Məhkəmə qərarları › İş №2(008)-989/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-989/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-989/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1 qızının, Cavabdeh Muradov Yusif Hüseyn oğlun iştirakları ilə, İddiaçı «xxxx» ASC-nin cavabdeh Muradov Yusif Hüseyn oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdeh Muradov Yusif Hüseyn oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 1346,29 manat əsas kredit borcunun, 30 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx» ASC-nin Binəqədi filialı ilə borclu Cavabdeh arasında bağlanmış 1633-115.11.2017-SM0104 nömrəli 15.11.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 29 faizlə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh 29.12.2018-ci il tarixdə vəfyat etmiş və ölüm faktı 4 saylı Bakı «ASAN Xidmət» mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən Muradov Yusif Hüseyn oğluna 04.09.2019-cu il tarixdə 2V-806 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etdi, uyğun şərtlərlə ödənilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). «xxxx» ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında 1633-115.11.2017-SM0104 nömrəli 15.11.2017-ci il tarixli kredit müqaviləsi bağlanmış, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib olunmuşdur. Həmin müqaviləyə əsasən Cavabdeh illik 29 % olmaqla 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 24.09.2020-cİ il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas borcu 1346,29 manat təşkil edir. Cavabdeh 29.12.2018-ci il tarixdə vəfat etmişdir (4 saylı Bakı «ASAN Xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 985685 №-li ölüm haqqında şəhadətnamənin surəti). 29.12.2018-ci il tarixdə vəfat etmiş Cavabdeh miras qalmış əmlakı 24.03.1987-ci il təvəllüdlü oğlu Muradov Yusif Hüseyn oğlu qəbul etmiş və ona 04.09.2019-cu il tarixdə 2V- 806 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir (4 saylı Bakı «ASAN Xidmət» mərkəzində notariat ofisi tərəfindən «xxxx» ASCyə ünanlanmış 08.082020-ci il tarixli 913 №-li məktub). Hazırda iddiaçı 29.12.2018-ci il tarixdə vəfat etmiş Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu onun vərəsəsi, hazırkı iş üzrə cavabdeh Muradov Yusif Hüseyn oğlundan tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2- ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1- ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusyia Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 471-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd edildiyi kimi 29.12.2018-ci il tarixdə vəfat etmiş Cavabdeh miras qalmış əmlakı oğlu-hazırkı iş üzrə cavabdeh Muradov Yusif Hüseyn oğlu qəbul etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı «xxxx» ASC tərəfindən mərhum Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tələb edilməsi yuxarıda qeyd olunan qanunun normalarına uyğundur. İş materiallarında olan 25.08.2020-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Göründyü kimi, kredit müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Muradov Yusif Hüseyn oğlundan «xxxx» ASC-nin xeyrinə 1346,29 manat əsas kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Muradov Yusif Hüseyn oğlundan «xxxx» ASC-nin xeyrinə 1346,29 manat əsas kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar