Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1096/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması» barədə iddiası üzrə mülki işə 31 may 2023-cü il tarixdə, Bakı şəhərində, Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il tarixdə təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat məbləğində alimentin və əvvəlki dövr üçün 3 illik müddət həddində 1,392 manat ödənilməmiş alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş və xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il tarixdə təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 160 manat alimentin tutulması qət edilmişdir. Artıq uzun müddətdir ki, bir yerdə yaşamırlar. Uşaqların maddi cəhətdən təmin olunması üçün iddiaçı əziyyət çəkir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O,eyni zamanda bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə yeni nikaha daxil olmuşdur və həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü Səccad adlı övladı var. Hazırda "xxxx" MMCdə baş mühafizəçi vəzifəsində çalışır və aylıq əmək haqqısı 430 manat təşkil edir. Həyat yoldaşı isə evdar xanımdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin materiallarında olan Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il tarixdə təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa görə 160 manat məbləğində aliment tutulmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 09 may 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh aylıq əmək haqqısı 430 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən hər ay hər uşağa görə tutulan alimentin məbləğinin artırılması tələbi qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Məhkəmə cavabdehin aylıq qazanıcını, habelə qətnamənin gələcəkdə icrası perspektivliliyini nəzərə alaraq cavabdehdən tutulmalı olan alimentin miqdarının hər ay hər uşağa görə 200 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nın 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə iddianın əvvəlki dövr üçün 3 illik müddət həddində 1,392 manat ödənilməmiş alimentin tutularaq ona verilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı əvvəlki dövr üçün 3 illik müddət həddində 1,392 manat ödənilməmiş alimentin tutularaq ona verilməsi üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi və cavabdehin alimenti verməkdən boyun qaçırması nəticəsində alimentin ala bilməməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il tarixdə təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Səbail Rayon Məhkəməsinin 2(009)-570/19 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində tutulan 160 manat alimentin həcmi artırılaraq, hər uşağa görə 200 manat ( iki uşağa görə hər ay 400 manat) sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1096/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1096/2023
31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver