Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1013/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 anadan olmuşdur. Hazırda o, valideynləri və övladı Zöhra ilə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov küçəsi, ev 169/5-də yaşayır. Birgə yaşayışları alınmadığı üçün cavabdehlə aralarında olan nikah qeydi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2096/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1674/2020 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 170 manat alimentin həcmi artırılaraq, ayda 193 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda X2 7 yaş var. Səbail rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2024-cü il üçün hər uşağın aylıq saxlanc xərci 235 manat müəyyən edilmişdir. O, alimentin artırılması üçün Bakı 2 saylı mediasiya təşkilatına müraciət etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2016-cı il təvəllüdlü qızı X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki,cavabdeh uşağı ilə görüşmür, kifayət qədər maddi təminatlı ailədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X3 adlı uşağı var. İş üzrə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh və X4 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 323 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2096/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1674/2020 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 170 manat alimentin həcmi artırılaraq, 193 manat sabit pul məbləğində müəyyən edilməsi və həmin 193 manat pul vəsaitinin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılması və tutmanın həmin vaxtdan hesablanması qət edilmişdir. İş üzrə Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı alimentin artırılması tələbi üzrə xx.xx.2024-cü il tarixdə, saat 17.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü Zəhra adlı uşağı var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş və cavabdehdən uşağın saxlanılması üçün aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün iddiaçının xeyrinə 193 manat məbləğində aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən olunan aliment miqdarı, yəni 193 manat uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, uşağın ehtiyaclarını qarşılamır və bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən 235 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə təmin edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə müəyyən edilmiş alimentin məbləği 193 manatdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 235 manat məbləğində təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, həmçinin Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 235 manat məbləğində müəyyən edilməsini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, artırılacaq aliment məbləği sabit pul şəkilində müəyyən edilməli, aliment məbləğinin artırılması barədə iddia təmin edilməli və cavabdehdən yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün tutulmalı olan sabit pul şəklində aliment 235 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 235 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2820 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 48,20 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-2096/2022 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh 235 (iki yüz otuz beş) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 48,20 (qırx səkkiz manat, iyirmi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev