Məhkəmə qərarları › İş №2(008)-928/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-928/2024

16.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-928/2024 16.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "1800 manat məbləğində müqavilə üzrə ödənilmiş xidmət haqqının, 2200 manat məbləğində sənədlərin hazırlanmasına çəkilmiş xərclərin, 2000 manat məbləğində mənəvi ziyanın və 81 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 6081 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "1800 manat məbləğində müqavilə üzrə ödənilmiş xidmət haqqının, 2200 manat məbləğində sənədlərin hazırlanmasına çəkilmiş xərclərin, 2000 manat məbləğində mənəvi ziyanın və 81 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 6081 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Koreya Respublikasının müvafiq universitetlərində təhsil alması üçün rəsmi müraciətlərin edilməsi məqsədilə Cavabdeh ilə xx.xx.2022-ci ildə xidmət müqaviləsi bağlamış və cavabdehə 1800 manat məbləğində pul ödəmişdir. Müqavilədə iddiaçı "sifarişçi", cavabdeh isə "icraçı" adlandırılmışdır. İddiaçı müqavilə ilə üzərinə düşən bütün öhdəlikləri (xidmətin dəyərinin, həmçinin xidmətin göstərilməsi ilə bağlı ortaya çıxan əlavə zəruri xərclərin sənədlərin tərcümə-təsdiqi, apostille edilməsi və s. öz hesabına tam ödənilməsi, sifarişin yerinə yetirilməsi üçün "icraçı" tərəfindən tələb olunan məlumatların və sənədlərin vaxtında və tam şəkildə "icraçı"ya təqdim olunması) təxirəsalınmaz qaydada tam yerinə yetirmiş, cavabdeh isə öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, müqavilə bağlanarkən, təhsilini öz hesabına alacağına görə iddiaçıya müraciət ediləcək universitet sayında limit olmayacağı, lakin sonradan qərar dəyişdirilərək limit olacağının deyilməsi ilə əlaqədar, universitetlərin ardıcıllıqla ixtisas seçiminə görə prioritet olaraq sıralanması məqsədilə ilk mərhələdə müqaviləyə Əlavə-1-də qeyd edilən universitetlər üzrə təklif edilən ixtisasların siyahısı iddiaçıya təqdim olunmalı idi. İddiaçının tələblərinə baxmayaraq, siyahı son günədək təqdim olunmamışdır. Ciddi olaraq narazılıq və narahatlıq Əlavə-1-də qeyd edilmiş universitetlərdən bir neçəsinə müraciətin son tarixlərinin artıq bitdiyi və bitmək üzrə olduğu halda, sənədlərin nəinki hazırlanmağa belə başlanılmaması, hətta hazırlanmalı olan sənəd siyahısının belə cavabdeh tərəfindən iddiaçıya təqdim olunmaması idi (bu barədə həm e-maillər, həm də Aisa xanım şəxsən ona ünvanlanmış mesajlarla dəfələrlə məlumatlandırılmışdır). Ardıcıl müraciətlərdən sonra nəhayət xx.xx.2023-cü ilə təyin olunmuş, sonradan ləğv olunaraq xx.xx.2023-cü ildə Aisa Aslanovanın kabinetində keçirilmiş görüşdə "müraciət (deadline) tarixlərinin bitməsinə görə narahat olmayın, çünki biz partnyorlarla işləyirik, rəsmi saytlarda qeyd olunan tarixlərin bizim üçün əhəmiyyəti yoxdur", "hər şey nəzarətimizdədir", "səfirlikdən cavab gözləyirik" və sair şablon cavablar verildi və səhəri gün (xx.xx.2023-cü ildə) ixtisas siyahısının iddiaçıya təqdim olunacağı bildirildi (yuxarıda qeyd edildiyi kimi, son günədək təqdim olunmadı). Universitetlərə müraciət üçün tələb olunan sənədlərin siyahısı iddiaçıya yalnız 13-14 aprel tarixlərində təqdim olundu və elə həmin gün dərhal sənədlər tərcümə-təsdiq və apostille olunması üçün ASAN-5 Xidmətinə təhvil verildi. Sənədlərin apostille olunması müəyyən vaxt tələb etdiyinə görə yalnız xx.xx.2023-cü il tarixə hazır olacağı "Pilgrim"in əməkdaşı Ülkər xanım vasitəsilə Aisa Aslanovaya bildirildi və o, imkan daxilində sənədləri tezləşdirməyi tövsiyə etdi. Cavabdeh sənədlərin gec təqdim edilməsinin işin ləngiməsinə səbəb olduğunu bəhanə gətirə bilməsin deyə, onların çox qısa zamanda apostille olunması böyük çətinliklərlə və stres keçirtməsi nəticəsində iddiaçı tərəfindən həll edildi və 6 gün ərzində tələb olunan bütün sənədlər (apostille olunmuş sənədlər belə daxil olmaqla) hazır idi. Sənədlərin hazır olduğu barədə xx.xx.2023-cü ildə rəsmi mail vasitəsilə "Pilgrim"ə məlumat verildi. Amma lazımsız (çünki yalnız universitetlər tərəfindən ilkin müraciətlər qəbul edildikdən sonra sənədlər həmin universitetlərin tələblərinə uyğun onlara təqdim edilir) yerə 4 nüsxədə hazırlatdırılmış o sənədlər son günədək istifadə olunmamış qaldı. Əlavə olaraq bildirilir ki, eyni sənədlər daha öncə də cavabdeh tərəfindən səhv (istifadəyə yararsız) formada hazırlatdırıİmışdı. Belə ki, Koreya universitetlərinə göndərilən sənədlərin tərcümə-təsdiq olunmuş nüsxələri apostille edilməli olduğu halda, cavabdeh sənədlərin orijinallarını apostille elətdirmişdi. Təqdim olunan sənəd siyahısında vərəm xəstəliyinə görə sağlamlıq kağızı tələb olundu. Əslində sağlamlıq kağızının yalnız qəbul aldıqdan sonra vizaya müraciət zamanı lazım olduğu məlum olsa da, yenə bunun özünə qarşı istifadə edilməməsi üçün iddiaçı tərəfindən hazır edildi. Klinikalarda o analizin müxtəlif növlərinin olduğu bildirildi və məhz hansı analizin tələb olunduğu sualı verildi. "Pilgrim"də bu sualı cavablandıran olmadığından və məlumatsızlıqdan iddiaçı məcbur qalıb ən bahalı və dərin müayinə sayılan "Quantiferon (Gold)" testini verməli oldu. "Pilgrim"də xx.xx.2022-ci ildə ilk görüş zamanı İELTS üzrə yaxşı nəticələr əldə edə bilinməsi üçün hələ zaman olduğu bildirilsə də, Aisa Aslanova bu nəticələrin qısa zamanda sənədlərdə göstərilməsinin vacibliyini vurğulayaraq, iddiaçının İELTS imtahanına erkən qatılmağına səbəb oldu (o halda ki, sonrakı aylarda heç bir iş görülmədiyi üçün bu göstərici istifadə olunmadı belə). Bu da öz növbəsində nəticənin az (6.5) olmasına və bununla, cavabdeh işini görmüş olsaydı belə, iddiaçının istədiyi universitetlərə girmə şansının öncədən azalmasına səbəb olan faktor idi. Müqavilə bağlandığı gündən ən böyük narazılığa səbəb olan, müqavilənin pulu tam ödənildikdən sonra "Pilgrim"dən heç kimin, həmçinin "təhkim olunmuş" koordinator Leyla xanımın iddiaçı ilə əlaqəyə girməməsi, müxtəlif bəhanələr gətirilərək ona olunan telefon zənglərinin cavablandırılmaması idi. Yazılmış maillərə də cavab verilmir və ya gec və əlaqəsiz cavablar verilirdi. İddiaçının adına xx.xx.2023-cü ildə qrup açılaraq qrupa işin gedişatından tam məlumatsız olan Ülkər adlı xanım daxil edildi və o artıq özünün iddiaçının koordinatoru olduğunu bildirməsinə baxmayaraq, işdən məlumatsız olduğu üçün, ona verilən bütün suallara "sualınızı yönləndirmişəm" cavabı verir və təbii ki, suallar nəticə etibarilə cavabsız qalırdı, iddiaçı cavabdehi (Aisa xanımı) bu barədə vaxtaşırı məlumatlandıraraq narazılığını bildirdikdə hər dəfə ondan "Narahatçılığa səbəb yoxdur", "Oturun sakit nəticəni gözləyin", "Bizim işimizə qarışmayın" kimi cavablardan başqa bir əməli tədbir görmədi. Halbuki müraciəti əsasında işinin gedişatı haqqında iddiaçını məlumatlandırmaq cavabdehin birbaşa vəzifəsi idi. Bu müddət ərzində öz təkidi ilə "Pilgrim"in ofisinə getdiyi hər dəfə işdən tam məlumatsız olan fərqli-fərqli insanlarla (öncə Ülkər xanım, sonra Əli bəy, Ruqiyyə xanım və s. adlarını bilmədiyi şəxslər) görüşdürülən iddiaçı "Pilgrim"in nümayəndələrindən heç olmasa kiminsə onun işini həll edəcəyinə inanmaq istədiyinə, həmçinin ortalıqda ona təhkim olunmuş bir koordinatorun olmadığına görə, əlacsızlıqdan eyni şeyləri sıfırdan onlara danışmaq məcburiyyətində qalırdı. İşin yolunda getdiyinə əmin olması üçün görüşlərdə irəli sürdüyü yeganə tələbi universitetlərə edilmiş müraciətlər barədə məlumatların ona təqdim edilməsi idi. Təbii ki, tələbi son günədək təmin edilmədi. Buna baxmayaraq, "Pilgrim"in direktoru Aisa Aslanova kabinetində oturaraq, görüşlərə qısa da olsa qatılmağı belə lazım bilmədi. Hər dəfə iddiaçının və ailəsinin nə qədər stres keçirtdiyini sözlə anlatmaq, ifadə etmək mümkün deyil. xx.xx.2023-cü ildə təqdim edilmiş sənəd siyahısında iddiaçının adına bankda 10000 USD vəsait olması barədə sənəd tələb olundu və bu tələb həll edilərək cavabdehə təqdim olundu. Sonradan xx.xx.2023-cü ildə Universitetə müraciət üçün son tarixin bitməsinə bır-iki gün qalmış iddiaçının hesabında 20000 USD olmasının tələb edildiyi bildirildi. Belə böyük miqdarda məbləğin qısa müddətdə həll olunması çətin olsa da, tələbin yerinə yetirilməməsi özünə qarşı istifadə edilməsin deyə iddiaçı bunu da çox böyük çətinliklərlə təxirəsalınmaz qaydada həll etdi. Əlavə-1 üzrə siyahıda qeyd olunmuş universitetlərdən yalnız birindən - Sogang Universitetindən sənədlərin artıq bir həftə öncə sistemə yüklənmiş olmalı olduğu halda, hələ də yüklənmədiyi və bunun üçün Universitet tərəfindən güzəşt edilərək xx.xx.2023-cü il saat 10.00-dək son vaxt verildiyi barədə xx.xx.2023-cü ildə iddiaçıya xəbərdarlıq e-maili gəldi. Təcili surətdə həm "Pilgrim"in (e-mail vasitəsilə), həm də şəxsən Aisa xanımın bu barədə məlumatlandırıldığına baxmayaraq, yenə heç bir tədbir görülmədi. Zənglərə cavab olaraq reseptiondakı qızlardan və şəxsən Aisa xanımdan "o avtomatik mesajdır, fikir verməyin" cavabı alındı. Nəticə olaraq, sənədlərin vaxtında təqdim edilməməsi səbəbindən müraciətin qəbul olunmadığı və müsabiqədə iştirak edə bilməyəcəyi barədə Sogang Universitetindən iddiaçının şəxsi e-mailinə xx.xx.2023-cü ildə bildiriş gəldi. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya siyahıda olmayan yeni Ajou Universitetinə müraciət olunması təklif edildi və iddiaçı artıq istədiyi universitetlərə müraciətlərin qaçırıldığını bildiyi üçün (çünki "Pilgrim" tərəfindən etiraf edilməsə də, artıq bir neçəsi qaçırılmışdı), təklifi qəbul edərək müraciət olunmasına razılıq verdi. Buna baxmayaraq, xx.xx.2023-cü ildə adı çəkilən Universitetdən müraciətin qəbul edilmədiyi və təkrar göndərilməli olduğu haqqında e-mail gəldi. Bu barədə cavabdehin məlumatlandırıldığına baxmayaraq, yenə də heç bir tədbir görülmədi (tələb etdiyinə baxmayaraq, bu barədə iddiaçıya rəsmi məlumat təqdim edilmədi). Bundan sonra iddiaçı həqiqəti qəbul etdi ki, cavabdehin işə qeyri-ciddi, məsuliyyətsiz, etinasız yanaşması nəticəsində bütün müraciətlərin son tarixləri qaçırılıb və o vaxt itkisi ilə yanaşı, payız semestrinə daxil olmaq şansını da itirib. xx.xx.2023-cü ildən sonra iddiaçı ilə əlaqəyə girməyən "koordinatoru" Leyla xanım xx.xx.2023-cü ildə cavabdeh tərəfindən təyin olunmuş görüşdə peyda oldu və seçdiyi universitetlərin heç birindən qəbul almadığını bildirərək iddiaçıya Müqavilə üzrə ödədiyi məbləğin tam şəkildə geri qaytarılmasını təklif etdi. İddiaçı ondan təkrar işin yerinə yetirildiyini sübut edən məlumatların (report) şəxsi e-mailinə göndərilməsini tələb etdi. Leyla xanım və Zaur adlı şəxs tərəfindən tələbin səhəri gün xx.xx.2023-cü ildə saat 12.00-a qədər təmin olunacağı sözü verildi, lakin gözlənildiyi kimi, heç bir məlumat göndərilmədi, əlaqə nömrəsi olaraq verilən (**********) nömrə söndürülmüş oldu, gün ərzində nəinki dəfələrlə edilən zənglərə cavab verilmədi, hətta göstərilən tarixdə reseptiona şikayət etdikdən sonra gecə 22.00 - 23.00 radələrində Leyla xanım iddiaçıya deyil, anasına zəng edərək təkrar keçiriləcək görüşə dəvət etdi. İddiaçı artıq sayələrində yetərincə vaxt itirdiyini, həmin günədək keçirilmiş bütün danışıqların, görüşlərin faydasız olduğunu və yalnız görmüş olduqları işin hesabatının (report) ona təqdim edilməsini gözlədiyini bildirərək görüşdən imtina etdi. İddiaçı işinin peşəkarlar əlində mükəmməl, keyfiyyətli və zamanında həll olunması məqsədilə xidmət aldı. Nəticədə bütün prosesə özü nəzarət edib əsəb keçirməli oldu, onun hər müraciətinə cavabdeh etinasız, açıqlamasız, özündən razı cavablar verərək işinə məsuliyyətsiz yanaşma nümayiş etdirdi. İddiaçının universitetlərə edilən müraciətlərin ona təqdim edilməsi tələbinə hər dəfə bir bəhanə gətirildi. İddiaçının Koreya universitetlərinə edilmiş müraciətləri və onların rədd cavablarını (səbəblər göstərilməklə) rəsmi formada görmək haqqı var. "Application Fee" (müraciət ödənişi) edilmədən universitetlər tərəfindən müraciətlərin qəbul edilməsi ümumiyyətlə mümkün deyil. Buna baxmayaraq, iddiaçıdan heç bir universitetə bu ödənişi etməsi tələb olunmadı. ("Müqavilə"nin şərtlərinə uyğun olaraq işin gedişatında ortaya çıxan bütün əlavə xərclər iddiaçının hesabına ödənilməlidir). Müqaviləyə əsasən, tələb olunan məktubların (study plan, motivasiya məktubu və s.) bütün universitetlərin tələblərinə uyğun peşəkar şəkildə yazılacağı cavabdeh tərəfindən öhdəliyə götürülmüşdür. Buna baxmayaraq, bütün məktublar qeyri-peşəkar yazılmış və hətta eyni məktub iki fərqli ad altında verilmişdir. Hərf səhvləri belə düzəldilmədən "copy paste" edərək bir məktubu "motivasiya məktubu" və "study plan" adı altında qeyd etmişlər. Bundan əlavə, məktubun əvvəlində ixtisas "Dil və ədəbiyyat", sonra isə bütün məktub boyu "Tərcümə" kimi qeyd olunmuşdur. Bir çox səhvlər və dəyişikliklər iddiaçı tərəfindən düzəldilmişdir. İlk başda ixtisas adının dəyişdirilməsindən başqa heç bir dəyişiklik və əlavə olunmamış, hərf səhvinə qədər hər şey təkrar yazılmışdır. Tutulmuş iradlara isə bütün məktubların qoyulan tələblərə uyğun tərtib edildiyi deyilərək qeyd olunan səhvlər düzəldilməmişdir. Bu da öz növbəsində cavabdehin işə yanaşmasını əks etdirir. Məktubların universitetlərin tələblərinə uyğun şəkildə tərtib olunduğunu (halbuki onlar iki tamamilə fərqli məktubdur və hər ikisinin necə yazılmasına dair dəqiq kriteriyalar var) bildirsə də, cavabdeh tərəfindən bunun məhz universitetin tələb etdiyi forma olduğunu təsdiqləyən məlumat təqdim olunmadı, verdikləri cavab yenə də "işimizə qarışmayın, mane olursunuz... " və sair oldu. Dəfələrlə əminliklə iddiaçıya qəbulunu təmin edəcəyi sözü versə də, cavabdeh bunun həyata keçməsi üçün üzərinə düşən öhdəliklərin heç birini yerinə yetirmədi. Müqavilə bağlandığı gündən cavabdeh tərəfindən öhdəliklərinin yerinə yetırılməməsi ilə bağlı iddiaçı və ailəsi mənəvi sarsıntı keçirtdi, həmçinin vaxt itkisi ilə yanaşı, payız semestrinə daxil olmaq şansını da itirmiş oldu. Cavabdehin işə göstərdiyi qeyri-peşəkar yanaşma nəticəsində iddiaçının təhsil hüququ zərbə altına düşərək onun təhsilini davam edə bilmək şansı ertələnmək məcburiyyətində qaldı. Bundan əlavə, vaxtından tez tələsdirərək iddiaçıya hazırlatdırılmış sənədlərin hər biri artıq vaxtı bitdiyinə (müddəti 3 ayı keçmiş sənədlər Koreya universitetləri tərəfindən qəbul edilmir) və təyinatı üzrə istifadə olunmadığına görə yararsız hala gəldi. İddiaçı əlavə vaxt və enerji sərf etməmək üçün müqavilə bağladığına baxmayaraq, bunun tamamilə əksi olmuş və təhsil həyatı ilə yanaşı sağlamlığı bərpa olunmayacaq qədər zərbə almışdır. Müqavilənin ödənişi "Pilgrim"ə tam edildikdən sonra onlar tərəfindən gördüyü hörmətsizlik və saymamazlıq (zənglərinə cavab verilməməsi, mail-lərinə geridönüş olunmaması, danışılan saatlarda ofisə gəldiyində qapının uzun müddət açılmaması, təyin olunmuş görüşlərin dəfələrlə təxirə salınması, "xəstədir", "işi çıxdı", "görüşdədir" və sair kimi səbəblər gətirilərək görüşə gəlməli olan şəxslərin yerinə şablon cavablarla kompetentsiz, işdən tam məlumatsız şəxslərin gəlməsi, əlaqədar şəxslərlə kommunikasiya yaratmağa çalışsa da, buna imkan yaradılmaması) göstərilən xidmətdən narazılığı ilə yanaşı daima stres içində olmağına, iş qabiliyyətinin sıfıra enməsinə səbəb olmuşdur. Aldığı stres, əsəb, narahatlıq, diskomfort və narazılığı - cavabdehin kommunikasiyalar periodunda etinasızcasına yanaşmanı və qeyri-peşəkarlığı sonuna qədər davam etdirərək əlavə narahatlığa və əsəbə səbəb olmaqla ölçüolunmaz dərəcədə mənəvi əzabdan əlavə, həmçinin xərclərə, vaxtını sərf etməyə səbəb olaraq insanlara və şirkətlərə inamına sarsıdıcı zərbə vurmağıdı. Üstəlik bu hallar heç biri etiraf edilməmiş, əksinə bu yalanlar günlərlə davam etdirilmiş və iddiaçının təhsil hüququna birbaşa zərbə vurmuşdur. Dəfələrlə danışılmış yalanlarla arxayın etməklə, iddiaçının prosesə nəzarət etməsinə şərait yaratmamaqla heç bır uğurlu nəticə əldə edilməmişdir. Xüsusən etdiyi səhvləri boynuna almaq, iddiaçının simasında müştərini məmnun etmək üçün həll yolu axtarmaq, müştəriyönlü yanaşma sərgiləmək əvəzinə edilənlərdən yayınmağa çalışmış, hörmətsiz şəkildə bütün sualları cavabsız qoymuş, günü günə sataraq müraciətin son tarixlərini qaçırtmış və iddiaçının vaxtını almış, törətdiyi səhvləri etiraf etmək əvəzinə baş aldatmağa çalışmışdır. Bütün bunlar iddiaçının işinə, təhsilinə və mənəvi sağlamlığına bağışlanmaz, qeyri-peşəkar, qeyri-etik və tənqidəlayiq hərəkətlərdir. Bunun nəticəsi olaraq, cavabdeh müqavilədə qeyd olunan işləri düzgün və vicdanlı şəkildə həyata keçirmək yerinə iddiaçıya daha çox maddi və mənəvi zərər vurmuşdur. Müqavilənin şərtlərinə uyğun olaraq, "icraçı" üzərinə düşən öhdəlikləri yerinə yetirmiş olduğu və iddiaçı müraciət edilən universitetlərdən qəbul almadığı təqdirdə müqavilə üzrə ödənilmiş 1800 AZN məbləğin 20 %-nin iddiaçıya geri qaytarılmasını təmin edir. Sənədlər ilk dəfə səhv hazırlatdırılmış, sonradan isə müqaviləyə Əlavə-1-də qeyd olunan universitetlərin heç birinə cavabdeh tərəfindən ümumiyyətlə rəsmi müraciət edilmədiyi halda (müraciətləri təsdiq edən heç bir rəsmi məlumat son günədək cavabdeh tərəfindən təqdim edilmədi) istifadə olunmayacağı öncədən bəlli olan sənədlər nəinki təkrar tərcumə-təsdiq, apostille və s. etdirilmiş, hətta iddiaçıdan sənədlərin bu dəfə 4 nüsxədə hazırlanması tələb edilmişdir. Bütün narazılıqlar haqqında cavabdehə iddiaçı tərəfindən 25.07 2023-cü ildə pretenziya məktubu ilə müraciət edilmişdir. Cavabdeh etdiyi səhvləri etiraf etmək əvəzinə iddiaçı tərəfindən irəli sürülmüş konkret suallara və narazılıqlara deyil, əhəmiyyət kəsb etməyən mövzulara qeyri-müəyyən, doğruluğu təsdiqlənməyən cavablar sərgiləmiş, lakin müqavilə üzrə ödənişin 20 %-ni deyil, tam məbləğini (məhz 1800 manat) iddiaçıya geri qaytarmağa hazır olduğunu bildirmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, iddiaçının tələbi ilə razı deyil və iddia əsassız olduğuna görə təmin edilməməlidir. İddiaçı müqavilə əsasında xidmətin haqqı kimi göstərilən 1800 manat məbləğində pul ödəmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini tam şəkildə icra etdiyi halda, ondan asılı olmayan səbəblərdən iddaçının müvafiq universitetlərə qəbulu mümkün olmamış, buna görə də cavabdehin heç bir məsuliyyət daşımadığı müqavilədə öz əksini tapmışdır. İddiaçıya əvvəlcə universitetlərin sayında limit olmayacağı bildirilsə də, Koreya Respublikasının universitetlərinə ilkin müraciət zamanı müraciət üçün limitin olduğu müəyyən olunmuş, bu barədə "WhatsApp" tətbiqi vasitəsilə iddiaçıya dəfələrlə məlumat verilmiş, lakin universitetlərdən cavab gəlmədiyindən iddiaçının tələb etdiyi universitetlərin ardıcıllıqla ixtisas seçiminə görə prioritet olaraq sıralanması məqsədilə ixtisas siyahısının iddiaçıya təqdim edilməsi mümkün olmamışdır. Cavabdehin ofisində xx.xx.2023-cü ildə iddiaçı ilə görüş təşkil edilmiş, görüş zamanı müraciət müddətinin bitməsi ilə bağlı problemin olmadığı, yalnız ilkin müraciətə müsbət cavab verən universitetlərə tələbənin qəbul edilməsi üçün müraciət ediləcəyi, belə universitetlərin ən çox 4 sayda ola biləcəyi nəzərə alınmaqla sənədlərin ən çox 4 nüsxədə hazırlanması bildirilmiş, iddiaçı isə bununla razılaşmışdır. Sogang Universiteti müraciətə müsbət cavab verdikdən sonra xx.xx.2023-cü ildə iddiaçıya lazım olan sənədlərin siyahısı təqdim olunmuş, sənədlər 4 nüsxədə hazırlanaraq cavabdehə təqdim edilmiş və onlar həmin Universitetə göndərilməklə iddiaçının qəbulu ilə bağlı müraciət olunmuşdur. Yerdə qalan nüsxələrin ilkin müraciətlərinə müsbət cavab verə biləcək digər universitetlərə göndəriləcəyi bildirilmiş, iddiaçı isə bununla razılaşmışdır. Müqavilənin 3.1.4-cü bəndindən göründüyü kimi, "sifarişçi"nin əsas vəzifələrindən biri kimi xidmətin göstərilməsi ilə bağlı ortaya çıxan əlavə zəruri xərcləri öz hesabına ödəmək göstərilmişdir, buna görə də iddiaçı əsassız olaraq həmin xərcləri cavabdehdən tələb edir. Viza alınması üçün lazım olacaq sağlamlıq haqqında arayış da daxil olmaqla bütün zəruri sənədlərin siyahısı iddiaçıya təqdim olunmuşdur. Həmin arayışın alınması zamanı ən bahalı və dərin müayinə sayılan "Quantiferon (Gold)" testinin verilməsi səbəbi cavabdehin məlumat verməməsi, bununla da müqavilə şərtlərini pozması kimi göstərilmişdir. İddiaçı müqavilə üzrə pulu ödədikdən sonra onunla əlaqə saxlanılmaması və telefon zənglərinə cavab verilməməsi barədə fikirləri həqiqətə uyğun deyildir. Belə ki, iddiaçının adına qrup açılaraq cavabdehin Ülkər adlı əməkdaşı iddiaçıya zəruri məlumatları vermişdir. İddiaçı ilə daim əlaqə saxlanılmış, həm rus, həm də azərbaycan dilində olmaqla bütün sualları cavablandırılmışdır. İddiaçının qeyd etdiyi kimi, adına bankda 20000 ABŞ dolları məbləğində vəsaitin olması tələb olunmuş, lakin tələb cavabdeh tərəfindən deyil, universitet tərəfindən müəyyən edilmişdir. İddiaçının seçdiyi universitetlərdən biri olan Sogang Universitetindən ilkin müraciətə müsbət cavab gəldikdən sonra iddiaçının sənədləri göndərilmiş, lakin cavabdehdən asılı olmayan səbəblərdən müraciət qəbul olunmamışdır. Həmçinin müraciətin qəbul olunma ehtimalının az olması əvvəlcədən iddiaçıya bildirilmişdir. Bundan sonra iddiaçıya Ajou Universitetinə müraciət olunması tövsiyə edilmiş, o da bununla razılaşmışdır. İddiaçının ixtisasının rus dili olması səbəbindən müraciətin qəbul olunmama ehtimalının yüksək olması barədə yenə də məlumat verilmişdır. Bütün zəruri sənədlər cavabdeh tərəfindən göndərilməsinə baxmayaraq Ajou Universitetində də müraciət qəbul edilməmişdir. İddia ərizəsində cavabdehin qeyri-ciddi və məsuliyyətsiz yanaşması səbəbindən müraciətin qəbul edilməməsi qeyd edilsə də, işdə olan sübutlar cavabdehin müqavilə üzrə götürdüyü öhdəliklərini tam şəkildə icra etdiyini, lakin ondan asılı olmayan səbəblərdən müraciətin qəbul edilmədiyi təsdiq edilir. İddiaçı müvafiq universitetlərə müraicətin edildiyini təsdiq edən sübut tələb edərkən iddia ərizəsində qeyd etdiyi "Application Fee" (müraciət ödənişi) barədə müvafiq sübut ona elektron poçt vasitəsilə göndərilmişdir. Həmçinin, iddiaçı tələb olunan məktubların (study plan, motivasiya məktubu və s.) qeyri-peşəkar şəkildə yazıldığını iddia etməklə bunu müraciətin qəbul edilməməsi səbəblərindən biri kimi göstərmişdir. Buradan da görünür ki, iddiaçı qəbul olunmama səbəbi kimi cavabdehin tərtib etdiyi məktubların qeyri-peşəkar olmasını göstərərək, cavabdehin müvafiq universitetlərə müraciət etdiyini etiraf etmiş olur. Cavabdehin tərtib etdiyi məktublar müəssisənin tələb etdiyi qaydada və peşəkar şəkildə tərtib olunaraq göndərilmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri tam şəkildə icra etsə də, müqavilə üzrə ödənişin 20 faizinin geri qaytarılması nəzərdə tutulsa da, iddiaçıya ödənişin 100 % həcmdə qaytarılması, hətta yaz semestri üçün yenidən müraciət edilməsi zamanı təmənnasız şəkildə iddiaçıya köməklik göstərilməsi təklif edilmişdir, lakin iddiaçı razılaşmamışdır. İddiaçı əlavə sənədləşmə işlərinə çəkdiyi xərcləri də cavabdehdən tələb etmək fikrinə düşmüşdür. Müqavilədə isə əlavə zəruri xərclər "sifarişçi"nin hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək bildirdi ki, iddiaçı Koreya Respublikasının müvafiq universitetlərinə müraciətlərin edilməsi məqsədilə cavabdehlə müqavilə bağlamışdır. Lakin cavabdeh sənədləri vaxtında hazırlayıb göndərmədiyi üçün iddiaçı Koreya Respublikasının universitetlərinə qəbul olunmamışdır. Elektron poçt ünvanına sadəcə Sogang və Ajou Universitetlərindən cavab gəldiyi üçün müəyyən etmişdir ki, cavabdeh yalnız qeyd olunan iki universitetə müraciət etmişdir. Digər universitetlərə müraciətlərin olunubolunmaması barədə məlumatı yoxdur. Universitetlər cavabdehlə razılaşaraq seçilmişdir və universitetlərin sayında limit olmayacağı qeyd edilmişdir. Ümumilikdə 8 univerisitet barədə razılığa gəlmişlər, Ajou və Sogang Universitetləri cavabdehin təşəbbüsü ilə seçilmişdir. Daha sonra elektron poçtuna link gəlmiş, lakin bununla bağlı nə etməli olduğunu bilməmiş, cavabdehdən soruşduqda isə sonuncu cavab verməmişdir. Universitetlər seçildikdən sonra cavabdeh həmin universitetlərə sənədləri göndərir, universitet sənədlərin düzgünlüyünü yoxlayır və sifarişçinin qəbul olunub-olunmaması barədə iddiaçıya məlumat göndərir. Qəbul olunmadıqda bunun səbəbini qeyd etməlidir. Universitetdən gələn məktubda cavabdeh tərəfindən sənədlərin tam göndərilmədiyi bildirilmişdir. Müqaviləyə 1 nömrəli "Əlavə" rəsmi qaydada təqdim edilməmiş və çox çətinliklə onun tərəfindən əldə edilmişdir. Cavabdeh onun ödədiyi məbləği qaytarmaq istəsə də, o, bir il ərzində yubadıldığı səbəbindən razı olmamışdır. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etməyərək yazılı etirazın məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, cavabdehin işi universitetə qəbul olmaq istəyən sifarişçinin sənədlərini hazırlayıb universitetə təqdim etməkdən ibarətdir. Natamam sənədlərlə bağlı cavabdeh məsuliyyət daşımır. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, o, "xxxx" MMC-də menecer işləyir, tərəflər arasında müqavilə bağlanmasında iştirak etməmişdir. Cavabdeh 8 universitetlə əlaqə saxlamış, lakin abituriyentin sənədlərinin göndərilməsi barədə cavab yalnız Ajou və Sogang Universitetlərindən daxil olmuşdur. Sogang Universiteti ödəniş istəmiş, lakin iddiaçı ödənişi vaxtında etməmiş, bu səbəbdən sənədlər geri qaytarılmışdır. İki həftə ərzində 125 avro məbləğində ödənişi edib, bu barədə sənədin universitetə göndərilməsinə dair cavabdeh elektron poçt vasitəsi ilə iddiaçıya məlumat vermişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, iddiaçı və cavabdeh xx.xx.2022-ci il tarixli 2556/22 nömrəli "Xidmət müqaviləsi" bağlamışlar. Həmin müqavilədə İddiaçı "sifarişçi", cavabdeh "xxxx" MMC isə "icraçı" qismində çıxış etmiş, "icraçı" müqavilənin ayrılmaz tərkib hissəsi olan "Əlavə"sində göstərilən "sifarişçi"nin sifariş etdiyi xidmətləri razılaşdırılmış qaydada və şərtlərlə yerinə yetirməyi, "sifarişçi" isə həmin xidmətlərin qarşılığında razılaşdırılmış xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı cavabdehin göstərdiyi xidmətə görə 1800 manat məbləğində ödəniş etmiş, hazırda isə cavabdehin öz müqavilə öhdəliklərini icra etmədiyini, nəticədə ona maddi və mənəvi ziyan dəydiyini iddia edir. İşdə olan xx.xx.2022-ci il tarixli 2556/22 "Xidmət müqaviləsi"ndən görünür ki, "icraçı" ("xxxx" MMC) müqavilənin ayrılmaz hissəsi olan "Əlavə"sində göstərilən "sifarişçi"nin (İddiaçı) sifariş etdiyi xidmətləri razılaşdırılmış qaydada və şərtlərlə yerinə yetirməyi, "sifarişçi" isə həmin xidmətlər qarşılığından razılaşdırılmış xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan, iddiaçı tərəfindən təqdim edilən 1 nömrəli "Əlavə"dən görünür ki, iddiaçı aşağıdakı universitetlərə cavabdehin müraciət etməsinə razılıq vermişdir:

1. Koreya Universiteti 2 ixtisas üzrə;

2. Sogang Universiteti 1 ixtisas üzrə;

3. Seul Universiteti 1 ixtisas üzrə;

4. Ulsan Universiteti 1 ixtisas üzrə;

5. Pyeongtaek Universiteti 1 ixtisas üzrə. Qeyd olunan sənəd iddiaçı tərəfindən imzalanmış, "xxxx" MMC tərəfindən isə imzalanmamışdır. İşdə olan, cavabdeh tərəfindən təqdim edilən müqaviləyə 1 nömrəli "Əlavə"dən görünür ki, iddiaçı aşağıdakı universitetlərə cavabdehdən müraciət etməsinə razılıq vermişdir:

1. Sogang Universiteti 1 ixtisas üzrə;

2. Ajou Universiteti 1 ixtisas üzrə. Qeyd olunan sənəd cavabdeh "xxxx" MMC-nin direktoru Aisa Aslanova tərəfindən imzalanmış və möhürlənmiş, iddiaçı tərəfindən isə imzalanmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli GDĞ/1 seriyalı 351708 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə 1800 manat təhsil üzrə xidmət haqqı ödənilmişdir. İşdə olan iddiaçının cavabdehə ünvanlandığı xx.xx.2023-cü il tarixli "Pretenziya" məktubundan görünür ki, iddiaçı dəymiş mənəvi ziyanın ödənilməsi məsələsinin müzakirəsi üçün danışıqlara hazır olduğunu, 1800 manat məbləğində müqavilə üzrə ödənilmiş xidmət haqqının qaytarılmasını qəbul etdiyini bildirmiş və sənədlərin hazırlanmasına çəkilmiş 2000 manat məbləğində xərclərin ödənilməsini cavabdehdən tələb etmişdir. İşdə olan, iddiaçı ilə Ajou Universiteti arasında elektron poçt vasitəsi ilə aparılmış yazışmaların "V.İ.P" tərcümə mərkəzi tərəfindən edilmiş tərcüməsindən görünür ki, xx.xx.2023-cü ildə qeyd olunan universitetdən iddiaçıya "İstədiyiniz kimi, ixtisasınıza yenidən baxa bilmədiyimiz üçün ərizəni ləğv etdik. Bunun üçün yenidən müraciət edin" məzmunlu cavab gəlmişdir. İşdə olan, iddiaçı ilə Sogang Universiteti arasında elektron poçt vasitəsi ilə aparılmış yazışmaların "V.İ.P" tərcümə mərkəzi tərəfindən edilmiş tərcüməsindən görünür ki, xx.xx.2023-cü ildə qeyd olunan universitetdən iddiaçıya "...dünənə qədər epoçtla heç bir nüsxə göndərmədiyiniz üçün ərizə ləğv ediləcək. Biz onun ərizə paketini qiymətləndirə bilmirik, çünki heç bir təhsil planı və sənədin yoxlanılması prosesi üçün heç bir şey yoxdur. O heç bir sənədi olmadan müsahibə verə bilməz. Təəssüf ki, daha onun sənədlərini gözləyə bilmirik." məzmunlu cavab gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri: - 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. - 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. - 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. - 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, müqavilə öhdəliklərinin icrası ilə bağlı yaranmış mübahisənin həlli zamanı ilk növbədə müqavilənin etibarlı şəkildə bağlanmış olubolmaması, tərəflərin müqavilə üzrə öhdəliklərinin konkret nədən ibarət olması müəyyən edilməli, yalnız bundan sonra tərəflərin həmin öhdəlikləri icra edib-etməməsi araşdırılmalıdır. İşdən görünür ki, iddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixli 2556/22 nömrəli "Xidmət müqaviləsi" sifarişçi qismində İddiaçı və icraçı qismində cavabdeh "xxxx" MMC tərəfindən sadə yazılı formada bağlanmışdır. Bu növ müqavilələr üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən forma təyin olunmasa da, tərəflər müqaviləni sadə yazılı formada bağlamaq barəsində şərtləşmişlər. Ona görə də Mülki Məcəllənin 406.2-ci maddəsinin tələbinə uyğun olaraq, həmin müqavilənin bağlanmış sayılması üçün tələb olunan şərtlərdən biri onun sadə yazılı formaya salınmış olmasından ibarətdir. Eyni zamanda, həmin Məcəllənin 405.1-ci maddəsinə görə, müqavilənin bağlanmış sayılması üçün həm də tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində sadə yazılı formada razılığa gəlmələri tələb olunur. Mühüm şərtlər dedikdə, müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər başa düşülür. İddiaçı və cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli "Xidmət müqaviləsi"nin 1.1-ci bəndində müqavilənin predmeti kimi bu göstərilmişdir: "İcraçı" bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavəsində göstərilən "sifarişçi"nin sifariş etdiyi xidmətləri razılaşdırılmış qaydada və şərtlərlə yerinə yetirməyi, "sifarişçi" isə həmin xidmətlər qarşılığından razılaşdırılmış xidmət haqqını ödəməyi öhdələrinə götürürlər. Müqavilənin 2.1-ci bəndində deyilir ki, xidmətin göstərilməsi sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi yalnız "sifarişçi" tərəfindən verilir. Müqavilənin 2.2-ci bəndində deyilir ki, "icraçı" "sifarişçi"nin sifariş verdiyi xidmətlərini həyata keçirir (işi icra edir). Bundan başqa, müqavilənin 3.1-ci bəndində "sifarişçi"nin aşağıdakı vəzifələri göstərilmişdir: 3.1.1. Sifarişin yerinə yetirilməsi ilə əlaqədar tələb olunan məlumat və sənədləri vaxtında və tam şəkildə İcraçıya təqdim etmək; 3.1.2. İşi icrasından sonra təhvil almaq; 3.1.3. Göstərilmiş xidmətin dəyərini tam ödəmək; 3.1.3. Müraciət olunacaq universitetlərin müraciət haqqını ödəmək; 3.1.4. Xidmətin göstərilməsi ilə bağlı ortaya çıxan əlavə zəruri xərcləri öz hesabına ödəmək; 3.1.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələr. Müqavilənin 3.2-ci bəndində isə "icraçı"nın aşağıdakı vəzifələri göstərilmişdir: 3.2.1. Müqavilədə nəzərdə tutulan qaydada "sifarişçi"nin müəyyən etdiyi xidmətləri peşəkar, dürüst və vicdanlı şəkildə həyata keçirmək, 1 saylı Əlavədə qeyd olunan proqramların tələblərinə uyğun olaraq düzgün şəkildə və vaxtında müraciət etmək; 3.2.2. Xidmətin göstərilməsi ilə əlaqədar Sifarişçinin təqdim etdiyin şəxsi və işgüzar məlumatların məxfiliyini təmin etmək; 3.2.3. Xidmətin göstərilməsinə dair "Sifarişçi"nin müraciəti əsasında ətraflı məlumat vermək; 3.2.4. "İcraçı" tərəfindən müraciət olunmuş 1 saylı Əlavədə qeyd olunan universitet proqramlarından heç birindən qəbul almadığı təqdirdə ümumi paketin dəyərinin 20 %-i "sifarişçi"yə qeri qaytarılır. 3.2.5. "İcraçı" 3.2.1 bəndinə uyğun öhdəliyi yerinə yetirdiyi halda təqaüd verən orqanın qərarı ilə bağlı heç bir məsuliyyət daşımır. Müqavilənin sadalanan bəndlərindən göründüyü kimi, tərəflər müqavilənin predmeti kimi həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə göstərilən xidmətləri müəyyən etmişlər. Lakin buna baxmayaraq, həm "icraçı", həm də "sifarişçi" tərəfindən imzalanmış vahid bir "Əlavə" mövcud deyil. Məhkəməyə iddiaçının təqdim etdiyi "Əlavə № 1" adlanan sənəd yalnız İddiaçı tərəfindən, cavabdehin təqdim etdiyi digər oxşar bir sənəd isə yalnız cavabdeh "xxxx" MMC-nin direktoru Aisa Aslanova tərəfindən imzalanmışdır. Hər iki sənəddə İddiaçı və cavabdeh "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən iddiaçının adından cavabdehin Əlavədə adları qeyd olunan universitetlərə müraciət etməsinə razılıq verdiyi və bunun üçün hər proqrama uyğun olaraq qarşısında qeyd olunan cavabdehin xidmət haqqının iddiaçı tərəfindən cavabdehə nəqd və ya bank yolu ilə ödəniləcəyi göstərilmişdir. Hər iki sənəddə "Universitetin adı" və "İxtisas" adlanan iki sütundan ibarət cədvəl əks olunmuşdur. Lakin iddiaçının təqdim etdiyi sənəddə 06 universitetin və 06 ixtisasın, cavabdehin təqdim etdiyi sənəddə isə 02 universitetin və 02 ixtisasın adları yazılmışdır. Məhkəmə qeyd edir ki, həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmış vahid "Əlavə" mövcud olmasa da, eyni universitetin eyni ixtisası yuxarıda şərh edilən hər iki sənəddə göstərilmiş olsaydı, həmin universitetin həmin ixtisasını müqavilənin predmeti kimi qəbul etmək olardı. Lakin müəyyən olundu ki, Sogang Universitetinin adı hər iki sənəddə göstərilsə də, universitetin qarşısında "İxtisas" sütununda birinci sənəddə "English education", ikincidə isə bundan fərqli olaraq "English language and literature field" adlanan başqa bir ixtisas göstərilmişdir. Beləliklə, məhkəməyə təqdim olunmuş iki ayrı-ayrı "Əlavə"də üst-üstə düşən ixtisas yoxdur. Belə olan halda, tərəflərin müqavilə bağlayarkən hansı universitetin hansı ixtisası ilə bağlı razılığa gəldiklərini müəyyən etmək mümkün deyil. Bundan başqa, müqavilədə və təqdim olunmuş "Əlavə"lərdə iddiaçının sifarişi əsasında cavabdehin universitetlərə qəbul üçün müraciətlər göndərməsi öhdəliyi ümumi şəkildə nəzərdə tutulsa da, bu müraciətlərin hansı vaxt ərzində, hansı qaydada edilməli olduğunu, ən əsası isə müraciət göndərməklə hansı nəticənin əldə edilməli olmasını və sair bu kimi detalları müəyyən etmək mümkün deyil. Hər iki tərəf cavabdehin bəzi universitetlərlə yazışdığını bildirsə də, tərəflərin əvvəlcədən məhz bu yazışmalarla mı bağlı razılaşıb-razılaşmadıqları aydın olmur. Məhz bu səbəbdən, yəni müqavilə öhdəlikləri əvvəlcədən dəqiq təyin edilmədiyinə görə hazırda cavabdeh universitetlərlə apardığı yazışmaları öhdəliyinin tam icrası kimi təqdim edir, iddiaçı isə bunları yetərli hesab etmir. Tərəflərin müqavilənin bağlanmasından sonrakı yazışmaları və məhkəmə iclasları zamanı onların verdikləri izahatlarla da məhkəmədə cavabdehin üzərinə götürdüyü öhdəliklərin dəqiq dairəsini müəyyən etmək mümkün olmadı. Göründüyü kimi, tərəflər bağladıqları xidmət müqaviləsində müqavilənin predmetini göstərməmiş, iddiaçının sifariş etdiyi xidmətləri müqavilənin ayrılmaz tərkib hissəsi elan etdikləri "Əlavə"də göstərməyi razılaşsalar da, belə bir sənəd tərtib etməmişlər. Bu isə Mülki Məcəllənin 405.1-ci maddəsinə ziddir və belə olan halda, müqavilə bağlanmış sayıla bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh bağlanmamış müqaviləyə əsaslanaraq iddiaçıdan 1800 manat xidmət haqqı almaqda haqlı olmamışdır. Bu səbəbdən cavabdeh həmin məbləği iddiaçıya qaytarmalıdır. İddiaçının tələb etdiyi 2200 manat məbləğində sənədlərin hazırlanmasına çəkilmiş xərclərin ödənilməsi tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli "Xidmət müqaviləsi" yuxarıda göstərilən əsaslara görə bağlanmış sayılmadığına görə iddiaçı həmin müqavilə üzrə xərc çəkməyə başlamamalı idi, bu səbəbdən də iddiaçı hər hansı xərc çəkməsini cavabdehin həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi ilə əsaslandırmaqda haqlı deyil. Bundan başqa, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən, "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan normaların birgə təhlilindən görünür ki, İddiaçı cavabdehdən 2000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə tələbini əsaslandırmaq üçün fıziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliyi ilə vurulmuş mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Lakin o, məhkəməyə belə bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, hazırkı iddia tələbi 1800 manat məbləğində müqavilə üzrə ödənilmiş xidmət haqqının qaytarılması hissəsində təmin edilməli, 2200 manat məbləğində sənədlərin hazırlanmasına çəkilmiş xərclərin və 2000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü ildə ********** nömrəli qəbzlə 81 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cəmi 6000 manat məbləğində iddianın 1800 manat hissəsi (30 faizi) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 30 faizi, yəni 24,30 manatı cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 56,70 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticə hissəsi:

Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 1800 manat məbləğində müqavilə üzrə ödənilmiş xidmət haqqı və 24,30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia 2200 manat məbləğində sənədlərin hazırlanmasına çəkilmiş xərclər və 2000 manat məbləğində mənəvi ziyana aid hissədə təmin edilməsin. Məhkəmə xərclərini təşkil edən 81 manat dövlət rüsumunun qalan 56,70 manat hissəsi İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir.

Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar