Məhkəmə qərarları › İş №2(009)-1008/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1008/2022

01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1008/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli 2(009)-1097/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması barədə iddia ərizəsinin təmin olunması, 29 mart 2008-ci il təvəllüdlü X3 və 15 mart 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər bir uşaq üçün ayda 200 manat olmaqla, hər ay 400 manat məbləğində alimentin və ilkin mediasyia sesiyasının keçirilməsi üçün tərəfindən ödənilmiş 50 manat məbləğində rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin 22 oktyabr 2012-ci il tarixli 2(009)-2116/2012 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, onunla Cavabdeh arasında 26 aprel 2007-ci il tarixdə Cəbrayıl rayov VVADQ Şöbəsində bağlanmış 222 №-li nikah qeydi pozulmuş, 29 mart 2008-ci il təvəllüdlü X11 və 15 mart 2011-ci il təvəllüdlü X9 onun yanında saxlanılmış, 17 sentyabr 2012-ci il tarixdən başlayaraq 29 mart 2008-ci il təvəllüdlü X12yıın və 15 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat tutularaq ona verilməsi qət edilmişdir. Həmçinin Səbail rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli 2(009)-1097/2018 saylı qətnaməsi ilə alimentin artırılmasına dair onun iddia tələbi təmin edilmiş, 29 mart 2008-ci il təvəllüdlü X11 və 15 mart 2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilmiş və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit bul məbləğində tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda hesab edir ki, uşaqların saxlanılması üçün xərclər, həmçinin onların təhsil və digər xərcləri də nəzərə alınmaqla Səbail rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli 2(009)-1097/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, iddia ərizəsi təmin olunaraq Cavabdeh sabit pul məbləğində hər bir uşaq üçün ayda 200 (iki yüz) manat olmaqla hər ay 400 (dörd yüz) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Pespublikasının Prezidenti tərəfindən 23 dekabr 2021-ci il tarizdə təstiq edilmiş Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat müəyyən edilmişdir. 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat müəyyən olunsa da, uşaqların saxlanılması üçün xərclər, həmçinin onların təhsil və digər xərcləri artmışdır. Tələb etdiyi 400 manat aliment belə uşaqların təhsil və digər xərclərini ödəmir. İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə yazaraq 17.05.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini tam həcmdə qəbul etdiyini bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli, 2(009)-1097/2018 saylı qətnaməsindən görünür ki, 29 mart 2008-ci ildə anadan olmuş X11 və 15 mart 2011-ci ildə anadan olmuş X1 üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilmiş və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Cavabdeh hər ay sabit pul məbləğində tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cəbrayıl rayon VVADQ şöbəsi tərəfindən 24.04.2008-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X11 29.03.2008-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X7r. İş materiallarında olan 01.04.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X10 15.03.2011-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X7r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları 29 mart 2008-ci il təvəllüdlü X11 və 15 mart 2011-ci il təvəllüdlü X9 iddiaçı X6 himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Səbail rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 01.01.2022-ci il tarixli Qanunla 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə 29 mart 2008-ci il təvəllüdlü X11 və 15 mart 2011-ci il təvəllüdlü X2 üçün iddiaçı X6 xeyrinə tutulan aliment məbləğinin hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Məhkəmə iddia tələbinin “ilkin mediasyia sesiyasının keçirilməsi üçün tərəfindən ödənilmiş 50 manat məbləğində rüsumunun tutularaq ona ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 08.07.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsi ilə bağlı 50 (əlli) manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, xidmət haqqı olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli, 2(009)-1097/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh 29 mart 2008-ci il təvəllüdlü X8 və 15 mart 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz ) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində rüsum tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar