Məhkəmə qərarları › İş №2(009)-1093/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1093/2022

23.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1093/2022 23.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay tutulan alimentin həcmi artırılaraq 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(009)-2763/2013 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 95 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qət edilən 95 manat uşağının maddi ehtiyaclarını ödəmir. Buna görə də, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. Yaşayış minimumu uşaqlar üçün 2022-ci il üzrə 193 manat məbləğində müəyyən edildiyindən, cavabdehdən uşağın saxlanılması üçün tutulan alimentin məbləği artırılmalı və tutulmalı olan alimentin məbləği 193 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində hüquqi əsası kimi Azərbaycan Republikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etsə də cavabdehin ailə və maddi vəziyyətində nə kimi dəyişiklik olması ilə bağlı məhkəməyə ümumiyyətlə sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh 18 oktyabr 2014-cü il tarixdə yeni nikaha daxil olmuşdur, həmin nikahdan 2016cı il təvəllüdlü sağlamlıq imkanları məhdud olan Orxan adlı bir övladı vardır. X10 xəstəlikdən əziyyət çəkir. Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatdan görünür ki, Orxan Cəfərova müayinə zamanı “Daun sindromu, Anadangəlmə irsi xəstəlik-daun sindromu, əqli inkişafın geriliyi, nitq artikuliyasiyanın spesifik pozuntusu, aktivlik və diqqət pozuntusu” diaqnoz qoyulmuşdur. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2034-cü ilədək müəyyən olunmuşdur. Yoldaşı heç bir yerdə işləmir, məcburiyyətində qalaraq xəstə uşağa qulluq edir, Cavabdeh aldığı məvacib isə cəmi 350 manat təşkil edir. Uşağı saxlamaq hər iki valideynin borcudur. Uşaqların saxlanılmasında valideynlər bərabər məsuliyyət daşımaqla onların maddi və mənəvi tələbatlarının ödənilməsində də eyni həcmdə öhdəlik daşıyırlar. İkinci dəfə ailə həyatı qurmağını, həmin nikahdan sağlamlıq imkanları məhdud olan bir uşağın olmasını və aldığı məvacibi nəzərə alınmaqla təyin olunmuş alimentin artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi valideyn kimi onun maddi imkanı xaricində olmaqla gələcəkdə məhkəmə qətnaməsinin icrasından yayınma kimi dəyərləndirilərək onun və uşaqların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına (alimentin tam həcmdə icra olunmaması uşaqların mənafeyinə ziyan vuracaq, qətnamənin icra olunmaması həm də onun barəsində məsuliyyət yaradacaq) səbəb olacaqdır. Qeyd olunanlardan göründüyü kimi, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi tamamilə əsassızdır və bu səbəbdən də Cavabdeh qarşı irəli sürdüyü iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək, cavabdehlə aralarındakı nikah 2013-cü ildə pozulmuşdur. Həmin vaxtdan bəri cavabdeh ayda 95 manat aliment ödəyir. İndiyədək uşaqlar üçün yaşayış minimumu 3 dəfə artsa da, o məhkəməyə müraciət etməmişdir. Hər zaman cavabdehin yenidən ailə qurmasını, övladının sağlamlığında problemlər olmasını nəzərə almışdır. Cavabdeh yenidən evlənənə qədər gəlib-getmiş, övladı ilə maraqlanmış, lakin, evləndikdən sonra uşağı olduğunu unutmuşdur. Uşağın onun olmadığını deyir, amma 11 ildir mübahisələndirmir və aliment ödəyir. Özü Sədərək Ticarət Mərkəzində satıcı işləyir və həftə sonunu çıxmaqla həftə içi hər gününə 15 manat qazanır. 193 manat aliment ödəməsi mütləq deyil, 150-160 manat da ödəsə olar. O qəddar insan deyil, cavabdehin xəstə uşağının olmasını nəzərə alır. Göstərilənlərə əsasən, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, Ailə Məcəlləsinin 112-ci maddəsinin şərhinə dair Konstitusiya Məhkəməsinin Qərarı var. Orada göstərilir ki, məhkəmə aliment təyin edən zaman hər iki tərəfin vəziyyətini öyrənməlidir. Cavabdeh yeni ailə qurub, övladı Daun Sendromludur. "xxxx" QSC-də aşpaz işləyir, 350 manat əmək haqqı alır. Yoldaşı isə uşaq xəstə olduğuna görə işləyə bilmir. Alimentin 95 manatdan 193 manata qalxması onun üçün maddi çətinlik yaradacaq. Bu səbəbdən də, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsində göstərilənləri müdafiə edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçı və cavabdehin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-lİ seriyalı, 591492 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(009)- 2763/2013 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 95 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" QSC-də 350 manat əmək haqqı ilə aşpaz vəzifəsində çalışır. İş materiallarında olan AZ-İ 981951 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında nikah xx.xx.2014-cü il tarixdə bağlanmış və 350 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İş materiallarında olan AZ-lİİ seriyalı, 766088 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş. Ata qrafasında Cavabdeh, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Medafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatdan görünür ki, Orxan Cəfərova müayinə zamanı “Daun sindromu, Anadangəlmə irsi xəstəlik-daun sindromu, əqli inkişafın geriliyi, nitq artikuliyasiyanın spesifik pozuntusu, aktivlik və diqqət pozuntusu” diaqnoz qoyularaq, əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2034-cü ilədək müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Uşaqları saxlamaq hər iki valideynin borcudur. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, onlar mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 193 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin artırılması barədə iddia qismən təmin edilməli və cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan aliment məbləği artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 150 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 82/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, aliment tələbi ilə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, iddia tələbi təmin olunan hissədə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 21 yanvar 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(009)-2763/2013 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 95 (doxsan beş) manat alimentin həcmi artırılaraq, 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və həmin 150 manat (yüz əlli) pul vəsaiti məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 38 (otuz səkkiz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar