunla müəyyən edilmiş müddət ərzində tamamlamağı (fors majorlar xaric) öhdəsinə götürmüşdür. Müqavilə üzrə xidmət haqqı 500 manat olmaqla müqavilə bağlandığı an 250 manatın nəğd formada Sifarişçi tərəfindən Xidmət göstərənə ödənilir. Xidmətin aparılmasına başlamaq üçün ilkin olaraq Sifarişçi nəğd formada Xidmət göstərənə 1300 manat depozit verilməsi qeyd edilmişdir. İş materiallarına əlavə olunan qəbzdən görünür ki, İddiaçı 09 noyabr 2021-ci tarixdə Buzovna qəsəbəsi, H.Eyvazov küçəsində yerləşən “Araz” marketdə yerləşən “Million” elektron ödəmə sistemi vasitəsi ilə göndərməklə 644 (altı yüz qırx dörd) manat ödəniş etmişdir. İş materiallarına əlavə olunan “NN Əmlak Xidmətləri MMC-nin” möhürü ilə təstiq edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən 16 noyabr 2021-ci il tarixdə 415 manat və 18 noyabr 2021-ci il tarixdə isə 540 manat Cavabdeh ödənilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarına əlavə olunmuş 05 noyabr 2021-ci il tarixli Xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət etmək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq və torpaq sahəsinin özəlləşdirilməsi barədə sənədlərin alınması üçün "xxxx" MMC-nin direktoru Cavabdeh öhdəlik götürmüşdür. Cavabdeh 5 noyabr 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək, müqavilə şərtlərini pozmuşdur. Cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehə xidmət göstərilməsi üçün ümumilikdə 3149 manat pul ödənilməsi iş materialları ilə öz təstiqini tapır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, cavabdehin iddiaçı ilə yanaşı digər şəxslər barəsində dələduzluq etməsi müəyyən edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-255/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Beləliklə, iddia təmin edilməli 3149 (üç min yüz qırx doqquz) manat pul və 52 (əlli iki) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3149 (üç min yüz qırx doqquz) manat pul və 52 (əlli iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar