Məhkəmə qərarları › İş №2(009)-1096/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1096/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1096/2021 16.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmlakın girovdan azad olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmlakın girovdan azad olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il taixli kredit müqaviləsinə əsasən cavabdehdən kredit götürmüşdür. Sonra həmin kredit borcunu hissəhissə bağlamışdır. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Adil Məmmədov küçəsi ev 11, giriş 9, mənzil 87-də yerləşən iddiaçıya məxsus mənzili girovdan azad etmir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Adil Məmmədov küçəsi ev 11, giriş 9, mənzil 87-də yerləşən mənzilin girovdan azad olunması xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin nümayəndəsi ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbini qəbul etməyərək, təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.4-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfi dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-417/2021 saylı Qərarının məzmunundan görünür ki, Cavabdeh ASC-nin İddiaçı və X2 qarşı “kredit müqaviləsinin ləğvi və s.” tələbinə dair iddiası Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, 99804,98 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması və tutmanın Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Adil Məmmədov küçəsi ev 11, giriş 9, mənzil 87də yerləşən 2 otaqlı mənzilə yönəldilməsi, mənzilin 115.000 manat ilkin qiymət ilə hərraca çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-417/2021 saylı Qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yekun məhkəmə qərarı qəbul olunduqdan sonra qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Məhkəmə işdə olan məhkəmə aktlarını və sübutları iddiaçının iddia ərizəsində göstərdikləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, iddia tələbi onun əsaslarına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçı banka olan borcunu tam bağladığını göstərsə də, bu halı təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olunmadığından isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmlakın girovdan azad olunması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM : İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar