Məhkəmə qərarları › İş №2(009)-1024/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1024/2022

23.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1024/2022 23.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı ("xxxx" ASC 3-cü şəxs kimi cəlb edilməklə) Cavabdeh qarşı “su xəttinin cavabdeh tərəfindən ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “su xəttinin cavabdeh tərəfindən ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh qeyri-yaşayış sahəsinə çəkilmiş, istifadədə olmayan su xəttinin onun qeyri-yaşayış sahəsində olan hissəsinin kəsilərək ayrılıb hazırda durduğu yerdən götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını və məhkəmə xərci qismində 100,40 və 6,00 manat cəmi 106,40 manat rüsumun İddiaçı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, təxminən 22 il bundan əvvəl cavabdehin qeyri-yaşayış sahəsi kimi ilk sahibi olan kimsəsiz, imkansız, tək-tənha yaşayan yaşlı qadının su problemi olduğundan, İddiaçı yaşayış sahəsi kimi istifadə etdiyi mənzilindən ona su xəttinin çəkilməsini xahiş etmişdi. İddiaçı də bu zavallı qadının durumunun ağır olmasını, dində də suyun müqəddəs bir nemət olduğunu və qonşuluğu nəzərə alaraq müvəqqəti olsa da buna razılıq vermişdi. Sonra Cavabdeh bu yaşlı qadının mənzilini alıb, çox qısa zamanda qeyri-yaşayış sahəsinə keçirdi və suyun sərfıyyat xərclərini bərabər ödəməli oldular . İddiaçı də ayrı-ayrılıqda 3 məhkəmə qərarları ilə 10 il müddətində çətinliklə mənzilini qeyri-yaşayış sahəsinə keçirmişdir. Qeyri-əhali üçün suyun qiyməti yüksək olduğundan kimin nə qədər su istifadə etdiyi mübahisə doğurduğundan , cavabdehdən dəfələrlə xahiş edilmişdir ki, özünə ayrıca su xətti çəkib, iddiaçıdan ona tərəf gedən su xəttini öz tərəfində kəsib ayırsın. O bunu etmədiyindən ona axırıncı dəfə xəbərdarlıq edilmişdir ki, özünə ayrıca su xətti çəkməsə, iddiaçı məcburdur ki, öz tərəfində su xəttini kəsib ayırsın. Bundan sonra cavabdeh onun qeyri-yaşayış sahəsindən kənar özünə yeni su xətti çəkdi. Lakin cavabdeh bundan sonra iddiaçıdan ona tərəf gedən əvvəlki su xəttini kəsib ayırmaq əvəzinə, əksinə yeni çəkdiyi su xəttini, təhlükəsizlik norma və qaydalarını kobudcasına pozaraq, əvvəlki su xəttinə birləşdirmişdir. Odur ki, İddiaçı öz tərəfindən ona tərəf gedən su xəttini kəsib ayıran zaman, bu dəfə əksinə olaraq onun tərəfindən iddiaçının qeyri-yaşayış sahəsinə güclü su axıb tökülməyə başladı. Çox çətinliklə də olsa kəsib ayırılmış dəmir materialdan olan çürümüş su turbasının korroziyaya uğramış uc rezbasını probka ilə bağlayıb, suyun tökülməsinin qarşısını müvəqqəti olsa da, alınmışdır. Buna baxmayaraq həmin probka suyun yüksək təzyiqi nəticəsində günün, gecənin birində yerindən çıxıb atıla bilər, qəzalı vəziyyət yaranıb və İddiaçı qeyri-yaşayış sahəsini su basa bilər. İstənilən halda bu mübahisənin yalnız cavabdeh tərəfindən həll olunması zərurəti onunla bağlıdır ki, cavabdeh ilə iddiaçının qeyri-yaşayış sahələrini bir-birindən qalınlığı 80 sm olan ortaq divar ayırır. Belə ki, sözügedən mübahisəli su xətti bu qalın divardan keçərək cavabdehin qeyri-yaşayış sahəsinə daxil olur. Su xəttinin hətta belə ortaq divardan keçən hissədə də kəsilib ayrılması sadəcə olaraq texniki cəhətdən qeyri mümkündür. Çünki bu yerdə su xəttinin kəsilib ayrılması nəticəsində iddiaçının qeyriyaşayış sahəsini su basa bilər. Cavabdeh bundan əvvəl onunla İddiaçı arasında olan məhkəmə işini uduzduğundan, ondan qisas almaq məqsədi ilə su xəttini kəsib ayırmır. Su xəttini kəsib ayırmaq üçün ona dəfələrlə edilmiş müraciətlərə hər dəfə imtina cavabı vermişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-3001/2019 saylı Qətnaməsi ilə İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən və qeyri-yaşayış sahəsinin tərkibinə daxil olan, texniki pasport üzrə 2 saylı, sahəsi 10,0 kv.m olan keçid dəhlizindən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinə keçmək üçün mövcud olan qapı iddiaçının vəsaiti hesabına hörülərək bağlanılması, bu hərəkətlərin həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehin üzərinə qapının hörülərək bağlanılmasına imkan verilməsi vəzifəsi qoyulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh qeyri-yaşayış sahəsinə çəkilmiş, istifadədə olmayan su xəttinin onun qeyri-yaşayış sahəsində olan hissəsinin kəsilərək ayrılıb hazırda durduğu yerdən götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını və məhkəmə xərci qismində 106,40 manat rüsumun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 74.8 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019 tarixli, 2(009)-3001/2019 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən və qeyri-yaşayış sahəsinin tərkibinə daxil olan, texniki pasport üzrə 2 saylı, sahəsi 10,0 kv.m olan keçid dəhlizdən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinə keçmək üçün mövcud olan qapı iddiaçının vəsaiti hesabına hörülərək bağlanılması, bu hərəkətlərin həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılması və cavabdeh üzərinə həmin qapının hörülərək bağlanılmasına imkan verilməsi vəzifəsinin qoyulması qət edilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 4 ünvanda yerləşən və qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh özünə məxsus qeyriyaşayış sahəsinə yeni su xətti çəkdirmiş və sayğac quraşdırmışdır. Həmçinin müəyyən edilmişdir ki, yeni çəkilmiş su xətti əvvəlki su xəttinə birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə hesab edir ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə gedən istifadə olunmayan su xətti Cavabdeh tərəfindən ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, həmin xərclər cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə gedən istifadə olunmayan su xətti Cavabdeh tərəfindən ayrılsın. İddiaçı tərəfindən ödənilmiş 106.40 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar