Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-953/2025 14.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borca aldığı 3000 (üç min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayonundan olan məcburi köçkün kimi 1993-cü ildən etibarən ailə üzvləri ilə birlikdə Tərtər rayonunun Şıxarx kəndində məskunlaşıb yaşayır. Cavabdeh bir neçə ildir ki, tanıyır, onunla otaq dostu vasitəsi ilə tanış olmuş, aralarında yaxşı münasibət olmuş, bir-birinə hörmət və ehtiram ilə, həm də qarşılıqlı inam və etibarla yanaşmışdır. 2022-ci ildə Cavabdeh Tərtər rayonu ərazisində dislokasiya olunmuş N N°-li hərbi hissədə baş leytenant rütbəsində zabit kimi hərbi xidmət edirdi. O, 2022-ci ilin iyun ayında ona bildirdi ki, həyat yoldaşı ağır xəstədir, onu Bakı şəhərinə müalicəyə aparacaq, ancaq maddi imkanı yoxdur və ondan xahiş etdi ki, ona 3000 (üç min) manat borc pul versin, həmin borcunu 3 ay müddətində tam olaraq qaytarıb verəcəkdir. Aralarında olan münasibətə, inam və etibara, əsasən də pulun ona həyat yoldaşının ağır xəstəliyi ilə əlaqədar vacib lazım olduğunu bildirdiyinə görə bir insan kimi halına acımışdır və xx.xx.2022-ci il tarixdə Cavabdeh 3000 (üç min) manat pulu borc olaraq, həm də 3 ay ərzində tam qaytarmaq şərti ilə verdi. Həmin vaxt Cavabdeh öz istəyi və öz xətti ilə yazaraq ona aşağıdakı məzmunda yazılı qəbz verdi: “ QƏBZ: “Yazaraq bildirirəm ki, mən Cavabdeh ehtiyacım olduğuna görə yaxın münasibətim olan İddiaçı 3000 (üç min) manat borc pul götürdüm. Həmin pulu 3 ay müddətinə tam qaytaracam. Qəbzi özüm yazdım heç bir təziq olmadan. Doğruluğunu öz imzamla təsdiq edirəm. İmza (imza var) Cavabdeh A. xx.xx.2022” 3000 manat pulu Cavabdeh borc olaraq 3 ay müddətində qaytarması şərti ilə verməyinə baxmayaraq ilk dəfə təxminən 5-6 aydan sonra ondan pulunu qaytarmasını istədi. Çünki, fikirləşdi ki, yəqin həyat yoldaşının xəstəliyi ilə əlaqədar maddi vəziyyəti yaxşı deyil, odur ki, əlavə 2-3 ay da gözləmişdir. Cavabdeh isə bildirdi ki, 1 aya kimi pulunu tam olaraq qaytarıb verəcək. Sonrakı aylarda da ondan dəfələrlə pulunu qaytarmasını istəmişdir. Cavabdeh isə hər dəfə müxtəlif bəhanələrlə ona bildirirdi ki, 10 günə kimi qaytaracaq, gah da deyirdi 20 günə kimi qaytaracaq. Ancaq hər dəfə verdiyi bu vədlər yalan olurdu. Son aylarda isə telefon zənglərinə ümumiyyətlə cavab vermirdi. Onu axtarıb tapmaq cəhdləri isə boşa çıxırdı. Eşitdiyinə görə Laçın rayonu ərazisində yerləşən N N°li hərbi hissədə hərbi xidmətini kapitan rütbəsində davam etdirirdi. Daha sonra isə öyrəndi ki, hərbi xidmətdən ehtiyata buraxılıb, lakin yaşadığı ünvanı bilən yoxdur. 1 ilə yaxındır ki, Cavabdeh onun telefon zənglərinə də cavab vermir, mobil telefon nömrəsini bloka salıb. Artıq tam əmin olmuşdur ki, Cavabdeh ona olan 3000 manat borcunu qaytarmaqdan qəsdən yayınır, ona olan borcunu könüllü olaraq qaytarmaq fikri yoxdur. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyini əsaslı, həm də qanuni hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən iclasda iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, qəbzdə olan əlyazmanın və imzanın ona məxsus olmadığını, iddiaçıdan cəmi 800 manat aldığını onun 350 manat olan hissəsini qaytarmış olduğunu, cəmi 450 manat borcu qaldığını bildirmişdir. Məhkəmə tərəfindən sözügedən əlyazmada olan yazının cavabdehə məxsus olubolmamasını müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmiş, lakin Cavabdeh əsəbi olduğunu, buna görə 8-10 vərəq yazı yazmağa səbri çatmadığını, 2-3 vərəq yazdığını bildirmişdir (26.11.205-ci il tarixdə keçirilən məhkəmə iclası). Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, X1 ehtiyacı olduğuna görə yaxın münasibəti olan İddiaçıdən 3000 (üç min) borc pul götürmüşdür. Həmin pulu 3 ay müddətinə tam qaytaracaqdır. Azərbaycan Respublikası Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli,3-16- 16/2-4/1396/2025 nömrəli ekspert məlumatından görünür ki, ekspermental xətt və imza nümunələrinin təqdim edilməməsi səbəbindən qərardad icrasız saxlanılmışdır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindəın məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 3000 manat məbləğində borc pul götürmüş, 3 ay müddətində qaytaracağını bildirmişdir. Cavabdeh isə qəbzdə ola əlyazmanın və imzanın ona məxsus olmadığını bildirmişdir. İddiaçıdan cəmi 800 manat borc məbləğini aldığını lakin ödədiyini, cəmi 450 manat borcu qaldığını bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-953/2025 nömrəli, xx.xx.2025ci il tarixdə məhkəmə xətşünaslıq ekpertizası keçirilməsi üçün qərardad çıxarılsa da, cavabdeh tərəfindən xətt nümunələrini verilməsindən imtina edilmişdir. Bu səbəbdən də məhkəmə xətşünaslıq ekspertizası barədə qərardad icrasız geri qayıtmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3000 manat məbləğində borc vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində borc vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə 50 (əlli) manat ödənilməli olan dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-953/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-953/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver