Məhkəmə qərarları › İş №2(009)-1057/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1057/2021

20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1057/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh Xaqani oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh Xaqani oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, ünvan 1 ünvanında İddiaçı1 məxsus 21 və 22 No-li mənzillərə, İddiaçı2 məxsus 3 və 5 No-li mənzillərə və İddiaçı3 məxsus 8 və 13 No-li mənzillərə hər mənzil üçün 500 manat olmaqla 17 No-li evin qapısına və mənzillərə domofon-kamera quraşdırılmışdır. Binanın çol qapısını taxta qapıdan dəmir qapıya çevirmək üçün qonşu və Cavabdeh hər birindən 100 manat olmaqla pul yığıb və taxta qapını dəmir qapıya çevirmişdir. Həmin vaxt küçə qapısında yerləşdirilmiş domofon-kameranı sıradan çıxardaraq ləğv etmişdir. Nəticədə İddiaçı1 2 mənzil üçün 1000 manat, İddiaçı3 2 mənzil üçün 1000 manat və İddiaçı2 2 mənzil üçün 1000 manat ziyan vurmuşdur. Dəfələrlə cavabdehə müraciətləri nəticəsiz qalmış və onları aldadaraq hər dəfə söz versə də, əməl etməmişdir. Buna görə də İddiaçı1 tərəfindən dəfələrlə DİN və Səbail rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə şikayətlər ünvanlanmış və sahə rəisi də bu barədə Cavabdehla söhbət edib domofon-kameranı bərpa etməsi xahiş olunmuşdur. Şikayətlərə cavab olaraq Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəisi İlqar Qafarov xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçılar Cavabdeh Xaqani oğlundan iddiaçılar İddiaçı1 xeyrinə 1000 manat, İddiaçı2 xeyrinə 1000 manat, İddiaçı3 xeyrinə 1000 manat alınaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış İddiaçı1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, Vəfadar 2009cu ildə onların yaşadığı evə gəlmiş, o vaxt 100 manat pul yığaraq Vəfadara vermişlər ki, binanın taxta giriş qapısı dəmir qapı ilə əvəz olunsun. Vəfadan qapını dəyişmiş, lakin taxta qapı mövcud olarkən quraşdırılmış damofonu quraşdırmamışdır. O Vəfadara 1000 manat pul verməmişdir. İki mənzil üçün 500 manat verib damofon almış, ustaya da 500 manat verib quraşdırmışdır. Vəfadardan 1000 manat pul istəyirlər ki, başqa usta tapıb damofonu girəcəkdə quraşdırsın və gələn insanları görüntü ilə görə bilsinlər. Məhkəmə iclasında izahatı alınmış İddiaçı2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, Vəfadar onun keçmiş həyat yoldaşıdır, 2009-cu ildə həmin evə köçmüşlər, Vəfadar evdə olan damofonları sındırmışdır. 1000 manat tələb edir ki, mənzilində damofonlar quraşdırılsın. Məhkəmə iclasında izahatı alınmış İddiaçı3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, onun heç də məqsədi Vəfadardan pul almaq deyil. Vəfadara 1000 manat pul verilməmişdir, lakin onların 100 manat yığıb giriş qapısı dəmir qapı ilə dəyişdirildikdən sonra Vəfadar mövcud olmuş damofonu quraşdırılmasına söz versə də, bunu etməmişdir. Vəfadar ya damofonu quraşdırmalı, ya da onlara pul verməlidir ki, özləri quraşdırsınlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh Xaqani oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçıların izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh iddiaçılara məxsus hər mənzil üçün 500 manat olmaqla, mənzillərə və evin qapısına domofon-kamera quraşdırılmışdır. Sonra cavabdeh hər iddiaçıdan 100 manat məbləğində pul yığaraq binanın çöl qapısını taxta qapıdan dəmir qapıya dəyişmiş və küçə qapısında yerləşdirilmiş domofon-kameranı sıradan çıxardaraq ləğv etmişdir. Nəticədə cavabdeh hər iddiaçıya 1000 manat ziyan dəymişdir. Bu səbəbdən iddiaçılar cavabdehdən vurulmuş ziyanın əvəzi kimi cəmi 3000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. AR Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçılarla cavabdeh arasında mənzillərə və evin qapısına kamera-domofon quraşdırılması ilə bağlı hər hansı müqavilənin bağlanması, cavabdehin belə işlərin görülməsi ilə bağlı hər hansı öhdəlik götürməsi və iddiaçılar tərəfindən cavabdehə işlərin görülməsi üçün 3000 manat pul verməsi hər hansı sübutla təsdiq olunmur. Məhkəmə iclasında iddiaçılar özləri də etiraf etmişlər ki, Cavabdeh hər biri 1000 manat olmaqla cəmi 3000 manat pul verilməmişdir. Yəni iddiaçılar iddia ərizəsində qeyd olunan hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.4-cü maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı). Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılarla cavabdeh arasında binada və mənzillərdə kamera-domofon sisteminin quraşdırılması ilə bağlı hər hansı müqavilənin bağlanılmasını, iddiaçılar tərəfindən cavabdehə işlərin yerinə yetirilməsi üçün 3000 manat məbləğində pul verilməsini təsdiq edən mötəbər sübutlar təqdim olunmadığından, bununla da cavabdehin iddiaçılara ziyan vurması və həmin ziyanın vurulması nəticəsində iddiaçılar qarşısında öhdəliyin yaranması müəyyən olunmadığından, irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh Xaqani qarşı dəymiş maddi zərərin əvəzi kimi İddiaçı1 xeyrinə 1000 manat, İddiaçı2 xeyrinə 1000 manat və İddiaçı3 xeyrinə 1000 manat məbləğində pulun tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar