Məhkəmə qərarları › İş №2(008)-944/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-944/2023

17.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-944/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. 2018-ci ildə qızı X1 Mehrac Rəşid oğlu ilə tanış olmuş və 2018-ci ilin yay aylarında qeyri-rəsmi ailə quraraq kirayə evlər tutaraq ailə kimi bir yerdə yaşamışlar. Onlar bir ilə kimi birgə yaşasalar da sonradan aralarında mübahisələr olmuş və bu səbəbdən də qızı Vüsalə Mehracdan ayrılaraq evinə qayıdıb gəlmişdir. 2019-cu ilin yay ayından sonra Mehrac qızı Vüsalə ilə yenidən bir ailə kimi bir yerdə olmaq üçün aralarında söhbətlər və mübahisələr olmuşdur. Qızı Vüsalə hər dəfə Mehraca bildirmişdir ki, bundan sonra bir ailə kimi bir yerdə ola bilməzlər. Lakin Mehrac hər dəfə qızı Vüsaləni narahat etmiş onu nalayiq sözlərlə təhqir etmişdir. Mehrac qızı Vüsalə ilə barışmağa cəht etsə də bunun alınmadığını görüb bunların da səbəbkarı o olmasını düşünərək 2021-ci ilin mart ayında onun evinə daxil olaraq əlində olan iti küt alətlə ona zərbələr vurmağa başlamışdır. O, aldığı xəsarətlərdən müalicə olunmuşdur. Bu barədə polisə ərizə ilə də müraciət etmişdir. 2021ci ilin may ayında onlar evdə olmadıqlarından istifadə edən Cavabdeh evinin qapısını sındıraraq evə daxil olmuş, evdə olan əşyaları sındırmış ona ziyan vurmuşdur. Mehracın bu hərəkətlərindən ona polisə şikayət ərizəsi ilə müraciət etmişdir. 2021-ci ilin iyun ayında Cavabdeh qızı Vüsalənin istifadəsində olan SAMSUNG-A51 telefonu əlindən alaraq sındırmışdır. O, bu barədə də polisə əizə ilə müraciət etmişdir. 2021-ci ilin iyun ayının 8-də Cavabdeh onların evdə olmamaqlarından istifadə edərək yaşadığı evin qapısını sındıraraq evə daxil olmuş, evdə olan əşyaları sındırmış, evin giriş qapılarını yandırmış, yanğın zamanı elektirik şiti və elektirik rubinnikləridə yanmışdır. O, bu barədə də polisə ərizə ilə müraciət etmişdir. Hal-hazırda Cavabdeh barəsində cavabdehin ona xəsarət yetirməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış cinayət işi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin icraatındadır. Cavabdeh məhkəmə proseslərinə gəlmədiyindən hakim onun həbsli axtarışı barədə qərar qəbul etmişdir. Cavabdeh ona məxsus olan əşyalarını dəyəri miqdarında pulu qaytarmaqdan imtina edir. Cavabdeh ona aşağıda adlarını sadaladığı əşyaları sındırmaqla və yandırmaqla ziyan vurmuşdur: «LG Televizor» - 82 dioqanal - 1 ədəd - 200 manat; ev telefonu - 1 ədəd - 30 manat; plasmas stullar - 6 ədəd - 90 manat; plastik qapı - 3 dənə - 500 manat; tok şiti, kabeller, rubinniklər - 250 manat; telefon modern aparatı- 1 ədəd - 35 manat; SAMSUNG-A51 mobil telefonu - 1 ədəd - 1000 manat; bagema güldan - 4 ədəd - 400 manat; meyvə qabı (lotka) cexiya istehsalı - 1 ədəd - 50 manat; çilçıraq - 1 ədəd - 100 manat; şifonerin güzgüsü 1 ədəd - 50 manat; mətbəxt bufetinin şüşələri - 2 ədəd - 50 manat; pəncərənin şüşələri - 60 manat; uşaq paltar şkafı 1 ədəd - 40 manat, cəmi 2855 (iki min səkkiz yüz əlli beş) manat. Göstərilənlərə əsasən Cavabdeh ona vurduğu 2855 (iki min səkkiz yüz əlli beş) manat ziyanın, ödənilmiş 50 manat dövlət rüsumunun və məhkəməyə gəlib getmək üçün yol xərcləri 50 manat, cəmi 2955 (iki min doqquz yüz əlli beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-944/2023 nömrəli 17 fevral 2023-cü il tarixli qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, İddiaçı Cabrayıl qızı onun nənəsidir. Cavabdeh onun anası ilə qeyri-rəsmi nikahda olaraq yaşamışlar, cavabdeh dəfələrlə yaşadıqları evə gələrək səs-küy salmış, evdəki əşyaları sındırmışdır. Cavabdeh sonuncu dəfə yenə onlara gələndə o evdə tək olmuş, onun telefonunu alıb sındırmış, söyüşlər söymüş, evin qapısını, evdəki əşyaları sındırıb çıxıb getmişdir. Onu öldürməklə hədələyərək ora gəldiyini kiməsə söyləməməsini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-575/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçıya məxsus iddia ərizəsində göstərilən əmlaklar yararsız vəziyyətə salınmaqla, sonuncuya maddi ziyan vurulmuşdur. Cavabdeh iddiaçıya vurduğu maddi ziyanı ödəməkdən boyun qaçırdığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçının əmlaklarına maddi ziyan vurduğundan, həmin əmlakların dəyərini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2855 manat maddi ziyan, 50 manat dövlət rüsumu, 50 manat nəqliyyat xərci olmaqla, cəmi 2955 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238, 241, 242, 244, 252-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2855 manat maddi ziyan, 50 manat dövlət rüsumu, 50 manat nəqliyyat xərci olmaqla, cəmi 2955 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar