Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1039/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, sağ gözünə mirvari suyu gəldiyinə görə müayinə və müalicə üçün o, “Dünyagöz” Xəstəxanasına müraciət etmişdir. “Dünyagöz” xəstəxanasında çalışan türk oftolmoloq Dorukan Akıncı əməliyyata göstəriş vermiş və 4.000 manat məbləğində ödəniş etməli olduğunu bildirmişdir. Bu zaman o, həkimə tənha, ahıl yaşlı qadın olduğunu, 285 manat pensiyadan başqa heç bir gəlir yerinin olmadığını, o məbləği verə bilməyəcəyini demiş və əməliyyat etdirmək istəməmişdir. Daha sonra Dorukan Akıncının yanında çalışan köməkçiləri ona zəng edərək, əməliyyatı 2.000 manata edəcəklərini bildirmişlər. Beləliklə o, Tibbi sığorta və qonşuların topladığı müəyyən məbləğlə xx.xx.2022-ci il tarixində “Dünyagöz” xəstəxanasında oftolmoloq Dorukan Akıncı tərəfindən sağ gözünün su kanalından əməliyyat olunmiş və sadəcə bir gün xəstəxanada qalmışdır. Əməliyyatdan 3 ay müddət keçməsinə baxmayaraq, gözü görməmişdir. O, görmə qabiliyyətini tamamilə itirmişdir. Bununla bağlı xəstəxanaya müraciət edərək “əməliyyat heç bir nəticə vermədi, qonşuların pulunu qaytarmalıyam, əməliyyatdan sonra görmə qabiliyyətimi tamamilə itirmişəm“ deyib pulunu tələb etmişdir. Bu zaman onlar kobud şəkildə cavab verərək ona məhəl qoymamışlar. Daha sonra məsələ ilə bağlı Türkiyə Respublikası Səhiyyə X3 teleqram göndərmişdir. Fəxrəddin Hoca canlı açıb videogörüntü vasitəsi ilə onunla danışmış və bildirmişdir ki, əməliyyat Azərbaycanda icra edilib, bununla bağlı təzminat tələbi ilə o, məhkəməyə müraciət etməlidir. Eyni zamanda məsələnin araşdırılması ilə bağlı X1 X2 Genel Müdürlüyünə də müraciət etmiş və onlar Azərbaycanda fəaliyyət göstərən X4 Xəstəxanasının ölkədən xaricdə fəaliyyətlərinin və fiyatlandırmalarının öhdələrində olmadığını və səlahiyyətləri xaricində olduğunu bildirmişlər. Eyni zamanda, bildirmək istəyir ki, xx.xx.2024-ci il tarixdə göndərdiyi pretenziya məktubuna qarşı “Dünyagöz” xəstəxanasının cavabı, onların necə məsuliyyətsiz olduğlarının rəsmi sübutudur. Belə ki, onlar səhvlərini boyunlarına almayaraq, “sizin gözünüzdə icra olunan göz yaşı kanalı əməliyyatının görmə qabiliyyəti ilə heç bir bağlılığı yoxdur“ deyə özlərini absurd bir şəkildə müdafiə etmişlər. Hər halda, o, birdən-birə görmə qabiliyyətini itirməyə başlamamış, bu məhz əməliyyatdan sonra baş vermişdir. O, çox çarəsiz, köməksiz qalmışdır. Hesab edir ki, “Dünyagöz” xəstəxanası tərəfindən ona dəymiş 2.000 manat məbləğində zərər ödənilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “Dünyagöz” xəstəxanasından 2.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, sağ gözündə əməliyyat olub, əməliyyat qüsurlu olub, həkim səhlənkarlığı ucbatından əməliyyat düzgün aparılmadığı üçün o, görmə qabiliyyətini itirmişdir. Hazırda pulu tələb edir ki, təkrar əməliyyat etdirsin. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində Dünyagöz klinikasına hər iki gözünüzdə sulanma şikayəti ilə müraciət etmişdir. Dr. Dorukcan Akıncıoğlu tərəfindən aparılan göz müayinəsi nəticəsində iddiaçıya göz yaşı kanalı əməliyyatı məsləhət görülmüşdür. Müayinə nəticəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixində məsləhət görülmüş Jones tüpü yerləşdirilməklə Konjonktival DSR əməliyyatı uğurla icra edilmişdir. Pasiyent xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində yenidən həkim tərəfindən ödənişsiz müayinə olunmuşdur. Gözə daxil edilmiş tüpü yoxlamaq üçün xx.xx.2022-ci il tarixində ödənişsiz olaraq kiçik bir müdaxilə edilmişdir. İddiaçıya sonuncu dəfə xx.xx.2022-ci il tarixli müayinə zamanı ödənişsiz olaraq təkrar əməliyyat edilməsi məsləhət görülmüşdür. Lakin pasiyent yenidən əməliyyat etdirmək istəmədiyini bildirərək etiraz etmişdir. İddiaçının gözündə yerləşdirilən tüpün yoxlanılması üçün onunla əlaqə saxlanılıb müayinə üçün xəstəxanaya dəvət edilib, lakin iddiaçı gəlməkdən imtina etmişdir. İddiaçı Xəstəxanada sonuncu dəfə uzun müddət öncə xx.xx.2022-ci il tarixində müayinə olunub. İddiaçı aradan uzun müddət keçdikdən sonra məhkəməyə müraciət edərək əməliyyatın nəticə vermədiyini və görmə qabiliyyətini tamamilə itirdiyini iddia edərək əməliyyat ödənişinin geri qaytarılmasını tələb etmişdir. İcra olunan göz yaşı kanalı əməliyyatının görmə qabiliyyəti ilə heç bir bağlılığı yoxdur. Həmin əməliyyat görmə qabiliyyətinin pisləşməsinə və itirilməsinə təsir edə bilməz. İddiaçı aparılmış əməliyyatın heç bir nəticə vermədiyini, görmə qabiliyyətini tamamilə itirdiyini bildirir. Onun əməliyyat nəticəsində görmə qabiliyyətini itirməsi ilə bağlı irəli sürülən arqument tamamilə əsassızdır. İddiaçı bunu əsaslı faktlarla sübut edə bilməmişdir. Belə ki, iddiaçı Xəstəxanada hər iki gözündə sulanma şikayəti ilə müraciət etmişdir. Gözündə aparılan müayinə nəticəsində iddiaçıya göz yaşı kanalı əməliyyatı məsləhət görülmüşdür. Bu əməliyyat gözdə göz yaşı kanalı tıxanıqlığını aradan qaldırmaq üçün icra edilən əməliyyatdır. Əməliyyat alt göz qapağında, göz yaşı kanalında icra edilir və göz almasına, eləcə də gözün görmə qabiliyyətinə heç bir aidiyyəti yoxdur. Müayinə sənədlərindən və epikriz sənədlərindən aydın olur ki, iddiçının gözündə lazımı əməliyyat uğurla icra edilmişdir. Həmin əməliyyatın pasiyentin görmə qabiliyyətinə təsir etməsi, görmə qabiliyyətinin itirilməsi ilə nəticələnməsi qətiyyən mümkün deyil. Nəzərə almaq lazımdır ki, əməliyyatdan artıq uzun müddət keçib. İddiaçının gözündə digər xəstəliyin mövcudluğu və ya inkişafı ilə əlaqədar olaraq görmənin pozulması ehtimal yüksəkdir. İddiaçının görmə qabiliyyəti itirilibsə də gözündə yaranan başqa bir problem səbəbindən itirilmişdir. Uzun müddət müayinədə olmadığı üçün isə bunun hansı səbəbdən baş verdiyi cavabdehə məlum deyil. Ümumiyyətlə bir il yarımdan çox bir müddətdir ki, klinikada müayinə və müalicəyə gəlməyən bir pasiyentin gözündə yaranan problemə görə klinikanı təqsirkar bilməsi tamamilə absurddur. Hazırki iş üzrə mülki hüquq pozuntusunun baş verməsi üçün iddiaçının gözündə icra edilən əməliyyatın iddiaçının gözünün görmə qabiliyyətinin itirilməsinə səbəb olması iddiaçı tərəfindən sübut edilməlidir. Lakin iddiaçı məhkəməyə bunu sübut edəcək heç bir dəlil təqdim edə bilməmişdir. İddiaçının əməliyyatdan sonrakı müayinə sənədlərindən də görünür ki, əməliyyat uğurla icra edilmişdir. Görmə qabiliyyətinin itirilməsinin aparılmış əməliyyat nəticəsində meydana gəlməsi sübut edilmədiyi üçün yaranan problem ilə icra edilmiş əməliyyat arasında səbəb-nəticə əlaqəsi mövcud deyildir. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, ekspert rəyi ilə də aparılan cərrahi əməliyyatının düzgün icra edildiyi, iddiaçının hazırkı səhhətində olan problemin əməliyyatla səbəbli əlaqəsinin olmaması müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş Dorukcan Akıncıoğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında əlavə edilmiş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə şikayətləri ilə əlaqədar klinikaya müraciət etmişdir. Diaqnoz: “Lakrimal pasajda stenoz və yetməzlik”. Preop/Postop sağ və sol göz: görmə alınmadı. Xəstəyə xx.xx.2022ci il tarixdə “Boru implantı ilə konyunktival rinostomiya – sağ göz” cərahiyyə əməliyyatı icra edildi. Əməliyyatın gedişi: Klassik cərahhiyyəyə hazırlıq zamanı ümumi anesteziya altında karunkulun kəsilməsi aparıldı, orta turbin çıxarıldı, ölçü aparıldı, 18,19 mm boru tələb olundu və bizdə 15 mm boru olduğu üçün qoyuldu. Müayinə zamanı xəstəyə mövcud borunun çox qısa olduğu üçün daha uzun bir boru ilə əvəz edilməsi lazım olduğu bildirildi, lakin qısa müddətdə şikayətlərinin azalacağı izah edildi, qısa uzuqluğuna görə bir müddəti sonra bağlanır. Müayinələr zamanı xəstəyə borunun daha uzunu ilə əvəz olunacağı deyilsə də, xəstə bunu istəməyib. xx.xx.2022-ci il tarixdə müayinə zamanı sağ göz SPH+1.50; CYL-0,25; AXİS 85; sol göz SPH +0,75; CYL-1,75; AXİS 45. xx.xx.2022-ci il tarixdə müayinə zamanı sağ göz SPH+1,00; CYL-0,25; AXİS 145; sol göz SPH+0.25; CYL-2,50; AXİS 35. İş materiallarında əlavə edilmiş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə şikayətləri ilə əlaqədar klinikaya müraciət etmişdir. Diaqnoz: “Konyuktiva pozğunluqları. Lakrimal keçiddə stenoz və çatışmazlıq”. xx.xx.2022-ci il tarixdə “Qreft ilə konyunktiva plastik – sağ göz” cərrahiyyə əməliyyatı icra edildi. Sağ göz ön seqment-Kongeal qranuloma borunu örtür. Yerli amesteziya altında kliniki cərrahiyyəyə hazırlandı və blokdan sonra disseksiya borusundan istifadə edilərək 6-0 vikrillə bərkidildi və əməliyyat sonlandırıldı. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş GDĞ/1 seriyalı 215331 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən əməliyyat üçün 300 manat pul ödənilmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş GDĞ/1 seriyalı 214724 nömrəli, xx.xx.2022-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən əməliyyat üçün 700 manat pul ödənilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh Xəstəxanasına ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, sağ gözünə mirvari suyu gəldiyinə görə müayinə və müalicə üçün o, “Dünyagöz” Xəstəxanasına müraciət etmişdir.Xəstəxanada çalışan türk oftolmoloq Dorukan Akıncı əməliyyata göstəriş vermiş və 4.000 manat məbləğində ödəniş etməli olduğunu bildirmişdir. Bu zaman o, ona tənha, ahıl yaşlı qadın olduğunu, 285 manat pensiyadan başqa heç bir gəlir yerinin olmadığını, o məbləği verə bilməyəcəyini demiş və əməliyyat etdirmək istəməmişdir. Daha sonra Dorukan Akıncının yanında çalışan köməkçiləri ona zəng edərək, əməliyyatı 2.000 manata edəcəklərini bildirmişlər. Beləliklə o, Tibbi sığorta və qonşuların topladığı müəyyən məbləğlə xx.xx.2022-ci il tarixində “Dünyagöz” xəstəxanasında oftolmoloq Dorukan Akıncı tərəfindən sağ gözünün su kanalından əməliyyat olunmuş və sadəcə bir gün xəstəxanada qalmışdır. Əməliyyatdan 3 ay müddət keçməsinə baxmayaraq, gözü görməmişdir. O, görmə qabiliyyətini tamamilə itirmişdir. Bununla bağlı xəstəxanaya müraciət edərək “əməliyyat heç bir nəticə vermədi, qonşuların pulunu qaytarmalıyam, əməliyyatdan sonra görmə qabiliyyətimi tamamilə itirmişəm“ deyib pulunu tələb etmişdir. Bu zaman onlar kobud şəkildə cavab verərək ona məhəl qoymamışlar. O, çox çarəsiz, köməksiz qalmışdır. Hesab edir ki, “Dünyagöz” xəstəxanası tərəfindən ona dəymiş 2.000 manat məbləğində zərər ödənilməlidir. İş üzrə Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixdə müayinə nəticəsində uyğun olaraq məsləhət görülmüş Jones tüpü yerləşdirilməklə Konjonktival DSR əməliyyatı uğurla icra edilmişdir. Klinikaya ünvanlandığı məktubda İddiaçı əməliyyatın nəticə vermədiyini və görmə qabiliyyətini tamamilə itirdiyini iddia edərək əməliyyat ödənişini geri qaytarılmasını tələb etmişdir. İddiaçı gözündə icra olunan göz yaşı kanalı əməliyyatının görmə qabiliyyəti ilə heç bir bağlılığı yoxdur. Bundan başqa, İddiaçı gözündə yerləşdirilən tüpün yoxlanılması üçünonunla əlaqə saxlamış və müayinə üçün xəstəxanaya dəvət etmişlər. Ahıl yaşlı xanım olduğunu nəzərə alınaraq sürücü ilə təmin etməyi təklif etsələr də, dəvətini rədd etmişdir. Onu da qeyd etmək lazımdır ki, İddiaçı klinikaya sonuncu dəfə uzun müddət öncə - xx.xx.2022-ci il tarixdə müayinə olmuşdur. Odur ki, yuxarıda qeyd edilənləri, həmçinin əməliyyatın uğurlu icra edildiyini, klinika tərəfindən İddiaçı qarşı hər hansı bir pozuntusuna yol verilmədiyini nəzərə alaraq əməliyyat ödənişini geri istənilməsinə əsas olmadığını bildirmişlər. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 461/KEŞ saylı rəyinə əsasən, 1954-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. “Dünyagöz” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Lakrimal pasajda stenoz və yetməzlik” diaqnozu düzgün təyin edilmişdir. Xəstənin üzərində “Boru implantı ilə konyunktival rinostomiya – sağ göz” cərrahiyyə əməliyyatı icra edilmişdir. “Dünyagöz” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə klinikaya müraciət etmiş və “Konyuktiva pozğunluqları. Lakrimal keçiddə stenoz və çatışmazlıq” diaqnozu təyin edilmişdir. Xəstənin üzərində “Qreft ilə konyunktiva plastik-sağ göz” cərrahiyyə əməliyyatı icra edilmişdir.
3. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı müəyyən edilən “Lakrimal pasajda stenoz və yetməzlik” ilə əlaqədar onun üzərində cərrahiyyə əməliyyatı edilmişdir.
4. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatları düzgün yerinə yetirilmişdir. Belə ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda görmə qabiliyyətinin VisOD 0,05 k/v; VisOS 0,1 k/v və “OD-dakriosistit. Başlanğıc katarakta. OS-Artifakiya”nın olduğu müəyyən edilmişdir. Xəstədə burun-yaş yolları təkrar bağlandığından xəstənin təkrari dikriosistorinostomiya cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Xəstədə müəyyən edilən burun-yaş kanallarının təkrar bağlanması və görmə qabiliyyətinin zəifləməsi katarakta xəstəliyi ilə əlaqədar yaranmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə “Dünya Göz Azərbaycan“ MMC-yə müraciət etmiş və müayinədən sonra ona «Lakrimal pasajda stenoz və yetməzlik» diaqnozu qoyulmuşdur. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə iddiaçı üzərində “Boru implantı ilə konyunktival rinostomiya – sağ göz” cərrahiyyə əməliyyatı aparılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə təkrarən klinikaya müraciət etmiş, müayinədən sonra ona “Konyuktiva pozğunluqları. Lakrimal keçiddə stenoz və çatışmazlıq” diaqnozu təyin edilmiş və xx.xx.2022-ci il tarixdə iddiaçı üzərində “Qreft ilə konyunktiva plastik – sağ göz” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun üzərində aparılmış cərrahiyə əməliyyatı nəticəsində görmə qabiliyyəti tamamilə itirildiyinə görə, o, Cavabdeh MMC tərəfindən ona dəymiş 2000 manat məbləğində zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının üzərində aparılmış əməliyyatların uğurlu olub-olmamasını müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir . Verilmiş ekspert rəyi ilə müyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Lakrimal pasajda stenoz və yetməzlik” diaqnozu düzgün təyin edilmişdir. Xəstənin üzərində “Boru implantı ilə konyunktival rinostomiya – sağ göz” cərrahiyyə əməliyyatı icra edilmişdir. “Dünyagöz” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə klinikaya müraciət etmiş və “Konyuktiva pozğunluqları. Lakrimal keçiddə stenoz və çatışmazlıq” diaqnozu təyin edilmişdir. Xəstənin üzərində “Qreft ilə konyunktiva plastik-sağ göz” cərrahiyyə əməliyyatı icra edilmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı müəyyən edilən “Lakrimal pasajda stenoz və yetməzlik” ilə əlaqədar onun üzərində cərrahiyyə əməliyyatı edilmişdir.İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatları düzgün yerinə yetirilmişdir. Belə ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda görmə qabiliyyətinin VisOD 0,05 k/v; VisOS 0,1 k/v və “ODdakriosistit. Başlanğıc katarakta.OS-Artifakiya”nın olduğu müəyyən edilmişdir. Xəstədə burun-yaş yolları təkrar bağlandığından xəstənin təkrari dikriosistorinostomiya cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Xəstədə müəyyən edilən burun-yaş kanallarının təkrar bağlanması və görmə qabiliyyətinin zəifləməsi katarakta xəstəliyi ilə əlaqədar yaranmışdır. Göründüyü kimi ekspert rəyi ilə iddiaçı üzərində cərrahiyyə əməliyyatlarının hər hansı pozuntu olmadan həyata keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda ekspert rəyi ilə İddiaçı müəyyən edilən burun-yaş kanallarının təkrar bağlanması və görmə qabiliyyətinin zəifləməsi katarakta xəstəliyi ilə əlaqədar yaranması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd edilən Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin tələblərinə əsasən cavabdehin iddiaçı qarşısında vurulmuş ziyanla bağlı öhdəliyinin yaranması üçün, vurulmuş ziyanın real olmasını təsdiq edən sübutlar olmalı, eyni zamanda hüquq pozuntusu ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Lakin iddiaçı nə cavabdehin mülki hüquq pozuntusu törətməsi ilə bağlı, nə də ki, cavabdehin hərəkətləri nəticəsində ona 2000 manat ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə iddiaçı üzərində cərrahi əməliyyatların hər hansı bir pozuntu ilə aparılması müəyyən edilmədiyindən və bu hal iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapdığından, eyni zamanda iddiaçı tərəfindən bu halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından, irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ziyanın tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. İddiaçıda müəyyən edilmiş burun-yaş kanallarının təkrar bağlanması və görmə qabiliyyətinin zəifləməsi katarakta xəstəliyi ilə əlaqədar yaranması və ona aparılmış cərrahiyyə əməliyyatları arasında səbəbli əlaqə olması müəyyən edilmədiyindən, eyni zamanda iddiaçı cavabdehin hərəkəti nəticəsində ona 2000 manat maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 40 (qırx) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏTETDİ:
İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən 2.000 (iki min) manat məbləğində pulun alınıb ona verilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev