Məhkəmə qərarları › İş №2(008)-975/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-975/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-975/2024 06.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 2193,08 (iki min yüz doxsan üç manat 8 qəpik) manat, faiz borcu üzrə 20,72 (iyirmi manat 72 qəpik) manat olmaqla, cəmi 2213,80 (iki min iki yüz on üç manat 80 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 42.20 (qırx iki manat 20 qəpik) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-nə keçmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-915 saylı 08 dekabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-nə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən (və ya İH qərarına) Cavabdeh1 ilə İddiaçı QSC arasında 22 dekabr 2021-ci il tarixli 01 №-li “Güzəşətli Kredit” Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 1.0 % olmaqla 36 ay müddətinə 2900.00 (iki min doqquz yüz manat 00 qəpik) manat məbləğində qalıq kredit borcu restrukturizasiya edilmişdir. Həmin Müqavilənin 2.2-ci yarımbəndinə əsasən qalıq 2900.00 (iki min doqquz yüz manat 00 qəpik) manat əsas borcun və ona hesablanmış faizləri qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 22 dekabr 2021-ci il tarixli 01 №-li zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh2 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh1 banka hazırda olan borcu əsas borc üzrə 2193,08 (iki min yüz doxsan üç manat 8 qəpik) manat, faiz borcu üzrə 20,72 (iyirmi manat 72 qəpik) manat olmaqla, cəmi 2213,80 (iki min iki yüz on üç manat 80 qəpik) manat məbləğində təşkil edir. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 hüquqi varisi Cavabdeh2 ilə əvəz edilməsi, cavabdehin hüquqi varisi və zamini Cavabdeh2 ümumilikdə 2213.80 manat məbləğində kredit borcunun və 42.20 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, krediti həyat yoldaşı Cavabdeh1 götürmüş, o isə kredit müqaviləsi üzrə zamin olmuşdur. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hazırda maddi vəziyyəti kredit müqaviləsi üzrə borcu ödəməyə imkan vermir. Qeyd olunanlara əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh2 "xxxx" MMC-də xadimə vəzifəsində işləyir və aylıq əmək haqqı 360 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 42.20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə iddiaçıya 2193.08 manat əsas borc, 20.72 manat faiz borcu olmaqla, cəmi 2213.80 manat borcu vardır. - İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı (kreditor) ilə Cavabdeh1 (borclu) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış toksik aktivlər üzrə fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsinin 2.1-ci bəndindən görünür ki, tərəflər borclunun "xxxx" ASC ilə bağlanmış 21 noyabr 2014-cü il tarixli 2-xx.xx.2014-SM26 saylı kredit müqaviləsinə əsasən aldığı və "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-dən kreditora ötürülmüş kredit borcu üzrə ödənilməmiş qalan vaxtı keçmiş 3349.75 manat əsas, 412.52 manat faiz, cəmi 3762.27 manat borcun olmasını təsdiq edirlər. Kreditor borclunun bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 2900 manat vaxtı keçmiş əsas kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 3 il müddətinədək uzadılmasını, bununla əlaqədar sözügedən kredit üzrə bundan əvvəl borcluya hesablanmış və ödənilməmiş 412.52 manat faiz borcunun onun şəxsi hesabındakı uçotdan çıxarılmasını təmin edir, borclu isə müvafiq qaydada borca görə təminat təqdim etməklə 2900 manat əsas borcunu və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini öz öhdəsinə götürür. - İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı (kreditor) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinin 1.1-ci bəndindən görünür ki, kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1 saylı fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi əsasında borclunun kredit təşkilatına ödənilməli olan 2900 manat borcu ilə əlaqədar olaraq borclunun kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borclu ilə birlikdə kredit təşkilatı qarşısında həmin borcların ödənilməsinə məsuliyyət daşımağı öz öhdəsinə götürür. - ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 hər ayın 22-dən gec olmayaraq 36 ay müddətinə 81.80 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - “X4 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 644 nömrəli xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, 10 gün müddətində ödəniş cədvəli üzrə ödənişlər həyata keçirilməyəcəyi təqdirdə, İddiaçı QSC tərəfindən borc tələbinin məhkəmə qaydasında tələb olunması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - “X4 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 1958 nömrəli xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, 10 gün müddətində ödəniş cədvəli üzrə ödənişlər həyata keçirilməyəcəyi təqdirdə, İddiaçı QSC tərəfindən borc tələbinin məhkəmə qaydasında tələb olunması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - AZ-İİ seriyalı 305050 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-nə keçmişdir. - 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisində başlanmış və qurtarmış xx.xx.2023-cü il tarixli 3M-385 reyestr nömrəli notariat işindəki: xx.xx.2023-cü il tarixli 2V-480 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsəsi arvadı Cavabdeh2dır və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 84.6 kv.m olan mənzildən ibarətdir. xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X3, X5 və X2 miras qoyan Cavabdeh1 qalmış miras payını Cavabdeh2 bağışlamışlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında kredit alaraq həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Nəticədə onun xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 2193.08 manat, faiz borcu 20.72 manat təşkil etmişdir. Eyni zamanda, iddiaçı ilə Cavabdeh2 qızı arasında kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ölmüş və sonuncudan qalmış miras əmlaka dair Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 hüquqi varisi Cavabdeh2 ilə əvəz edilməsini və sonuncudan iddiaçının xeyrinə cəmi 2213.80 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdeh-miras qoyan Cavabdeh1 kreditoru olan iddiaçı qarşısında onun vərəsəsi-Cavabdeh2 məsuliyyət daşıdığından, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini vərəsədən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 2193.08 manat əsas borc, 20.72 manat faiz borcu olmaqla, cəmi 2213.80 (iki min iki yüz on üç manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 2193.08 manat əsas borc, 20.72 manat faiz borcu olmaqla, cəmi 2213.80 (iki min iki yüz on üç manat səksən qəpik) manat məbləğində pul vəsaiti və 42.20 (qırx iki manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 2193.08 manat əsas borc, 20.72 manat faiz borcu olmaqla, cəmi 2213.80 (iki min iki yüz on üç manat səksən qəpik) manat məbləğində pul vəsaiti və 42.20 (qırx iki manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar