Məhkəmə qərarları › İş №2(009)-1115/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1115/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1115/2022 02.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (W Service Səlahiyyətli Xidmət Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pul” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mağazaya ödədiyi 1399 (min üç yüz doxsan doqquz) manat və 34 (otuz dörd) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə dəqiqləşmə ərizəsi verərək, “İphone 11, Purple 64GB, İMEİ kodu **********06148” mobil telefon Cavabdeh MMC tərəfindən təhvil alınması, ödədiyi 1399 (min üç yüz doxsan doqquz) manat və 34 (otuz dörd) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə “NLT Telecom” kimi tanınan, hüquqi adı Cavabdeh MMC (VÖEN:**********, hüquqi ünvanı: AZ1005, ünvan 1ı şəhəri, Nizami küçəsi 93D ünvanında yerləşən mağazasından iphone 11 (64gb) markalı mobil telefon almışdır. Mağazada mobil telefon yeni açılıb, ona təhvil verilib və heç bir fiziki qüsuru olmayıb. Lakin telefonu 2-3 gün istifadə etdikdən sonra səs və akustika sistemində problemlərin olduğu aşkar olunmuş, internet vasitəsilə müxtəlif proqramlarla səs göndərən və qəbul edən zaman səs qırılıb, bəzən ümumiyyətlə səsi dinləmək olmurdu. Eyni zamanda zəng zamanı bir neçə dəfə olub ki, telefonda qarşı tərəfin səsi eşidilməyib və zəng gələn zaman telefon sönüb. Bu problemlər mütəmadi olaraq, gün ərzində bir neçə dəfə baş verirdi. xx.xx.2022-ci il tarixində, telefonda olan problemlər səbəbindən telefonu qaytarmaq üçün mağazaya getmiş, problemi izah etmiş, telefonu yenisi ilə dəyişmək və ya qaytarmaq kimi seçim təklif etmiş, heç biri ilə razılaşmamışlar. Baxmayaraq ki, telefonun xarici görünüşündə heç bir qüsur aşkar olunmamışdır. Kassa çeki, zəmanət talonu, telefonun üzərində verilən bütün aksesuarları var idi və telefon alındığı vəziyyətdə idi. Həmin gün onu servisə yönləndirdilər, servis isə sadəcə kənardan baxaraq rəy verdi ki, telefonda heç bir problem aşkar edilməmişdir, heç bir daxili və xarici müdaxilə yoxdur. Onlar da qeyd etdilər ki, belə bir problemi onlar telefona kənardan baxmaqla müəyyən edə bilmədilər və bir halda ki, telefon qaytarılacaqsa telefonun açılmasına ehtiyac yoxdur. Yeri gəlmişkən telefonda yaranan bəzi problemləri çəkib, həm mağaza işçisinə həm də servisdə video şəklində təqdim etmişdir. Həmin servis tərəfindən təyin edilən qüsursuzluq aktı, kassa çeki, telefona məxsus digər aksesuarlarla birlikdə, mağazaya xx.xx.2022-ci il tarixində yenidən yaxınlaşmağına baxmayaraq mağaza işçisi özünü satış meneceri kimi təqdim edən Cabir Əliyev adlı məsul şəxs telefonu geri qaytarmaqdan imtina etmiş və istənilən orqana şikayət edə biləcəyini qeyd etmişdir. Səbəb kimi, "telefon artıq açılıb, onu kimə sata bilərik, telefondakı problemi indi bu dəqiqə təqdim et və s" kimi uyğunsuz arqumentlər söyləmişlər. O Həmin şəxsə bildirdi ki, siz və tərəfdaş olduğunuz servis telefonda qüsurun aşkar olunmasını qəbul etmir və servis tərəfindən telefonda heç bir problem aşkar olunmadığı qeyd olunur, o zaman telefonu aldığı müddətdən 14 gün tamam olmadığına görə həmin malı onun tələbi ilə digər mala dəyişməlidirlər. Yenisi ilə əvəz etmək və ya qaytarmaq tələblərinin heç biri mağaza tərəfindən qəbul olunmamışdır. xx.xx.2022-ci il tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bununla bağlı şikayət vermiş, xidmətin əməkdaşları da həmin mağaza və servisə bununla bağlı sorğu göndərilib, lakin bu günədək sorğu cavabsız qalıb. Hal-hazırda telefon ondadır, istifadə olunmur və mağaza geri götürmür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə “NLT Telecom”-dan iphone markalı telefon almışdır. xx.xx.2022-ci il tarixində, problemlər səbəbi ilə telefonu qaytarmaq üçün mağazaya getmiş, problemi izah etmiş, telefonu yenisi ilə dəyişmək və ya qaytarmaq kimi seçim təklif etmişdir. Lakin cavabdeh heç biri ilə razılaşmamışdır. Həmin gün onu servisə göndərmişlər. Sadəcə kənardan baxaraq telefonda heç bir problemin olmamağı barədə rəy vermişlər. Bununla razılaşmayaraq 14 gün bitmədən telefonu qaytarmaq istəsə də mağaza imtina etmişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də bununla bağlı şikayət vermişdir. Rəy verilməsi üçün X1 müraciət etmiş, istehsal qüsuru olması barədə rəy verilmişdir. Bu səbəbdən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zəmanət talonundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-nin mağazasından 1 illik zəmanətlə 1399 manata “İphone 11, Purple 64GB, İMEİ kodu **********06148” mobil telefon almışdır. İş materiallarında olan 5216 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh MMC-nin mağazasında “İphone 11, Purple 64GB mobil telefon üçün 1399 manat ödənilmişdir. İş materiallarında olan W Service Səlahiyyətli Xidmət Mərkəzinin xx.xx.2022-ci il tarixli texniki rəyindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə satılmış “İphone 11, Purple 64GB, İMEİ kodu **********06148” mobil telefonunda donma, öz-özünə sönmə, səs qüsuru olduğuna dair xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Servis tərəfinden qüsur təsdiqlənməmişdir. İş materiallarında olan X2 Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, “İphone 11, Purple 64GB, İMEİ kodu **********06148” olan mobil telefon diaqnostika olunmuş, dinamikdə qüsur var. Aşkarlanan qüsur istehsal qüsurudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Həmin Məcəllənin 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehiakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfıyyətdə olması hüquqununa malikdirlər. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 15-ci maddəsinə əsasən istehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı cavabdehə məxsus mağazadan 1 illik zəmanətlə əldə etdiyi mobil telefonda yaranmış qüsurla bağlı zəmanət müddətində cavabdehə müraciət etmiş, mağaza birgə işlədiyi servis tərəfindən verilən rəy əsasında qüsur olmadığı üçün aradan qaldırılmamışdır. Lakin X2 Mərkəzinin ixtisaslı əməkdaşları tərəfindən müvafiq yoxlama və diaqnostika aparılmış və nəticədə “İphone 11, Purple 64GB, İMEİ kodu **********06148” olan mobil telefonun dinamikində qüsur olduğu və aşkarlanan qüsurun istehsal qüsuru olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, istehlakçı aldığı malda qüsur aşkarladıqda və ya göstərilən xidmət keyfiyyət tələblərinə cavab vermədikdə malı dəyişdirmək və ya geri qaytarmaq, xidmətdən imtina etmək və başqa hüquqlarından istifadə edə bilər. Eyni zamanda malın keyfiyyətinə və təhlükəsizliyinə zəmanət vermək sahibkarın əsas vəzifələrindən biri olduğundan, ilk növbədə malın istehsalı və ya xidmətlərin göstərilməsi zamanı onların keyfiyyətini və təhlükəsizliyini təmin etməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı “İphone 11, Purple 64GB, İMEİ kodu **********06148” mobil telefon Cavabdeh MMC tərəfindən təhvil alınmalı və Cavabdeh MMC-dən 1399 (min üç yüz doxsan doqquz) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “İphone 11, Purple 64GB, İMEİ kodu **********06148” mobil telefon Cavabdeh MMC tərəfindən təhvil alınsın. Cavabdeh MMC-dən 1399 (min üç yüz doxsan doqquz) manat və 34 (otuz dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar