Məhkəmə qərarları › İş №2(009)-1016/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1016/2022

26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1016/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə 30.10.2012-ci ildə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən 516 saylı akt nömrəsi ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 05.10.2012-ci il təvəllüdlü X4 və 07.07.2014-cü il təvəllüdlü X5 adında iki övladı dünyaya gəlmişdir. Nikahlarına 24.02.2021-ci il tarixli Səbail rayon Məhkəməsinin qətnaməsi ilə xitam verilmişdir. Övladları onunla qalmaqla qanunla müəyyən edilmiş qaydada maaşının 1/3 hissəsində aliment kəsilmişdir. Övladların böyüməsi nəticəsində onların gündəlik xərcləri də artır. Kəsilən alimentlə onun xərclərini ödəməkdə çətinlik çəkir. 2022-ci il ”Yaşayış minimumu haqqında qanun”a görə bir övlad üçün sabit pul məbləğində 193 manat müəyyən olunur. Hesab edir ki, iddia tələbi qanuna görə tam əsaslıdır. Göstərilənləri nəzərə alaraq iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən, hər ay övladları yetkinlik yaşına çatana qədər 05.10.2012-ci il təvəllüdlü X2 və X1 üçün hər biri üçün 193 manat müəyyən edilməklə, ümumi 386 manat məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, 2021-ci ilin fevral ayında qətnamə qəbul edilərkən nümayəndəsi olduğu şəxs elə başa düşmüşdür ki, aliment sabit tutulur. Həm hüquqi savadı olmadığından, həm mediasiya prosesində uzun müddət araşdırmaq üçün vaxt tələb olunduğundan, hazırki tələblə məhkəməyə müraciət olunmuşdur. Cavabdehin həmin qətnamə ilə müəyyən edilən alimentlə bağlı 1200 manat öhdəliyi var. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, 2021-ci ilin fevral ayında qətnamə qəbul ediləndə iddiaçı 300 manat əmək haqqı ilə işlədiyi işində hazırda da işləyir, aylıq gəlirinin artımı mövcud deyil, əksinə cavabdeh 2-ci nikaha daxil olmuşdur, həyat yoldaşı hamilədir, ödənilməyən aliment borcu və birgə nikah dövründə bankdan götürdüyü kreditə görə kredit borcu vardır. Ona görə də qaldırılan iddianı əsassız hesab edir və məhkəmədən onun rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, tərəflərin 05.10.2012-ci il təvəllüdlü X4 və 07.07.2014-cü il təvəllüdlü X5 adlı uşaqları var. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-264/2021 saylı, 24.02.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində 30.10.2012-ci il tarixdə bağlanmış və 516 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, yetkinlik yaşına çatmayan 05.10.2012-ci il təvəllüdlü X2 və 07.07.2014-cü il təvəllüdlü X3 cavabdeh (anaları) İddiaçı yanında saxlanılması, 05.10.2012-ci il təvəllüdlü X2 və 07.07.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 24.11.2020-ci il tarixdən başlayaraq hər ay iddiaçının qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin iddiaçı Cavabdeh tutularaq cavabdeh İddiaçı ödənilməsi, qətnamənin aliment tutulmasına dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh 07.01.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1332,24 manat əsas, 27,98 manat faiz borcu vardır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 30.10.2012-ci il tarixdə nikah bağlanılmış və onların yetkinlik yaşına çatmayan 05.10.2012-ci il təvəllüdlü Nuray və 07.07.2014-cü il təvəllüdlü Teymur adlı uşaqları var. Tərəflər arasında olan nikah Səbail rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli 2(009)-264/2021 saylı qətnaməsi ilə pozulmuş, uşaqların anaların yanında saxlanılmış və cavabdehdən uşaqların saxlanılması üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər uşağa görə 193 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, “Elektron məhkəmə sistemi” vasitəsi ilə cavabdehin əmək münasibətlərində olmasına dair əldə edilmiş çıxarışdan belə məlum olur ki, cavabdeh "xxxx" MMC-də həkim vəzifəsində işləyir və əmək haqqısı 300 manat təşkil edir. Bu hal tərəflər arasında nikahın pozulması barədə işə baxarkən da mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə iclasında cavabdehin işləyib müntəzəm əmək haqqı alması barədə məlumat əldə edilsə də, əmək haqqının 300 manat təşkil etməsi 2 uşağa görə müəyyən edilən yaşayış minimum həddindən aşağıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tutulacaq alimentin dəyişdirilib sabit pul məbləği şəkilində müəyyən edilməsi ilə bağlı tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27.07.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının (300 manatın 1/3 həddinin – 90 manat) uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumdan (2 uşağa görə 386 manat) kifayət qədər aşağı olmasını nəzərə alaraq hesab edir ki, aliment məbləği sabit pul məbləği şəkilində, lakin həmin məbləğ hər uşağa görə 100 manat həddində müəyyən edilməlidir. Belə ki, məhkəmə alimentin bu həddə təyin edilməsini cavabdehin 2-ci dəfə nikaha daxil olması, müəyyən öhdəliklərinin mövcudluğu, gəlirləri barəsində əsaslı dəyişkənliyin olmaması hallarını nəzərə alır. Məhkəmə iddia tələbinin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən cavabdehdən tutulmalı olan alimentin təyin edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən hər uşağa görə tutulmalı olan 100 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, alimentin artırılması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra artırılmış aliment məbləği tutulmalı olduğundan, həmin tutmanın iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan sonra tutulması barədə hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2400 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 44 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 05.10.2012-ci il təvəllüdlü X2 və 07.07.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhər Səbail Rayon Məhkəməsinin 24.02.2021-ci il tarixli 2(009)-264/2021 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı sabit pul məbləği şəkilində müəyyən edilərək artırılsın və hər uşağa görə 100 manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh hər uşağa görə 100 manat, cəmi 200 (iki yüz) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. İddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 44 (qırx dörd) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar