Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-980/2023 03.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, "xxxx" Mənzil-Tikinti Kooperativinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, təmir xərcinin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı Cavabdeh qarşı, "xxxx" Mənzil-Tikinti Kooperativinin (bundan sonra "xxxx" MTK) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, təmir xərcinin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MTKnın tikilməkdə olan binasında 1-ci giriş, 10-cu mərtəbə, ümumi sahəsi 138 kv.m olan 3 otaqdan ibarət 71 nömrəli mənzilə dair cavabdehlə bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 85.000 manat pulun geri qaytarılması, mənzilin təmirinə çəkilən 15.000 manat pulun, 320 manat vəkilə çəkilmiş xərcin və 387 manat dövlət rüsumunun alınıb xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixində "xxxx" MTK tərəfindən xx.xx.2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh ünvan 1ndə yerləşən "xxxx" MTK-nın tikilməkdə olan binasında 1-ci giriş, 10-cu mərtəbə, ümumi sahəsi 138 kv.metr olan 3 otaqdan ibarət olan 71 nömrəli mənzilini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 85.000 manata ona satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Satılacaq mənzil "xxxx" MTK tərəfindən xx.xx.2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən satıcı Cavabdeh ayrılmışdır. Satıcı satılacaq mənzili 85.000 manata qiymətləndirir və gələcəkdə mənzili həmin qiymətə “alıcı” ilə alqı-satqı müqaviləsi bağlayaraq satmağı öhdəsinə götürür. Alıcı satış məbləğinin 83.000 manatını notariusun depozit hesabı vasitəsi ilə satıcıya ödəyir, satıcı isə həmin məbləği alır, qalan 2000 manat məbləği isə xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürür. Həmin mənzil təmirsiz olduğundan, o, xx.xx.2022-ci il tarixində mənzili təmir etdirmək qərarına gəlmiş və buna görə də ustalarla təmir xərclərini müəyyən edərək, təmir işlərinə başlamışdır. Təxminən xx.xx.2022-ci il tarixdə tanımadığı bir şəxs təmir işləri aparılan mənzilin ona məxsus olduğunu iddia edərək, mənzildə təmir işlərinin dayandırılmasını tələb etmişdir. Həmin şəxsin tələbinin əsaslı olub-olmamasını araşdırarkən tanımadığı şəxsdə mövcud olan sənədlərə əsasən müəyyən edilmişdir ki, mənzilə dair "xxxx" MTK ilə həmin şəxs arasında 2007-ci il tarixə müqavilə tərtib olunmuş və imzalanmışdır. Dərhal cavabdehlə məsələnin həlli üçün telefonla əlaqə saxlamış, o isə "xxxx" MTK-nın həmin mənzili xx.xx.2011-ci il tarixində 69.000 manata ona satdığını və yalnız ona məxsus olduğunu bildirmişdir. Lakin daha sonra ona məlum olmayan səbəblərdən cavabdeh telefon zənglərinə cavab verməmiş və məsələnin aydınlaşdırılmasından yayınmışdır. Bu zaman anlamışdır ki, cavabdeh onun etibarından sui-istifadə etmiş, aldatmış və pulunu ələ keçirmişdir. Göründüyü kimi, cavabdeh mülkiyyət hüquqlarını pozmuş, cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində zərərə düşmüşdür. Həmin mənzilin təmirinə 15.000 manat dəyərində pul xərcləmişdir. İddiaçı nümayəndə və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh bu cür dələduzluq hərəkətləri ilə başqa şəxslərə də ziyan vurmuş, ona görə də hazırda həbsdədir. O, qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə tərəfindən məcmu halında tədqiq edilmiş: - İddiaçı və Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış və Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər xx.xx.2042-ci il tarixədək "xxxx" MTK tərəfindən xx.xx.2011-ci il tarixdə bağlanılmış müqaviləyə əsasən satıcı Cavabdeh ünvan 1ndə yerləşmiş tikilməkdə olan binasında 1-ci giriş, 10-cu mərtəbə, ümumi sahəsi 138 kv.m olan 3 otaqdan ibarət 71 nömrəli mənzil özəlləşdirildikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 85.000 manata İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanılmasına dair razılığa gəlmişlər. - Həmin müqavilədən aydın olur ki, mənzilin dəyəri kimi müəyyən edilmiş 85.000 manat pul vəsaitinin 83.000 manat hissəsini İddiaçı notariusun depozit hesabı vasitəsilə Cavabdeh ödəmiş, qalan 2.000 manat hissəsini isə xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MTK və Cavabdeh arasında bağlanılmış xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən, satıcı qismində MTK ünvan 1ndə yerləşmiş tikilməkdə olan binasında 1-ci giriş, 10-cu mərtəbə, ümumi sahəsi 138 kv.m olan 3 otaqdan ibarət 71 nömrəli mənzili sonuncuya verməyi, o isə mənzilin dəyəri kimi 69.000 manat pulun 30 % hissəsindən az olmayan məbləğdə ilkin ödıniş etməyi, qalan pulu isə ümumi qiymətə 10% hesablanmaqla hər ayın 20-30 tarixlərində ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli maliyyə arayışından məlum olur ki, sözügedən mənzilin dəyəri qismində razılaşdırılmış 69.000 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən ödənilmişdir. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1872 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, "xxxx" MTK-nın tikilməkdə olan binasında 1-ci giriş, 10-cu mərtəbədə yerləşən tikililərin divarlarının bir hissəsinin “Ağdağ” materialı ilə üzlənmiş, tavanları alçipan materialı ilə asma tavan şəklində yığılaraq şpatlyovka materialı ilə üzlənmiş, mənzilin bir hissəsinə su sisteminə aid plastik boru vasitəsilə xətlərin çəkildiyi və elektrik xəttinin çəkildiyi müəyyən edilmişdir. Sözügedən ünvanda 10-cu mərtəbədə yerləşən mənzildə aparılan təmir-bərpa işlərinin dəyərinin 2022-ci il və mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2.242 manat məbləğində olduğu müəyyən edilmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MTK-nın ünvan 1ndə tikilməkdə olan binanın 1-ci giriş, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 138 kv.m olan 3 otaqdan ibarət 71 nömrəli mənzilini Cavabdeh xx.xx.2011-ci il tarixdə "xxxx" MTK ilə bağladığı müqaviləyə əsasən 69.000 manata almış, sonradan isə həmin mənzilin dəyərinin 85.000 manat olması barədə İddiaçı ilə razılığa gəlmiş, bu barədə onlar arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilədən görünür ki, mənzilin dəyərinin 83.000 manat hissəsini İddiaçı Cavabdeh ödəmişdir. Lakin həmin mənzilin iddiaçının faktiki sahibliyi və istifadəsinə verilməsi mümkün olmamış, bununla da, İddiaçı müqavilə üzrə öz öhdəliyini icra etsə də, Cavabdeh həmin əmlakı üçüncü şəxslərin hüquqlarından azad şəkildə alıcıya təhvil verə bilməmişdir. Hazırda iddiaçı aldadıldığına istinad edərək mənzilə dair ödəniş etməsinə baxmayaraq, ona faktiki sahiblik və istifadə edə bilmədiyini bildirir, buna görə də, cavabdehlə bağladığı ilkin müqavilənin etibarsız hesab edilərək, mənzilin alışı üçün ödədiyi məbləğin geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-339.3-cü maddələrinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 402.1-402.6-cı maddələrinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Qanunvericiliyin tələbindən göründüyü kimi, ilkin müqavilə bağlanıldıqdan 1 il sonra əsas müqavilə bağlanılmalıdır, əks halda, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Lakin hazırkı iş materiallarından görünür ki, alıcı mənzilin razılaşdırılmış 85.000 manat dəyərinin 83.000 manat hissəsini ödəməklə, müqavilə üzrə öhdəliyini icra etmişdir, satıcı isə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, habelə mənzilin faktiki vəziyyəti, aşkar ediləcəyi halda, əqdin bağlamayacağı hallar barəsində susmaqla, alıcı İddiaçı aldatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Hazırkı iş üzrə iddiaçının yuxarıda göstərilən kəsici müddəti ötürmədiyi aşkardır və əqdin etibarsız sayılmasına əsas verən hal ona məlum olduğu gündən 1 il ərzində əqdi mübahisələndirmək hüququndan istifadə etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia əqdin etibarsız hesab edilməsi və 83.000 manat pulun geri qaytarılması hissəsində əsaslıdır, ona görə də təmin edilməlidir. Tələbin mənzilə çəkilmiş xərc qismində 15000 manat pulun qaytarılması hissəsi üzrə xüsusi bilik tələb olunduğundan, məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və onun əsasında məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/1872 nömrəli rəydən görünür ki, iddia predmeti olan mənzildə aparılan təmir-bərpa işlərinin 2022-ci il üzrə və mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2.242 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş ekspert rəyini digər sübutlarla yanaşı tədqiq edir və belə nəticəyə gəlir ki, onunla razılaşmamaq üçün əsas mövcud deyil. Odur ki, tələbi göstərilən hissədə qismən, yəni təmir və yenidərqurma işlərinə sərf edilmiş 2.242 manat pul vəsaitinin qaytarılması hissəsində əsaslı hesab edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, İddiaçı və Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş 83.000 manat və mənzilin təmirinə çəkilmiş 2.242 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 387 manat dövlət rüsumu ödənilmiş və 320 manat vəkil xərci çəkilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun 345,73 manat hissəsi və 320 manat hüquqi yardım göstərilməsi ilə əlaqədar çəkilmiş xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş materiallarından görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir və həmin xərc də cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, İddiaçı və Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh ödənilmiş 83.000 manat, mənzilin təmirinə çəkilmiş 2.242 manat, həmçinin 345,73 manat dövlət rüsumunun və 320 manat hüquqi xidmət haqqının əvəzi olmaqla, cəmi 85.907,73 (səksən beş min doqquz yüz yeddi manat, yetmiş üç qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh aid edilməklə ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-980/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-980/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver