Məhkəmə qərarları › İş №2(009)-1060/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1060/2025

14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1060/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş 40.000 (qırx min) manat dəymiş maddi ziyanın və əldən çıxmış faydanın cavabdehdən alınıb iddiaçıya ödənilməsi, xx.xx.2024-cü il tarixindən müqaviləyə xitam verildiyi xx.xx.2024-cü il tarixinədək dövrü əhatə edən müddət ərzində ödənilən may, iyun və iyul aylarının icarə haqqı ödənişi 1050 AZN və may ayı daxil olmaqla oktyabr ayına qədər icarə haqqından ödənilən 285 AZN (14 % vergi məbləği) cavabdehdən alınıb iddiaçıya ödənilməsi, məhkəmə üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən əvəzi alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, Xətai rayonu Sarayevo küç.121E ünvanında yerləşən qeyriyaşayış obyekti ilə bağlı icarə elanı bina.az web saytında Real Əmlak Parlament filialı tərəfindən paylaşılmışdır. Obyekt hər bir kommunal xidmətlərin tam təmin edildiyi və aylıq icarə haqqı 350 AZN olan elanı bina.az saytında Yasin adlı şəxs tərəfindən (+**********34, +**********70) Real Əmlak Parlament filialı tərəfindən paylaşıldığı üçün 27 aprel 2024-cü il tarixində qeyd edilən əlaqə nömrəsi ilə əlaqə saxlayıb, 29 Aprel 2024-cü il tarixində isə may ayının icarə haqqı ödənişi 350 manatdan beh olaraq 100 manat nəğd şəkildə Yasin adlı şəxsə ödəyərək icarəyə götürmüşlər. May ayının qalan icarə haqqı 250 manat ödənişi isə Yasin adlı şəxsin Kapital Bank debet kartına (kart nömrəsi **********012816) xx.xx.2024-cü il tarixində ödənilmişdir. Bu müddət ərzində çıxarış sənədi üzrə obyekt sahibi Cavabdeh ölkə xaricində olduğu bildirilmiş, onun yerinə 7E-14999 reyestr nömrəli etibarnamə əsasında X2 tərəfindən 10 may 2024-cü il tarixində icarə müqaviləsi imzalanmışdır. 19 iyun 2024-cü il tarixindən 7E-14999 reyestr nömrəli etibarnamə əsasında X2 (+**********78) və 27 aprel 2024-cü il tarixindən həm Real Əmlak Parlament filialı əməkdaşı, həm də Ceyhun Paşayevin işçisi Yasin adlı şəxs, həmçinin Yasin adlı şəxsin işdən azad olunduqdan sonra xx.xx.2024-cü il tarixindən etibarən Ceyhun Paşayevin işçisi Orxan (+**********84) adlı şəxs ilə daim əlaqə saxlanılmışdır. Aralarında bağlanan 10 may 2024-cü il tarixli müqavilə eyni tarixdə tərəflərindən Dövlət Vergi Xidmətinə müraciətləri əsasında qeydiyyata alınma və obyekt kodu alınması üçün müraciət edilsə də, müqavilə cavabdeh tərəfindən notarial və ya asan imza ilə imzalanmayıb, təsdiqlənmədiyi üçün Dövlət Vergi Xidmətində qeydiyyata almaq və obyekt kodu almaq mümkün olmamışdır. 10 may 2024-cü il tarixindən imzalanan müqavilədə müddətin 11 aydan çox yəni 1 (bir) illik 10 may 2025-ci il tarixinə qədər olduğu qeyd edilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanununun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti 11 (on bir) aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. X4 Xidməti tərəfindən qeydiyyata almalı olduqlarının vacibliyini, icarə müqaviləsinin rəsmi şəkildə notarial və ya asan imza ilə imzalanıb bağlanmalı olduğunu bildirsələr də yalnız 19 iyun 2024-cü il tarixində rəsmi notarial müqavilə imzalanmışdır. 19 iyun 2024-cü il tarixində Dövlət Vergi Xidmətinə müraciətləri əsasında, xx.xx.2024-cü il tarixində Dövlət Vergi Xidməti tərəfindən obyektin uçota alınması təsdiqlənmişdir. 10 may 2024-cü il tarixindən başlayan icarə müqaviləsi MMC olaraq dəfələrlə edilən təkidləri nəticəsində xx.xx.2024-cü il tarixində notarial qaydada Cavabdeh əvəzinə nümayəndə X2 (7E-14999 Reyestr nömrəli etibarnamə əsasında) ilə imzalanmışdır. Müqaviləyə əasən ünvan 2 ünvanında yerləşən 46.1 kv.m qeyri-yaşayış sahəsi onlar MMC-ə icarəyə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə 10 may 2024-cü il tarixindən başlamaqla 1 il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, icarə haqqı 406.98 manat təşkil etmişdir. Bu məbləğdən 14%, yəni 56.98 manat vergi qismində büdcəyə, 86%, yəni 350 manat isə icarəyəverənin bank hesabına köçürməli və ya nəğd ödənməlidir. Bu müddət ərzində də 10 may 2024 - 19 iyun 2024-cü il tarixlərində fəaliyyət göstərməkləri mümkün olmamışdır. Çünki rəsmi icarə müqaviləsi olmadan vergi ödəyicisi olaraq öz təsərrüfat subyektini (obyektini) vergi orqanında uçota ala bilməmiş və buna görə də onlara Vergi Məcəlləsinin 58.2-1 maddəsinə əsasən 400 manata qədər maliyyə sanksiyası ilə tətbiq olunacaqdı. Cavabdeh aid aktiv VÖEN və ya Asan İmza mövcud olmadığı üçün və müqavilə şərtlərinə görə "3.1 İcarəçinin öhdəlikləri: 3.1.1. İcarəçi fəaliyyət göstərdiyi sahələrə aid sənədləşmələri özü aparır və onların düzgünlüyünə ancaq özü cavabdehdir.“ deyə bəndə əsasən Dövlət Vergi Xidməti tərəfindən onlara cərimə edilə biləcək maliyyə sanksiyalarına görə həmin dövr ərzində obyektdə fəaliyyət göstərə bilməmişlər. Həmçinin 19 iyun 2024-cü il tarixinə qədər notarial və ya asan imza ilə imzalanmış müqavilə mövcud olmadığı üçün, obyekt kodu alınmadığı və fəaliyyətlərini Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata ala bilmədikləri üçün müqaviləsiz işlədilən hər işçiyə görə də əlavə Dövlət Vergi Xidməti tərəfindən cərimə tətbiq olunacaqdı. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan 2 min manatadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 10 may 2024-cü il tarixdən başlayan və 19 iyun 2024-cü il tarixində imzalanan notarial müqavilənin 3.2 bəndinə əsasən "Müqavilənin qüvvədə olma müddətində icarəçi tərəfindən icarə sahəsindən qanun çərçivəsində heç bir maneçilik olmadan istifadə etməsinə zəmanət verir” qeyd edilib imzalanmasına baxmayaraq, təəssüflər olsun ki, nə etibarnamə əsasında səlahiyyətli şəxs Ceyhun Paşayev, nə də onun işçisi Yasin adlı şəxs müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişlər. Belə ki, müqavilənin əlavəsi kimi qeyd edilən təhvil-təslim aktı olmasına baxmayaraq əvvəlki icarədarların hərəkətləri nəticəsində obyektin istifadə edilən və ödənilməyən işıq xəttinin borcu, işləməyən su sayğacı, yararsız halda qoyub gedilən kanalizasiya xəttinin partlaması nəticəsində yaranmış problemlər yeni gələn icarədara yansıdılır. Obyektin şəraitini yararsız hala gətirən şəxs və ya şəxslərə təmir elətdirib, obyekti tam istifadəyə yararlı halda təmin edib, yeni gələn icarədara icarəyə vermək yerinə, istifadəyə yararsız halda icarəyə verilir. Buna nümunə olaraq 29 aprel 2024-cü il tarixində Yasin obyekt elanının Real Əmlak elanına aid edildiyi üçün göstərilən Xidmət haqqının ödənilməsi əvəzinə obyektdə mövcud olan işıq xəttinin borcu 37 AZN və 10 AZN işıq sayğacının qoşulması adı ilə ödənişi etməklərini xahiş etmiş və 10 may 2024-cü il tarixində isə tərtib etdiyi təhvil-təslim aktında işıq xətti borcunun olmadığını qeyd edərək imzalanmışdı. Bütün ödənilən ödənişlərin qəbzləri həm Yasinə, həm də Ceyhun Paşayevə təqdim edilmişdir. 29 aprel 2024-cü ildən 16 may 2024-cü ilə qədər obyekt daxili divar kağızının sökülməsi, divar boyasının vurulması, yararsız halda olan su turbalarının, elektrik rozetkalarının yeniləri ilə əvəz olunması üçün usta xidməti daxil toplam olaraq 439 manat xərclənmişdir. 30 may 2024-cü il tarixində mağaza daxilində baş vermiş kanalizasiya borusunun partlaması nəticəsində icarə sahəsini bütöv kanalizasiya suyu basmış və bütün əşyalar su içərisində qalmışdır. 30 may 2024-cü ildən kanalizasiya suyu altında qalan bütün tikiş aparatları, parçalar, mebellər və digər əşyalara ziyan dəymişdir. Həmçinin obyektin vəziyyəti ilə maraqlanılmamış, kanalizasiya suyundan gələn üfunət iyisindən isə obyekt içərisində fəaliyyət göstərmək və ümümumiyyətlə dayanmaq mümkünsüz olmuşdur. 30 may 2024-cü il tarixində kanalizasiya borusu partlayan gün Ceyhun Paşayev və Yasin adlı şəxs ümumiyyətlə obyekt ilə maraqlanmamışdılar. Yasin adlı şəxs onlara Azərsu əməkdaşı ilə əlaqə saxlamalı olduqlarını bildirmiş və partlayan kanalizasiya borusunun video görüntüsünün çəkilməsini xahiş etmiş, yalnız 03 iyun 2024-cü tarixində obyektə özü gəlib baxış keçirmiş, səsli video görüntü çəkərək Ceyhun Paşayevə baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Bunun nəticəsi olaraq Ceyhun Paşayev yalnız 28 iyun 2024-cü il tarixində obyektə gəlmiş, iyun və iyul icarə haqqlarının ödənişləri edilən kimi obyektdə təmirə başlayıb, təmir ediləcəyini söz vermişdir. Dəfələrlə məsələ ilə bağlı Ceyhun Paşayev ilə əlaqə saxlanılmış, o isə həm telefon danışığında, həm də öz whatsapp yazışmasında məsələyə dəstək olacağını, bütün problemləri nəzərə alacağını və məsələnin həll ediləcəyini söz vermişdir. Müqavilə üzrə etibarnamə əsasında səlahiyyətli şəxs Ceyhun Paşayev və həm Real Əmlak əməkdaşı, həm də Ceyhun Paşayevin işçisi Yasin adlı şəxs bu məsələ ilə bağlı öhdəliklərini yerinə yetirməyi əvvəlcə söz versələr də, daha sonra sadəcə icarə haqqı ödənişini tələb edib “bu ay telefon xətti çəkilib deyə xərcimiz çıxıb, remont edə bilməyəcəyik, pəncərəni açıq saxlayın yer qurusun” deyə telefonda cavablar verərək müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdılar. Halbuki icarə elanında paylaşılan məlumatlar içərisində telefon və internet xəttinin mövcudluğu barəsində qeyd edilmişdir. Daha sonra məlum olmuşdur ki, obyektdə telefon və internet xətti mövcud deyildir və icarə elanında qeyd edilən bütün şərait ilə tam təmin edilməsi ilə bağlı məlumatlar yalandan qeyd edilmişdir. 19 iyun 2024-cü il tarixində imzalanan müqavilə əsasında Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) təsnifatı üzrə - İstehsalat obyekti – ******* X1 - üzrə Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmişdir. Həm 10 may 2024-cü il tarixindən 19 iyun 2024-cü il tarixinə qədər rəsmi icarə müqaviləsi mövcud olmadığı üçün, həm də 30 may 2024-cü il tarixindən obyekt istifadəyə yararsız halda olduğu üçün müqaviləyə xitam verilən müddətə qədər təsnifat üzrə fəaliyyət göstərə bilməmiş və istehsal ilə məşğul ola bilməmişlər. Gəlir yerlərinin ən çox öz istehsalatdan ibarət olduğunu, başqa istehsalat yerlərinin olmadığını, fəaliyyətlərinin 2022-ci ildən bəri rəsmi qaydada göstərilməsini nəzərə alaraq, istehsal etməli olduqları günlük 50 ədəd saç aksesuarını (saç rezini, obodok və bantik) aylıq 1350 ədəd, 1ədədi 5-8 AZN satışı edilən, aylıq isə 7500 manat – 12000 manat aralığında maddi ziyanda olduqlarını, 2024-cü ilin may ayından 40.000 AZN (qırx min Azərbaycan manatı) əldən çıxan fayda və maddi ziyanda olduqlarını bildirmək istəyirlər. Bunu təsdiq edən sənədlər MMC olaraq fəaliyyət göstərdikləri dövrlər ərzində aylıq satışların məbləğləri Dövlət Vergi Xidmətinə rəsmi qaydada təqdim edilmiş vergi bəyannamələrində də öz əksini tapmışdır. İstehsalat fəaliyyətlərini məcbur şəkildə dayandırdıqları və icarəverən tərəfindən müqavilə üzrə öhdəliyini yerinə yetirməyib, ancaq icarə haqqını tələb etməklə kifayətlənib, onlara dəymiş maddi ziyanının ödənilməməsi nəticəsində müflis hala gəlmiş olduqlarını bildirmək istəyirlər. Cavabdeh tərəfindən müqaviləyə xitam bildirişi 30 sentyabr 2024-cü il tarixində göndərilmiş və 3 gün müddətində ödənişin ödənilməsi tələb edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində isə müqaviləyə birtərəfli qaydada xitam vermiş və məhkəməyə qədər pretenziya məktubu göndərilmədən, xx.xx.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Ödənilən may, iyun, iyul 2024-cü il hər ay 350 AZN icarə haqqı ödənişlərinə və bunu təsdiq edən X2 tərəfindən imzalanıb göndərilən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində qeyd edilən bildirişlərdə yalnız avqust və sentyabr aylarının icarə haqqı ödənişlərinin tələbi ilə bağlı xəbərdarlıqlara baxmayaraq, vəkil və Nümayəndə1 tərəfindən Nəsimi Rayon Məhkəməsinə həm mülki, həm də müvəqqəti təminat tədbiri ilə bağlı ərizələrində 2 ay yerinə, 3 aylıq icarə haqqı ödəniş məbləği tələb edilir. Hətta vəkil və Nümayəndə1 tərəfindən 3 aylıq ödənişlə bağlı Kapital Bank MMC hesablarına həbs qoyulması ilə bağlı müvəqqəti təminat tədbiri görülməsi üçün yekun məhkəmə aktı Nəsimi Rayon Məhkəməsi tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685.2-ci bəndinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Yuxarıda göstərilən normaların məzmunundan da göründüyü kimi icarəyəverən yalnız iki halda xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsinə xitam verə bilər. İcarəyəverən tərəfindən müqavilə üzrə öz öhdəliyini rəsmi müqavilə əsasında yerinə yetirməyib, obyekti onlara tam yararlı vəziyyətdə və heç bir mane yaratmadan təhvil vermədiyi üçün avqust və sentyabr aylarının icarə haqqları icarəyəverənə ödənilməmişdir. İcarəyəverən isə bu səbəbdən xx.xx.2024-cü il tarixində müqaviləyə bildiriş ilə birtərəfli qaydada xitam vermişdir. Cavabdeh tərəfindən göndərilən bildirişlər 7E14999 reyestr nömrəli etibarnamə əsasında X2 tərəfindən imzalanmışdır. X5 öz whatsapp yazışmasında da qalan icarə məbləğinin 2 ay olduğunu qeyd etmişdir və may ayından vəkilin iddia ərizəsinə qədər müddətdə may ayının icarə haqqı ödənişi ödənilməməsi ilə bağlı icarəyəverən tərəfindən heç bir rəsmi bildiriş məktubu daxil olmamışdır. Həmçinin vəkil tərəfindən müvəqqəti təminat tədbirinin görülməsi ilə bağlı ərizəsində qeyd etdiyi kimi 13 sentyabr 2024-cü il tarixində onlara rəsmi qaydada heç bir xəbərdarlıq məktubu daxil olmamışdır. Ödənişlərin tam rəsmi qaydada bank vasitəsi ilə hesabdan hesaba köçürmə yolu ilə edilməsi üçün də icarəyəverən tərəfindən may ayından oktyabr ayına qədər rəsmi qaydada elektron qaimə təqdim edilməmişdir. Dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixində cavabdehə pretenziya məktubu göndərilsə də, bugünə qədər cavabdeh tərəfindən nə mənfi, nə də müsbət cavab məktubu daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddiaya etiraz edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin tərəflər arasında icarə münasibətinin olması və icarə haqqının qarşı tərəfdən tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Buna görə də iddia əsassızdır. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh ilə "xxxx" MMC-nin adından X3 arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı ona məxsus ünvan 2 ünvanında yerləşən 46.1 kv.m qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə 10 may 2024-cü il tarixindən başlamaqla 1 il müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, icarə haqqı 406.98 manat təşkil etmişdir. Cavabdeh bu məbləğdən 14%, yəni 56.98 manat vergi qismində büdcəyə, 86%, yəni 400 manat isə iddiaçıya ödəməlidir. - Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli təhvil təslim aktına əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, içində 1 ədəd kondisioner (Electro lux) olmaqla Nümayəndə2 təhvil verilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(006)-726/2025 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri 06 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən ödənilməmiş icarə haqqının əvəzi olaraq 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh ödənilməsi, cavabdeh "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 46.1 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılmaqla təhvil alındığı vəziyyətdə iddiaçı Cavabdeh təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun 70 manat hissəsi cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması, qalan hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir. Əsaslandırıcı hissə: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdehdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixədək icarəyə vermiş və "xxxx" MMC xx.xx.2024-cü il tarixdən başlayaraq müqavilənin icarə haqqı 406.98 manat təşkil etmişdir. Cavabdeh bu məbləğdən 14%, yəni 56.98 manat vergi qismində büdcəyə, 86%, yəni 350 manatı isə iddiaçıya ödəməlidir. İcarə müddəti xx.xx.2025-ci il tarixinədək müəyyən edilmişdir. Tərəflər arasında baglanmış müqavilənin 7.4-cü maddəsinə əsasən, icarə obyekti xx.xx.2024-cü il tarixli təhvil təslim aktına əsasən ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi, içində 1 ədəd kondisioner (Electro lux) olmaqla Cavabdeh tərəfindən Nümayəndə2 təhvil verilmişdir. "xxxx" MMC müqavilə üzrə öhdəliyini tam yerinə yetirmədyindən Cavabdeh müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2024-cü ilin 10 may - 10 iyul tarixləri üzrə icarə haqqı olaraq ödənilməyən 1050 (350x3=1050) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini, qeyri-yaşayış sahəsinin boşaldılaraq ona qaytarılmasını və əldən çıxmış faydanın ödənilməsini xahiş etmiş, iddia qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(006)-726/2025 saylı qətnaməsi ilə xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-dən ödənilməmiş icarə haqqının əvəzi olaraq 700 (yeddi yüz) manat məbləğində pul vəsaitin tutulması, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 46.1 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılmaqla təhvil alındığı vəziyyətdə iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Beləliklə də qətnamədən aydın olur ki, tərəflər arasında mübahisə, cavabdehin icarə haqqı borcunu ödəməməsi səbəbindən yaranmış və bununla bağlı iddiaya hüquqi qiymət verilmişdir. İddiaçı hazırki iddiasında 2024-cü ilin avqust və sentyabr ayları üzrə ödənilməli olan 700 manat icarə haqqı üzrə borcla bağlı qeyd edilən qanuni qüvvəsini almış məhkəmə aktı olmasına baxmayaraq xx.xx.2024-cü il tarixindən müqaviləyə xitam verildiyi xx.xx.2024-cü il tarixinədək dövrü əhatə edən müddət ərzində ödənilən may, iyun və iyul aylarının icarə haqqı ödənişi 1050 AZN və may ayı daxil olmaqla oktyabr ayına qədər icarə haqqından ödənilən 285 AZN (14 % vergi məbləği) cavabdehdən tutulmasını iddia etmişdir. Tələbin bu hissəsinin və digər hissəsi olan 40.000 (qırx min) manat dəymiş maddi ziyanın və əldən çıxmış faydanın tutulması hissəsinin əsaslandırması ondan ibarət olmuşdur ki, müqavilənin əlavəsi kimi qeyd edilən təhvil-təslim aktı olmasına baxmayaraq əvvəlki icarədarların hərəkətləri nəticəsində obyektin istifadə edilən və ödənilməyən işıq xəttinin borcu, işləməyən su sayğacı, yararsız halda qoyub gedilmiş, obyektin şəraitini yararsız hala gətirən şəxs və ya şəxslərə təmir etdirib, obyekti tam istifadəyə yararlı halda təmin edib, yeni gələn icarədara icarəyə vermək yerinə, istifadəyə yararsız halda ona icarəyə verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunvericiliyə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Həmin Məcələnin 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldə çıxmış fayda) «zərər» anlayışı ilə əhatə olunur. Başqa sözlə, qanunvericilik zərərin ödənilməsi ilə bağlı istənilən tələbin öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuranşəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlilərdən məhrum olması başa düşülür. Hüququ pozulmuş şəxsin əmlakının zədələnməsi nəticəsində ona dəymiş real ziyan zədələnmiş əmlakın bərpasına, yəni ilkin vəziyyətin bərpasına sərf edilmiş xərc miqdarında müəyyən edilir. Əgər əmlakın öz əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa, zərərçəkmiş şəxs həmin əmlakdan məhrum olunmuş hesab edilməli və dəymiş real zərər əmlakın tam dəyəri ilə ölçülməlidir. Əldən çıxmış fayda adi mülki dövriyyə şəraitində hüququ pozulmuş şəxsin əldə edəcəyi gəlirlərin miqdarı ilə ölçülür. Lakin məlumdur ki, bazar münasibətləri bu və ya digər səbəbdən dəyişikliklərə məruz qala bilər, malların, işlərin və xidmətlərin dəyəri dəyişə bilər. Bir qayda olaraq hüququ pozulmuş şəxsə vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Lakin qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutula bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyə görə iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. Yuxarıdakı sözügedən qətnamədən görünür ki, cavabdeh (hazırki iş üzrə iddiaçı) müqavilədən irəli gələn vəzifəsini (icarə haqqını tam ödəməməsini) yerinə yetirməməsinin səbəbi kimi icarəyə götürdüyü qeyri-yaşayış sahəsini su basması nəticəsində istifadə edə bilməməsini bildirsə də, etirazının əsaslarına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, eyni hallar (sübutetmə) hazırki iddia üzrə dəlillərə də aiddir. Belə ki, Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddanın tələbinin faktiki əsasları (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığında, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığında iddia əsaslı sayılmamaqla rədd edilməlidir. İşin materiallarından görünür ki, iddiaçı mübahisəli obyekti istifadəyə yararlı halda təhvil almışdır. Başqa sözlə, müqavilə bağlayarkən və obyekti təhvil alarkən iddiaçı onu əvvəlcədən baxıb bəyənmiş və olduğu kimi də qəbul edilməsini arzulamışdır. İstifadə müddətində obyektdən təyinatı üzrə istifadə zamanı baş vermiş hər hansı xətanın (su sızması və nəmişlik yaranması halı) təqsirkarının cavabdehin olmasını göstərsə də, buna dair məhkəməyə heç mötəbər və tutarlı bir sübut növləri təqdim etməmiş, baş vermiş xətanın isə obyekti ona tam yararlı vəziyyətdə verilməməsi ilə əlaqələndirməsinə dair dəlillərini əsaslandırmamışdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının izahatı belə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə daha sonra qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələblərinin əsası kimi irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar