Məhkəmə qərarları › İş №2(009)-1104/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1104/2023

13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1104/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən, birgə nikahdan olan uşağı- xx.xx.2015-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən onun xeyrinə tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı ilə Cavabdeh ilə 2014-cü il tarixdə rəsmi nigah münasibətlərinə girərək ailə həyatı qurmuşdur. Birgə nigahdan xx.xx.2015-ci il təvəllüdlü X4rı doğulub. Nikahı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli (Hakim V.Y.Ruvinov) qətnaməsi ilə ləğv edilmiş, uşaq onunla qaldığı üçün onun saxlanılması görə 136 (yüz otuz altı) manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Nikahın pozulduğu vaxtdan cavabdeh övladı X1 üçün ona heç bir maddi kömək göstərməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarı ilə qızı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2019-cu il tarixdən etibarən ayda 160 manat aliment məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Yaşayış minimumu artdığı üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qətnaməsi ilə 2022-ci il tarixdən etibarən ayda 193 manat aliment məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda X3 7 yaşı var. 193 manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə kifayət etmir. Uşaq orta məktəbdə 2-ci sinifdə oxuyur və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Buna görə də o "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdari, eləcə də cavabdehin kifayət qədər yüksək əmək haqqı almasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 manata çatdırılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, onu müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən Cavabdeh, iddia ərizəsinə etiraz edərək, hal-hazırda 542.44 manat əmək haqqı aldığını, onun 1/4 hissəsində və 68 manat sabit pul məbləğində iddiaçıya aliment ödədiyini, ikinci dəfə də ailə qurduğunu, yoldaşının işləmədiyini, həmin nikahdan da bir azyaşlı uşağının olduğunu bildirmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 072373 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 adlı bir uşağı olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4657/2017 saylı, 14 aprel 2017-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2015-ci il tarixdə doğulmuş X2 Aynurə Asəf qızının yanında qalması, Cavabdeh hər ay 136.6 manat sabit pul məbləğində aliment xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-985/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-923/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir (1/4) hissəsində və 68 (altmış səkkiz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2007-ci il tarixindən etibarən "xxxx" MMC-də ehtiyyat hissələri departamentində baş anbardar vəzifəsində işləyir, aylıq əmək haqqısı 542.44 manat təşkil edir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Rəhimov X6 Hüsniyyə Faiq qızı ilə yenidən nikaha daxil olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X10 adlı bir uşağı var. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin 25 may 2023-cü il tarixli məktubundan görünür ki, X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan Elektron Çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi vəzifəsində işləyir və aylıq əmək haqqı 2248 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4657/2017 saylı, 14 aprel 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2015-ci il tarixdə doğulmuş X2 Aynurə Asəf qızının yanında qalması, Cavabdeh hər ay 136.6 manat sabit pul məbləğində aliment xx.xx.2017-ci il tarixdən başlayaraq tutulub xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-985/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir (1/4) hissəsində və 68 (altmış səkkiz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi vəzifəsində işləyir və aylıq əmək haqqı 2248 manat təşkil edir. Cavabdeh xx.xx.2007-ci il tarixindən etibarən "xxxx" MMC-də ehtiyyat hissələri departamentində baş anbardar vəzifəsində işləyir, aylıq əmək haqqısı 542.44 manat təşkil edir. Cavabdeh yenidən ailə qurmuş və həmin nikahından da bir azyaşlı uşağı var. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) -78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir (1/4) hissəsində və 68 (altmış səkkiz) manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulur. Bundan başqa, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi vəzifəsində işləyir və aylıq əmək haqqı 2248 manat təşkil edir. Cavabdeh xx.xx.2007-ci il tarixindən etibarən "xxxx" MMC-də ehtiyyat hissələri departamentində baş anbardar vəzifəsində işləyir, aylıq əmək haqqısı 542.44 manat təşkil edir. Həmçinin, Cavabdeh yenidən ailə qurmuş və həmin nikahından da bir azyaşlı uşağı var. Məhkəmə qanunvericiliyin tələbini, eləcə də valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını, tərəflərin maddi vəziyyətini, cavabdehdən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlir və qazancının ¼ hissəsi miqdarında aliment tutulması ilə yanaşı 68 manat sabit pul məbləğində də aliment tutulmasını, cavabdehin ailəli olmaqla daha bir azyaşlı uşağının olmasını nəzərə alaraq, aliment məbləğinin artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) ma nat məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar