Məhkəmə qərarları › İş №2(009)-1037/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1037/2022

07.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1037/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin birdəfəlik 50000 manat, həmçinin mərhumun sığorta pulu və 12 iyul 2018-ci il təvəllüdlü övladı X3 18 yaşı tamam olanadək, yəni 12 iyul 2036-cı ilədək hər ay 400 manat miqdarında pulun cavabdeh "xxxx" MMC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X5 03 iyul 2021-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində rəhmətə getmişdir. Bədbəxt hadisə isə mərhumun işlədiyi "xxxx" MMC-nin təqsiri üzündən baş vermişdir. Belə ki, mərhum həyat yoldaşı təxminən 4-5 il idi ki, cavabdeh şirkətdə metlax ustası vəzifəsində işləyirdi və gündəlik 25 manat (aylıq 700-800 manat) məvacib alaraq ailəsini saxlayırdı. Hadisə baş verən gün, yəni 03 iyul 2021-ci il tarixdə cavabdeh şirkətin qarşısında yerləşən “Qurman” restoranında işıqlar sönmüşdü. Qeyd edir ki, sözügedən “Qurman” restoranı da hazırki cavabdeh "xxxx" MMC-nin rəhbərliyinə məxsusdur. Beləliklə cavabdeh şirkətin rəhbərliyi mərhum həyat yoldaşı Mirzəyev Hüseyndən xahiş etmişdir ki, restoranın işıqlarını bərpa etsin (hansı ki, mərhum mantyor olmamışdır). X15 də rəhbərliyin tapşırığını yerinə yetirmək üçün sözügedən restoranın işıqlarını bərpa etməyə çalışmış və nəticədə onu tok vuraraq öldürmüşdür. Onun mərhum həyat yoldaşı cavabdeh şirkət tərəfindən sığorta olunmuşdur. Buna baxmayaraq, bu günki günədək cavabdeh tərəfindən ailə başçısını itirdiyinə görə ona heç bir maddi yardım göstərilməmiş və sığorta pulu ödənilməmişdir. Həyat yoldaşı ilə rəsmi nikahlarından bir övladları vardır: 12 iyul 2018-ci il təvəllüdlü X8. Hal-hazırda ailələri cavabdehin təqsiri üzündən başsız qalmışdır. Beləliklə, cavabdeh Azərbaycan Respublikası MM-in 1097 və 1122-ci maddəsinə əsasən ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzini birdəfəlik 50000 (əlli min) manat, həmçinin mərhumun sığorta pulu və 12 iyul 2018-ci il təvəllüdlü övladları 18 yaşı tamam olanadək hər ay 400 (dövrd yüz) manat miqdarında ödəməyə borcludur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, iddiaçının həyat yoldaşı X5 "xxxx" MMC-də əmək müqaviləsinə əsasən fəhlə vəzifəsində işləmişdir. "xxxx" MMC-də əsasən döşəmə daşları olan tamet, divar üzlüklərin hazırlanması və sair işlər görülür. “MFN LTD“ MMC-nin təsisçisi İlham Muradov adlı şəxs olmuş və sonra o həmin MMC-nin təsisçiliyini həyat yoldaşının adına keçirmişdir. Buna baxmayaraq, həmin MMC və onun qarşısında yerləşən “Qurman” restoranının da sahibliyini İlham Muradov həyata keçirir və orada çalışan işçilər də, həmin şəxsi həm MMC-nin, həm də restoranın sahibi kimi tanıyırlar. MMC-də 5 günlük iş rejimi olsa da, işin xüsusiyyəti ilə əlaqədar olaraq orada işləyən fəhlələr şənbə günləri də işə çıxıb işləmişlər. 03 iyul 2021-ci il tarixdə şənbə günü olsa da, iddiaçının həyat yoldaşı X5 ilə birlikdə MMC-də usta işləyən Şahid1 və MMC-də həmin vaxt rəsmi işləməyən, lakin gəlib orada müəyyən fəhlə işlərini görən Şahid2 işdə olmuşlar. Onlar iş yerində olan zaman MMC-nin sahibi İlham Muradov usta Şahid1 mobil telefonuna zəng vuraraq, MMC-nin qarşısında yerləşən “Qurman” restoranının ikinci mərtəbəsinin dam örtüyündən asfalt yola sallanmış kabel xəttini bir qədər hündürlüyə qaldıraraq bağlanmasına göstəriş vermişdir. İddiaçının həyat yoldaşı Hüseyn və orada olan X18 göstərişini eşidərək, “Qurman” restoranının dam hissəsinə qalxaraq, qeyd olunan kabeli hündürlüyə qaldıraraq bağlamağa başlayanda Hüseyn onun başı üzərindən keçən yüksək gərginlikli elektrik xəttinə toxunmuş və onu elektrik cərəyanı vuraraq öldürmüşdür. Hal-hazırda iddiaçı və onun mərum Hüseyn Mirzəyevlə birgə nikahından doğulmuş 12 iyul 2018-ci il təvəllüdlü oğlu Mirzəyev Nicat cavabdeh "xxxx" MMC-nin təqsiri üzündən başsız qalmışdır. Lakin buna baxmayaraq, bu günki günədək ailə başçısını itirdiyinə görə cavabdeh MMC tərəfindən iddiaçıya heç bir maddi yardım göstərilməmiş və sığorta pulu ödənilməmişdir. Hesab edir ki, iddiaçının həyat yoldaşı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində öldüyündən cavabdeh MMC Azərbaycan Respublikası MM-in 1097 və 1122-ci maddəsinə əsasən ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzini birdəfəlik 50000 manat, həmçinin mərhumun sığorta pulu və iddiaçının 12 iyul 2018-ci il təvəllüdlü övladının 18 yaşı tamam olanadək ona hər ay 400 manat miqdarında vəsait ödəməyə borcludur. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və nümayəndəsi və vəkilinin izahatında göstərilənlərlə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X13 iddia tələbini qəbul etməyərək onun əsassız olduğundan təmin edilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, hazırki mübahisə ilə əlaqədar Səbail rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılmış, Cavabdeh MMC-də “usta” vəzifəsində çalışan Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan olunmuş, daha sonra ittiham aktı tərtib edilərək, baxılmasından ötrü Səbail rayon Məhkəməsinə göndərilmişdir. Səbail rayon Məhkəməsi tərəfindən Şahid1 barəsində 1(009)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli bəraət hökmü çıxarılmışdır. Qeyd edilən məhkəmə hökmünə əsasən baş vermiş hadisədə Cavabdeh MMC-nin hər hansı təqsirinin olmadığı tam sübuta yetirilmişdir. Belə ki, həmin hökmdə qeyd edilənlərə və preyudisial əhəmiyyət daşıyan faktlara əsasən, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cavabdeh MMC-də “usta, əyləc fəhləsi" vəzifəsində çalışır, onlar “MFN" MMC-də üzlük daşların və tamet döşəmələrin hazırlanması ilə məşğul olmuşlar. MMC-də işlərin bölgüsü hər gün səhər işə gələrkən direktor Elnur Süleymanlı tərəfindən həyata keçirilmişdir. Direktor Elnur onlara gündəlik olaraq nə işlər görəcəklərini göstərmişdir. Müəssisədə 5 günlük iş rejimi mövcuddur, hadisə baş verən gün, yəni 03 iyul 2021-ci il tarixdə həftənin 6-cı günü olmuş, buna görə də, MMC-də iş günü olmamışdır. Eləcə də, müəssisə tərəfindən heç bir işçinin işə çıxması haqqında göstəriş və ya əmr verilməmişdir. İş günü olmayan zamanlarda onlar bekar vaxtlarında MMC-yə gəlib oturub çay içib söhbətləşmişlər. Həmin gün o, Ramiz və Hüseynlə birlikdə MMC-yə gəlmişdir ki, birlikdə oğlunun hərbi xidmətdən tərxis olunmasını qeyd etsinlər. Onlar orada olan zaman İham Muradov MMC-yə gəlib getmişdir. 03 iyul 2021-ci il tarixdə, saat 15 radələrində, işlədiyi MMC-nin ön hissəsində yerləşən və fəaliyyət göstərən “Qurman” restoranının ikinci mərtəbəsinin dam örtüyündən asfalt yola optik kabel xətti sallanmış vəziyyətdə olmuşdur. Hadisə baş verməmişdən təxminən bir saat əvvəl İlham müəllim istifadəsində olan mobil telefondan onun nömrəsinə zəng edərək qeyd olunan sallanmış vəziyyətdə olan həmin kabelin bir qədər hündürlüyə qaldırılaraq möhkəm bağlanmasını xahiş etmişdir. Bundan sonra, onlar qeyd olunan kabeli hündürlüyə qaldırıb bağlamağa başlayanda o, restoranın qarşısında dayanmışdır. Daha sonra məlum hadisə baş vermişdir. Hadisə baş verən ərazidə hər hansı bir işlərin həyata keçirilməsi rəsmi qaydada onların heç birinə həvalə edilməmişdir. Eləcə də həmin ərazidə işlərin görülməsi onların işinə heç bir aidiyyəti olmamışdır. Həmin ərazidə bu və ya digər işlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, “o, 2019-cu ilin son ayından hazırkı vaxta kimi ünvan 1 ünvanda yerləşən və hazırda da fəaliyyət göstərən Cavabdeh MMC-nin direktoru vəzifəsində işləmişdir. Rəhbərlik etdiyi MMC əsasən döşəmə daşları olan tamet, isti ağlay, divar üzlüklərinin istehsalı və sair ilə məşğul olmuşdur. Hadisə baş verən ərəfədə və hal hazırda rəsmi sənədlərdə MMC-nin təsisçisi X4 olmuşdur. X19 Muradovun həyat yoldaşıdır. İlham Muradov həmin müəssisənin təsisçisi və yaxud hər hansı vəzifəli şəxsi deyildir. Əmək kollektivində onunla birlikdə mühasib Asif Məmmədov, usta Şahid1, mərhum fəhlə Hüseyn Mirzəyev və Şahid2 işləmişdir. MMC-də iş vaxtı isə 1-5-ci günlər, səhər saat 09:00-dan axşam saat 18:00-dək müəyyənləşdirilmişdir. Hüseyn Mirzəyev Cavabdeh MMC-də 16 iyul 2020-ci il tarixdə fəhlə kimi işlə qəbul olunmuş və fəhlə kimi də işləməkdə davam etmişdir. Müəssisədə beş günlük is rejimi mövcuddur, hadisə baş verən gün, yəni xx.xx.2021-ci il tarixdə həftənin 6cı günü müəssisə tərəfindən heç bir işçinin işə çıxması haqqında göstəriş və ya əmr verilməmişdir. O, 02 iyul 2021-ci il tarixdə işdən sonra Şəki rayonuna getmişdir. Səhəri gün, yəni 03 iyul 2021-ci il tarixdə saat təxminən 16 radələrində işdən zəng edib bildirmişlər ki, MMC-də fəhlə işləyən Hüseyn “MFN“ MMC-nin ön hissəsində yerləşən və fəaliyyət göstərən “Qurman” restoranının ikinci mərtəbəsinin dam örtüyündən asfalt yola sallanmış optik kabel xəttini bağlamaq istəyərkən restoranın dam örtüyünün yaxınlığından keçən 6 Kv-luq elektrik cərəyanı vurmuş və nəticədə Hüseyn ölmüşdür. O dərhal Şəki rayondan Bakı şəhərinə qayıtmış və səhəri gün Hüseynin dəfnində iştirak etmək üçün doğulduğu Cəlilabad rayonuna getmişdir. Hüseyn Mirzəyevin MMC-də əsas işi yük daşıma, yük boşaltmaq, materialların hazırlanmasına köməklik etmək və sairdən ibarət olmuşdur. Hüseynin hadisə baş verən günü işə gəlməsi barədə onun heç bir məlumatı olmamışdır. “Qurman" restoranının yerləşdiyi ərazidə hər hansı bir işlərin həyata keçirilməsi rəsmi qaydada həmin əməkdaşların heç birinə həvalə edilməmişdir. Bu barədə heç kimə hər hansı bir formada tapşırıq verməmişdir. Həmin ərazidə bu və ya digər işlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmamışdır. H.Mirzəyevin hadisə yerinə hansı səbəblə getməsi ilə bağlı cəmiyyət rəhbərliyinin məlumatı olmamış, eləcə də H.Mirzəyevin ölümü cəmiyyətin hər hansı işinin icrası ilə bağlı olmamışdır. Şahid1 cəmiyyətdə Hüseyn kimi fəhlə işləyir və elektrikə baxan işçi deyil. Şahid1 Hüseyn Mirzəyevə tapşırıq verməyə səlahiyyəti olmamışdır. Kabeldə nasazlıq olduqda onu mühəndis düzəltməlidir” .Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Cavabdeh MMC-nin bugunkü gündə ona heç bir aidiyyəti yoxdur. MMC-nin təsisçisi həyat yoldaşı X1r. Bundan başqa, şirkətlə bağlı onun heç bir məlumatı yoxdur. O, 2011-ci ildə həmin MMC-ni təsis etmiş, bundan bir neçə il sonra MMC həyat yoldaşının adına sənədləşdirilmiş və həyat yoldaşı təsisçi olmuşdur. 03 iyul 2021-ci il tarixdə günorta saatlarında ünvan 1 ünvanında yerləşən “Qurman” restoranının qarşısından keçərkən restorana bitişik divar ilə aşağı istiqamətdə sallanmış olan optik kabelin bir qədər hündürlüyə qaldırılaraq bərkidilməsi məqsədi ilə əvvəllər tanıdığı Cavabdeh MMC-də usta işləyən Teymur adlı şəxsə mobil telefonu ilə zəng edərək kabelə baxılmasına, əgər aradan qaldırılmalıdırsa bunu etməsini bildirmişdir. Bundan sonra həmin ərazidən çıxıb getmişdir. Bir neçə saat sonra Teymur ona telefonla zəng edərək həmin sallanmış optik kabeli bərkitmək istədikləri vaxt özü ilə birlikdə sexdə fəhlə işləyən Hüseyn adlı işçini elektrik cərəyanı vurduğunu demişdir. O dərhal həmin ünvana gəlmiş və həqiqətən də Cavabdeh MMC-də fəhlə işləyən Hüseyn Mirzəyevin elektrik cərəyanı vurmasından öldüyünü görmüşdür. “Qurman” restoranının isə ona heç bir aidiyyəti yoxdur. O, kabelin sallandığını görəndə bir vətəndaş kimi gələcəkdə orada oynayan uşaqlara maneçilik yaratmaması üçün Teymura bununla bağlı müraciət etmişdir. O yalnız Teymura həmin kabelə baxılmasını bildirmişdir. Başqa heç bir məqsədi olmamışdır. Teymura “Qurman” restoranına bitişik divarın kənarından keçən optik kabelə baxılması ilə bağlı şifahi qaydada telefonla xahiş etmişdir.” Cinayət işi materiallarında mövcud olan Cavabdeh MMC tərfindən təsdiq edilmiş “Fəhlə barədə vəzifə təlimatının İİ hissəsində sadalanan Vəzifə öhdəliklərindən görünür ki, “Fəhlə istehsalat sahələrində və tikinti meydançalarında, anbarlarda və bazalarda yardımçı işləri yerinə yetirir. Ehtiyatlılıq tələb etməyən (yeşik, çən, karton, faner, taxta-şalban və s), eləcə də tozlu olmayan (qum, çınqıl, şlak, kömür, zibil, ağac yonqarı, metal yonqarı və digər istehsalat tullantıları) yüklərin əl ilə və ya arabalarla vurulması, boşaldılması, yerdəyişməsi və qablaşdırılmasını həyata keçirir. Ərazini, yolları, əsas yola çıxan yolları təmizləyir. Sexləri, tikinti meydançalarını və sanitariya-məişət tikililərini yığışdırır. Döşəmələri, pəncərələri, qablama əşyalarını, qab-qacağı, detalları və məmulatları yuyur.” İş materiallarından da məlumdur ki, mərhum X5 həmin MMC-də fəhlə vəzifəsində çalışmışdır. Qeyd olunan təlimatdan da tam aydın olur ki, müəssisənin daxilində və ya xaricində elektrik cərəyanı keçən kabelin yerinin dəyişdirilməsi, bərkidilməsi və bu kimi digər işlərin icrası fəhlənin vəzifələrinə aid deyildir. Cavabdeh MMC-nin heç bir vəzifəli şəxsi tərəfindən ondan belə bir işin görülməsi xahiş və ya tələb edilməmişdir. Həmçinin hadisə baş verən gün, yəni xx.xx.2021-ci il tarixdə həftənin 6-cı günü müəssisə tərəfindən heç bir işçinin işə çıxması haqqında göstəriş və ya əmr verilməmişdir. Göründüyü kimi, iddia ərizəsində yazılanların tam əksinə olaraq, Cavabdeh MMC-də fəhlə vəzifəsində çalışan mərhum X2 baş vermiş hadisə nəticəsində ölməsində Cavabdeh MMC-nin heç bir təqsiri olmamışdır. Cavabdeh MMC-nin təqsirinin olmaması Səbail rayon Məhkəməsinin 1 (009)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli bəraət hökmü ilə də tam sübuta yetirilmişdir. Mülki Məcəllənin 21 (zərərin əvəzinin ödənilməsi) və 1096-cı (delikt) maddələrində vurulmuş zərərin ödənilməsi o halda müəyyən edilir ki, istər fiziki, istər hüquqi şəxs tərəfindən təqsirli, hüquqa zidd əməl törədilsin. Hazırki hadisədə MMC-nin təqsili olmadığından ondan ziyan və zərərin ödənilməsinin tələb edilməsi əsassızdır, heç bir hüquqi istinadı yoxdur. Ona görə də, iddianın təmin edilməməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, 2020-ci ildən həmin Cavabdeh MMC-də fəhlə işləyir. Rəsmi rəhbərləri Elnur Süleymanlıdır. Elnur gündəlik olaraq onlara göstərişləri verir və onlar da yerinə yetirirlər. İlham əvvəllər müəssisənin direktoru olubdur. Hadisədən sonra MMC-nin direktorunun İlhamın həyat yoldaşı olduğunu bilmişdir. MMC-də həftənin 5 günü iş günü olub. Qalan iki günü iş görməsələr də, ora yıgışıb söhbət edib, çay içərdilər. Mərhum Hüseynin evi MMC-nin 5 metrlik məsafəsində yerləşdiyi üçün, Hüseyn həmişə orda olardı. Hadisə günü onun oğlu əsgərlikdən gəlmişdi, ona görə də, o, saat 3-də iş yerinə gəldi. Daha sonra İlham müəllim onun mobil telefonuna zəng edib, Qurman restoranının üstündən sallanan kabeli qaldırıb yuxarıda bağlamaq lazım olduğunu bildirdi. O, Hüseyn və Ramiz həmin yerə getdilər. Hüseyn və Ramiz cavan olduğu üçün qabaqda gedərək restoranın damına qalxdılar. O, aşağıdan kabeli qaldırıb onlara verdi. Ondan sonra hadisə baş verdi. Hadisə günü onu işə heç kim çağırmamışdı. Hüseyni həmin gün kimin işə çağırmağını bilmir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, MMC-yə ayda 6-7 dəfə gəlib fəhləlik işlərində işçilərə köməklik göstərib gedirdi. Rəsmi işçi olmamışdır. Hadisədən sonra onunla əmək müqaviləsi bağlanmışdır. Hadisə baş verən zaman MMCdə o, mərhum Hüseyn və Teymur olubdur. Həmin gün İlham müəllim Teymura zəng edib tapşırıq verdi ki, Qurman restoranınün üstündən sallanan optik kabeli çəkib yuxarıda bağlamaq lazımdır. O da Hüseynlə birlikdə gedib kabeli düzəltmək üçün həmin restoranın damının üstünə çıxdılar və hadisə baş verdi. Onu həmin gün heç kim işə çağırmamışdı. Qurman restoranın İlhama məxsus olmasını hadisədən sonra bilmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan AZ-İİ 159908 nömrəli, 13 iyul 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci ildə elektrik cərayanının təsirindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin iyul ayının 13 günündə 465 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-63/2022 saylı hökmündən görünür ki, Şahid1 əməlində cinayət tərkibi olmadığına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-63/2022 saylı hökmündən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Səbail rayon prokurorluğuna ünvanladığı xx.xx.2021-ci il tarixli, **********1 saylı məıktubunda göstərmişdir ki, "xxxx" MMC-nin işçisi X2 03 iyul 2021-ci ildə ünvan 3 ünvanında yerləşən “Qurman” restoranının dam öryüyünün yaxınlığından keçən elektrik cərəyanı xəttinə dəyməsi nəticəsində hadisə yerində ölməsi faktı ilə bağlı X11 Xidmətində araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubda H.Mirzəyevin xx.xx.2020-ci il tarixdə fəhlə peşəsinə işə qəbul edildiyi, müəssisədə 5 günlük iş rejiminin olduğu, xx.xx.2021-ci il il tarixdə, həftənin 6-cı günü müəssisə tərəfindən heç bir işçinin işə çıxması haqqında göstəriş və əmr verilmədiyi, H.Mirzəyevin hadisə yerinə hansı səbəbdən getdiyi ilə bağlı cəmiyyət rəhbərliyinin məlumatı olmadığı, nə “Qurman” restoranı ilə , nə də restoranın ərazisində olan 6000 kVluq elektrik xəttinin və optik kabelin cəmiyyətlə heç bir əlaqəsinin olmadığı göstərilmişdir. Cəmiyyətin icraçı direktoru Elnur Süleymanlı ilə telefon əlaqəsi saxlanılmış və hadisə şahidlərinin izahat verməsi üçün X11 Xidmətinə göndərilməsi xahiş edilmiş, lakin həmin şəxslərin göndərilməsi təmin edilməmişdir. Qeyd olunanlara əsasən H.Mirzəyevin ölümü ilə nəticələnmiş halın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş ”İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində nəzərdə tutulmuş hallara uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadığından tərəflərindən baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılmamışdır. Prokurorluq tərəfindən aparılan araşdırma zamanı H.Mirzəyevin ölümünün əmək fəaliyyəti və cəmiyyətin mənafeyi ilə bağlı iş görərkən olduğu müəyyən edildiyi halda müvafiq sənədlər əlavə edilməklə məlumat verilməsi, o cümlədən əmək qanunvericiliyi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hər hansı bir maddəsinin pozulması aşkar olunduğu təqdirdə qəbul edilmiş müvafiq qərarın X11 Xidmətinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Azərbaycan Respublikaı Nazirlər Kabinetinin 2000-ci il 20 fevral tarixli 27 saylı qərarı ilə təstiq edilmiş, «İstehsalatda baş verən bədbəx hadisələrin təhqiqi və uçota alınması» haqqında qaydaların 2.1-bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisənin təhqiqatı X12 rəisinin (və ya onun tapşırığı ilə X11 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının həyat yoldaşının ölümünün təhqiqatı ilə əlaqədar X11 Xidməti tərəfindən komissiya yaradılmamış və istehsalatda baş verən bədbəx hadisə barədə İZ formalı akt tərtib olunmamışdır. İddiaçı həyat yoldaşının ölümündə cavabdeh müəssisənin təqsirli olmasına və hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana" qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutların olmaması irəli sürülən tələbin əsassızlığını təsdiq edir, ona görə də, məhkəmə hesab edir ki, iddianın təminindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ailə başçısının ölümü nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar