Məhkəmə qərarları › İş №2(009)-1086/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1086/2022

24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1086/2022 24.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-218/2019 saylı, 10.01.2019-cu il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuş və 10.01.2019cu il tarixdən etibarən cavabdehdən onların birgə nikahdan doğulmuş 10.08.2014-cü il təvəllüdlü X2 və 14.07.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ayda 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda X2 8 və X3 7 yaşı var. Səbail rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhvil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmişdir və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Buna görə də o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Uşaqlar üçün yaşayış minimumu, eləcə də cavabdehin kifayət qədər gəlirlərinin olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 193 manata çatdırılmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 10.08.2014-cü il təvəllüdlü X2 və yetkinlik yaşına çatmayan 14.07.2015-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarında sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, alimentin 2022-ci il üçün nəzərdə tutulmuş uşaqlar üçün yaşayış minimum həddində müəyyən edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, X7 10.08.2014-cü ildə Bakı şəhərində və X8 14.07.2015-ci ildə Xırdalan şəhərində anadan olmuşlar, atası Cavabdeh, anası X5r. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-218/2019 saylı, 10.01.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 02.11.2013-cü il tarixli 1585 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, 10.08.29014-cü il təvəllüdlü X2 və 14.07.2015-ci il təvəllüdlü X3 anaları – X4 yanında qalmaları müəyyən edilməsi, Cavabdeh 17.08.2018-ci il tarixdən başlayaraq 10.08.2014-cü il təvəllüdlü X2 və 14.07.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 23.04.2019-cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X9 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 23.04.2019-cu ildə 79 No ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Məmmədov, qadına Abdullayeva soyadı verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan 10.08.2014-cü il təvəllüdlü Səlma və 14.07.2015-ci il təvəllüdlü Dəniz adlı uşağı var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşaqların ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşaqların saxlanılması üçün sabit pul məbləğində hər uşağa görə 160 manat aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı, yəni 160 manat uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər uşağa görə yaşayış minimum həddində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 10.01.2019-cu il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan hər uşağa görə müəyyən edilmiş alimentin məbləği 160 manatdır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27.07.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 193 manat məbləğində müəyyən edilməsini, cavabdehin alimentin artırılması barədə iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, sabit pul şəkilində müəyyən edilən aliment məbləğinin artırılması barədə iddia təmin edilməli və cavabdehdən uşaqların saxlanılması üçün hər uşağa görə tutulmalı olan sabit pul şəklində aliment məbləği 193 manat məbləğində müəyyən edilməlidir. AR MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən cavabdehdən tutulmalı olan alimentin təyin edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən hər uşağa görə tutulmalı olan 193 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, alimentin artırılması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra artırılmış aliment məbləği tutulmalı olduğundan, həmin tutmanın iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan sonra tutulması barədə hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 4632 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 66 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 10.08.2014-cü il təvəllüdlü X2 və 14.07.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhər Səbail Rayon Məhkəməsinin 10.01.2019-cu il tarixli 2(009)-218/2019 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və hər uşağa görə 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh hər uşağa görə 193 manat, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. İddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 66 (altmış altı) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar