Məhkəmə qərarları › İş №2(008)-996/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-996/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-996/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 6600 manat və hər ay üçün ödəniləcək olan 1000 manat, 2023-cü ilin mart ayından bəri, ümumilikdə 16.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2023-cü ilin əvvələrində kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra cavabdeh ona icarəyə götürdüyü obyektləri göstərmiş və ondan oranı işlətmək üçün 7600 manat borc pul verməsini xahiş etmiş, hər ayın 18-də ona 1000 manat verəcəyini və ümumilikdə 3 il müddətində tam borcu ödəyəcəyinə dair söz vermişdir. O, cavabdehin səmimiliyinə inanaraq xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, N.Nərimanov rayonu, A.Neymətulla 75 ünvanda yerləşən binada nağd olaraq Samirə xanıma vermişdir. Artıq sonra iş baş tutmadıqda o, Samirə xanımdan pulu geri qaytarmasını istəmiş, sonuncu isə bu gün sabah qaytaracağını bildirmiş, lakin uzun müddət keçməsinə baxmayaraq borcu qaytarmamışdır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Həmin puldan 1000 manat ona ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2023-cü ilin yanvar ayında cavabdeh ona zəng etmişdir ki, yoqa zalı açmaq üçün pul lazımdı. Onun da Accessbanka 6000 manat borcu olduğu üçün bildirmişdir ki, bankdan 16000 pul alıb, 10000 manatı cavabdehə verə bilər. İddia ərizəsində ona görə faiz qeyd edilib, o, banka faiz ödəməli idi. Hər ay 1000 manat pul verməli olan cavabdeh ilk ayı vermiş, sonrakı ayları verməmişdir. Cavabdehə 7600 manat pul vermişdir. Cavabdeh 1000 manatını qaytarmış, 6600 manatı qalmışdır. O, gecikmələr olmasın deyə “birkart”dan pul çəkib ödəmiş, öz növbəsində üzərinə faizlər gəldiyinə görə 16000 manat tələb edir. Ona görə tələb edir ki, cavabdehə verdiyi borca görə banklardan kredit almış və onlara görə də faiz hesablanıb. Cavabdeh dəfələrlə söz versə də, borcu ödəməmişdir. Cavabdehə pul verməsi SMS-lərlə sübut olunur. Aralarında müqavilə yoxdur, rəsmiləşdirə bilməmişlər, müqavilə cavabdehin vəkili tərəfindən tərtib edilmiş, lakin tarixi səhv yazıldığı üçün notarius təsdiqləməkdən imtina etmişdir. Daha sonra ölkədə olmadığına görə müqaviləni imzalaya bilməmişlər. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan VATSAP proqramı ilə +**********36 mobil nömrəsi ilə aparılan yazışmanın çap şəklindən görünür ki, +**********36 mobil nömrə istifadəçisi “deyəcəkdiniz həqiqətən biznes qurmaq adıyla 7 mindən çox pul almışam 1 ildir vermirəm? Yoxsa rədd edəcəkdiniz? sualına əlbəttə yox, nə inkar?” cavabını yazmışdır. İddiaçı tələbini cavabdehə 7600 manat pul verməsi, sonuncunun 6600 manatını qaytarmaması, pulu banklardan kredit götürüb verməsi, kreditlərə görə görə 16000 manat faiz borcunun yaranması ilə əsaslandırmışdır. Yanaşı yoxlanılmış VATSAP proqramı ilə aparılan yazışmanın çap şəkli ilə iddiaçının cavabdehə 7600 manat pul verməsi halı təsdiq edilsə də, iddiaçı pulu cavabdehə banklardan kredit götürüb verməsi, eləcə də kreditlərə görə görə 16000 manat faiz borcunun yaranması, pulun faizlər ilə verilməsini şərtləşdirdikləri barədə hər hansı sübut təqdim etməmişdir. İş üzrə sübutlarla, tərəflərin pulu faizlər ilə verilməsini şərtləşdirdikləri, eləcə də iddiaçının pulu banklardan götürülmüş kreditin hesabına verməsi, kreditlərə görə görə 16000 manat faiz borcunun yaranması təsdiq edilməmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə aralarında hər hansı müqavilə olmadan cavabdehə 7600 manat pul vermişdir. Cavabdeh də həmin vəsaiti hissə-hissə olmaqla iddiaçıya qaytaracağını vəd etsə də, yalnız 1000 manat-ı qaytarmış, pulun 6600 manat-ı qaytarılmamış qalmışdır. Cavabdeh pul vəsaitini qaytarmadığı üçün iddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı iddia ilə müraciət etmiş və cavabdeh iddia üzrə məhkəmə bildirişini xx.xx.2023-cü il tarixdə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.4-ci maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətninə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, hüquqi əsas olmadan iddiaçının hesabına pul vəsaiti əldə etmiş cavabdeh əldə etdiklərini və götürülən faydanı (əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirləri) öhdəlikdən kənar ödədiyi pul vəsaitindən məhrum olmuş iddiaçının tələbi ilə ona qaytarmağa borclu olduğundan, 6600 manat cavabdehdən alınıb iddiaçıya verilməli, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, iddiaçının pulu banklardan kredit götürüb verməsi, eləcə də kreditlərə görə 16000 manat faiz borcunun yaranması, ümumiyətlə tərəflərin pulun faizlər ilə verilməsini şərtləşdirdikləri halları sübut edilmədiyindən iddia tələbi hər ay üçün ödəniləcək olan 1000 manat, 2023-cü ilin mart ayından bəri, ümumilikdə 16.000 manat pulun alınıb ona verilməsi hissələrində təmin edilə bilməz. Məhkəmə bununla yanaşı hesab edir ki, cavabdehdən hazıkı iş üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etmək hüququ olan iddiaçı digər əsaslardan çıxış edərək hər ay üçün ödəniləcək olan 1000 manat, 2023-cü ilin mart ayından bəri, ümumilikdə 16.000 manat pulu tələb edə bilməsə də, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 101 günə görə gecikdirilmiş vaxt üçün 6600 manat pul vəsaitinin illik beş faizin ödənilməsini tələb etmək hüququna malikdir. Odur ki, həmin dövr üzrə 6600 manat pul vəsaitinin illik beş faizi hesabına 91.32 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh öhdəlikdən kənar ödənilmiş pul üzrə 6600 (altı min altı yüz) manat, illik beş faiz üzrə 91.32 (doxsan bir manat otuz iki qəpik) manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar