Məhkəmə qərarları › İş №2(009)-1035/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1035/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1035/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh və üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6400 (altı min dörd yüz) manat pulun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh bacısı Məlahətlə birlikdə qonşuluqlarında olan evdə yaşayır. O, cavabdehi bacısı Məlahətin vasitəsi ilə tanımış, onlar bir-birlərinin evinə gedib-gəlmişdir. Cavabdehin bacısı ilk dəfə 2018-ci ilin ortalarında ondan 2000 manat borc pul istəmiş, o, bu pulun nə üçün lazım olduğunu soruşduqda qardaşı Cavabdeh ərzaq dükanı açıb işlətmək istədiyini bildirmişdir. Onda həmin vaxt pul olmadığı üçün yoldaşının bibisi qızı Mehribandan borc götürüb Məlahətə vermiş, 3 ay sonra Məlahət pulu ona tam qaytarmışdır. Sonra Məlahətin qardaşı İlqar onların evinə gələrək ondan 8500 manat pul istəmiş, o, da Məlahətə inandığı üçün 27.11.2018-ci il tarixli və 30.11.2018-ci il tarixli kredit müqavilələrinə əsasən “xxxx” ASC-dən kredit götürüb öz evində qızı Nurlananın yanında 8500 manat pulu sayaraq Cavabdeh borc kimi vermişdir. Cavabdeh həmin vaxt ona yeni il bayramı ərəfəsi olduğu üçün dükana əlavə ərzaq vurub satmaq istədiyini, həmçinin onun özünün banka borcu olduğunu, ondan borca götürdüyü pul ilə banka olan borcunu ödəyib yenidən 30000 manat kredit götürərək onun borcunu qaytaracağını bildirmişdir. Bundan sonra Cavabdeh ondan borca götürdüyü 8500 manatdan 2100 manat pulu qaytarmışdır. Daha sonra Cavabdeh dükanında işçiləri tərəfindən yeyinti olduğunu və müflis olduğunu bildirmişdir. O, cavabdehdən borc pulu qaytarmasını tələb etdikdə hər dəfə möhlət istəmiş və qaytaracağını bildirmişdir. O, məcbur qalıb bu məsələ barədə həyat yoldaşı Vasif Davudova məlumat vermiş və bundan sonra İlqarla onun həyat yoldaşı danışıb pulu tələb etməyə başlamış hətta onlar arasında whatsapp yazışmaları da olmuşdur. O, cavabdehin onu aldatdığını görüb bu barədə “102”ə məlumat vermişdir. Oradan onu Səbail rayon Polis İdarəsinə yönləndirmişlər və idarədə araşdırma aparmadan 09.02.2021-ci il tarixli məktubla onun şikayət ərizəsinə cavab olaraq ərizəsində göstərilən xüsusatların mülki xarakterli olması baxımdan məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh ona qarşı törətdiyi bu hərəkətləri ilə ona həm də mənəvi sarsıntı yaşatmış, ailəsində söz söhbətə səbəb olmuşdur. Hazırda cavabdehin hərəkətləri nəticəsində ona həm maddi həm də mənəvi zərər dəymişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, əlavə olaraq bildirmişdir ki, o cavabdehə verdiyi pul anası və bacısının bankdan kredit olaraq götürdükləri puldur. Cavabdehə kömək məqsədilə vasitəçilik etmişdir. Hazırda bank müqaviləsinə uyğun olaraq borc və faizlər ödənilmədiyi üçün bacısı və anasından həmin borc məbləğləri tutulur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı 2013-cü ildən başlayaraq daimi olaraq faizə borc götürüb qaytarmışlar. Bacısı və anasından pul götürüb ona verməsi barədə məlumatı olmamışdır. Hazırda iddiaçıya borcu yoxdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X5 izahatında bildirmişdir ki, İddiaçı onun bacısıdır. Bacısı İddiaçı pul lazım olduqda mütəmadi olaraq ona bankdan pul götürməsi üçün müraciət edir, o isə bacısına inandığından bankdan pul götürüb bacısına verir və bacısı da həmişə pulu vaxtında qaytarır. Bu dəfə də bacısı ona bankdan pul götürməsi üçün müraciət etmiş, bu səbəbdən də “xxxx” ASC-dən öz adına 5200 manat və anasının adına isə 4200 manat kredit götürərək bacısına vermişlər. Pulu verən zaman bacısı İddiaçı həmin pulu İqar Əhmədova verməsindən məlumatı olmamış, sonradan pulun İqar Əhmədova verildiyini bilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs X4 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “xxxx” ASC ilə X5 arasında bağlanmış 27.11.2018-ci il tarixli 151CLM2503590AA saylı kredit müqaviləsindən görünür ki, X3 48 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 5200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş 30.11.2018-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, X4 30.11.2018-ci il tarixli, 151GTKR5103591AB nömrəli kredit müqaviləsi üzrə 4200 manat məbləğində krediti, illik 27,84 faiz ödəmək şərti ilə 48 ay müddətinə götürmüş və kreditin 01.01.2019-cu il tarixdən başlayaraq 30.11.2022-ci il tarixədək ödənilməsi barədə qrafik tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Səbail RPİ tərəfindən İddiaçı ünvanlanmış 09.02.2021-ci il tarixli cavab məktubundan görünür ki, DİN 102 xidmətindən daxil olmuş ərizəsinə baxılmış və ərizə və məlumatda göstərilən xüsusatlar mülki xarakterli olduğundan mülki qaydada həll olunması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda iddiaçı “27.11.2018-ci il tarixli və 30.11.2018-ci il tarixli kredit müqavilələrinə əsasən “xxxx” ASC-dən kredit götürüb 8500 manat pulu Cavabdeh borc kimi verməsinə, Cavabdeh ondan borca götürdüyü 8500 manatdan 2100 manat pulu qaytarmasına, qalan borcu qaytarmamasına” istinad edərək Cavabdeh 6400 (altı min dörd yüz) manat pulun tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, həmin sübutları iddiaçının dəlilləri ilə müqayisəli şəkildə təhlil edərək, qanunvericiliyin tələbini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh 8500 manat borc pul verməsi və həmin borcdan 6400 (altı min dörd yüz) manat borcun qalması halı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh 8500 manat borc pul verməsi halını təsdiq edən hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda, məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş X2 və X1 adına “xxxx” ASC ilə arasında bağlanmış 27.11.2018-ci il tarixli və 30.11.2018-ci il tarixli kredit müqavilələrinə istinad etməklə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının X5 və X1 adına “xxxx” ASC arasında bağlanmış 27.11.2018-ci il tarixli və 30.11.2018-ci il tarixli kredit müqavilələrinə istinad etməklə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da olmamışdır. Belə ki, İddiaçı iddia ərizəsində özünə məxsus olan 8500 manat pulu Cavabdeh verdiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı həm işdə iştirak edən şəxslərin izahatları, həm də iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı hazırda X2 və X1 adına “xxxx” ASC-dən götürülmüş pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmasını tələb edir. Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı – Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar