Məhkəmə qərarları › İş №2(009)-1122/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1122/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1122/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun və iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun və cavabdeh X3 nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçılar İddiaçı və Cavabdeh2 cavabdehlər Cavabdeh1 və X1rşı pul tələbinə dair iddiası, Cavabdeh1 cavadeh İddiaçı qarşı pul və əmlak tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 19700 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, onun qardaşı Cavabdeh1 bir müddət, yəni 2006-cı il tarixdən 2018-ci il tarixədək, Rusiya Federasiyasında yaşayandan sonra Azərbaycan Respublikasına qayıtmış, qeydiyyat ünvanı olmadığı üçün onların anasına məxsus mənzilə qeydiyyata alınmışdır. Bir müddət cavabdeh həmin mənzildə yaşayandan sonra ona və anasına qarşı bir sıra qeyri-etik hərəkətlər etmiş, yəni onları söyüb təhqir etməyə başlamış, yersiz hədə-qorxular gəlməklə pul tələb etmiş, aldığı borc pulları qaytarmaq əvəzinə evdə lüzumsuz söz-söhbət yaratmaqdadır. Nəhayət xx xxxxx 2020-ci il tarixdə onun anasına məxsus xüsusi mülkiyyətdə dava-dalaş salaraq onu və anasını küçə söyüşləri ilə təhqir edərək onlara qarşı nalayiq hərəkətlər etməyə başlamışdır. Bununla əlaqədar olaraq, o, 102 Qaynar xəttinə zəng edərək şikayətini bildirmişdir və hazırda Səbail RPİ-nin 41-ci PB-də araşdırma davam etdirilir. Aralarında olan danışıqlara görə qardaşı ondan bu evdən qeydiyyatdan çıxıb getmək məqsədilə kompensasiya əvəzi kimi guya Rusiya Federasiyasında rekertlərin onu hədələməsini bəhanə edərək əvvəlcə 15700 ABŞ dolları və sonra yenə 4000 ABŞ dolları nağd pul kimi borc alaraq, toplam olaraq 19700 ABŞ dollarını bu günə qədər qaytarmamışdır. Həmin pulu o, Əbu Dabi şəhərindən birbaşa Rusiya Federasiyasına cavabdehin dediyi ünvana göndərmişdir. Anasının və onun bu yaxşılıqlarının əvəzinə qardaşının ona qarşı etdikləri ləyaqətsiz hərəkətlərinə görə, onun barəsində əsassız və qanunsuz 41-ci bölməyə guya onun ona şillə vurmağı, öz evindən oğurluq etməyi barədə şikayət etməsi bir bacı kimi onu utandırmışdır. Qardaşının məqsədi evlərini, mülklərini aldığı borcları şərlə, böhtanla qanunsuz ələ keçirmək və borcu qaytarmamaqdır. Buna görə də, hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçılar İddiaçı və Cavabdeh2 nümayəndəsi və vəkili X20 məhkəməyə iddia ərizəsinə dəqiqləşmə ünvanlayaraq, iddiaçıların xeyrinə cavabdehlərdən 19700 ABŞ doları məbləğində olan pulun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə dəqiqləşdirmə belə əsaslandırılmışdır ki, İddiaçı qardaşı Cavabdeh1 bir müddət, yəni 2006-cı il tarixdən 2018-ci il tarixədək, Rusiya Federasiyasında yaşayandan sonra Azərbaycan Respublikasına qayıtmış, qeydiyyat ünvanı olmadığı üçün anasına məxsus mənzilə qeydiyyata alınmışdır. Bir müddət Cavabdeh1 həmin mənzildə yaşayandan sonra İddiaçı və anasına qarşı bir sıra qeyri etik hərəkətlər etmiş, yəni onları söyüb təhqir etməyə başlamış, yersiz hədə qorxular gəlməklə pul tələb etmiş, aldığı borc pulları qaytarmaq əvəzinə evdə lüzumsuz söz-söhbət yaratmaqdadır. Nəhayət xx xxxxx 2020-ci il tarixdə anasına məxsus xüsusi mülkiyyətdə dava-dalaş salaraq İddiaçı və anasını küçə söyüşləri ilə təhqir edərək, onlara qarşı nalayiq hərəkətlər etməyə başlamışdır. Bununla əlaqədar olaraq, İddiaçı 102 Qaynar xəttinə zəng edərək şikayətini bildirmişdir və hazırda Səbail RPİ-nin 41-ci PB-də araşdırma davam etdirilir. Cavabdeh1 əvvəlcə 15700 ABŞ dolları və sonra yenə 4000 ABŞ dolları köçürmə yolu ilə borc alaraq, toplam olaraq 19700 ABŞ dollarını bu günə qədər qayrtarmamışdır. Həmin pulun 4000 ABŞ dollarını xx.xx.2018-ci il tarixdə İddiaçı Əbu Dabi şəhərindən birbaşa Rusiya Federasiyasına cavabdehin dediyi ünvana, 15700 ABŞ dolları məbləğini isə iddiaçının əri Cavabdeh2 tərəfindən Əbu Dabi şəhərindən xx.xx.2018-ci ildə X14 şəhərinə Sberbank vasitəsilə Mamedzade Olesiyaya göndərilmişdir. Həmin pulların göndərilməsi barədə müvafiq sənədləri ərizəyə əlavə edir. Hesab edir ki, onun və ərinin pulları cavabdehlərdən alınaraq onlara qaytarılmalıdır. xx.xx.2020-ci il tarixdə iddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və X4 cəmi 19700 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı və Cavabdeh2 ödənilməsi, cavabdehlər Cavabdeh1 və X4 pul vəsaitinin qanunsuz saxladığına görə 5000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı və Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə belə əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı borc pul istəyərkən tez zamanda qaytaracağına dair öhdəlik götürmüşdür. Həmin vaxt iddiaçılar X16, Əbu-Dabi şəhərində olmuşlar, cavabdehlər isə X8 şəhərində yaşayırdılar. Cavabdehlərdən X11 (Cavabdeh1 həyat yoldaşı) Rusiya Federasiyasının vətəndaşı olduğundan pul vəsaiti ancaq onun adına göndərilə bilərdi. Ona görə də, xx.xx.2018-ci il tarixdə iddiaçı Cavabdeh2 X31 Bank (ADCB) vasitəsilə 15700 ABŞ dolları məbləğində pul vəsaitini cavabdeh Olesya Məmmədzadənin adına göndərmişdir. Daha sonra da, xx.xx.2018-ci il tarixdə, İddiaçı X31 Bank (ADCB) vasitəsilə 4000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdeh Olesya Məmmədzadənin adına göndərmişdir. Cavabdeh1 borc pul istəyərkən bildirmişdir ki, onu RF Voronej şəhərində güya reketlər hədələməklə pul tələb edirlər və təcili pul lazımdır. Lakin sonradan Cavabdeh1 2018-ci ilin sonunda Bakı şəhərinə qayıtmışdır ki, Rusiyada vətəndaşlığı almaq məqsədilə müvafiq sənədləşmə işləri aparsın, lakin bununla bağlı imtina almış, daha sonra 2019-cu ildə ona Bakıda guya Daxili İşlər Nazirliyində işlə bağlı təklif olunmuş və o, Bakı şəhərində qalmaq qərarına gəlmişdir. Ona görə də, Cavabdeh1 Voronej şəhərinə qayıtmışdır ki, pulu götürsün və Bakıya qayıdan kimi, xx.xx.2019-cu il tarixdə, özünə 19000 ABŞ dolları qiymətinə olan 10TJ987 dövlət qeydiyyat nömrəli DODGE CHARGER markalı avtomobil almışdır. İddiaçı avtomobilin həmin qiymətə alındığını biləndən sonra Cavabdeh1 ona yalan danışdığını anladı və ondan borc kimi verdiyi pul vəsaitinin qaytarılmasını tələb etdikdə, o yaxın aylarda qaytaracağına söz versə də, daha sonra pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehlər Cavabdeh1 və həyat oldaşı X4 cəmi 19700 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçılar İddiaçı və Cavabdeh2 verilməlidir. Cavabdehlər Cavabdeh1 və X11 iddiaçılara ödənilməli olduğu məbləği iki ildir ki, qanunsuz olaraq özündə saxlayırlar. Ona görə də, hesab edirlər ki, pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırdığına görə cavabdehlərdən 5000 manat tutularaq iddiaçılar İddiaçı və Cavabdeh2 ödənilməlidir. Məhkəmə iddiaçıların iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 məhkəməyə cavabdeh İddiaçı qarşı pul və əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, onun evdə əl çantasının içərisində olan fotoşəkillər, 2 ədəd flaşkart, 9000 ABŞ dolları və uşaqlarının adına yığılmış 600 manat pul vəsaitinin cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, bacısının ona qarşı qaldırdığı “pul tələbi”nə dair iddia ərizəsi həqiqəti əks etdirmir, ona görə də, həmin iddia tələbini qəbul etmir. Məhkəmənin gələcəyi nətəcəyə əsasən aşağıda bildirdikləri məhkəmənin hər hansı bir qərar qəbul etdikdə işin mahiyyətinə nəzər sala bilməsi üçündür. 1988-ci ildə atası ilə anası rəsmi nikahda olmuş, həmin nikahdan o və bacısı Fitat dünyaya gəlmişdir. 2004-cü ildə atası ilə anasının məhkəmə qaydasında rəsmi nikahları pozulduqda, o, məhkəmədə atası ilə qaldığını bildirmişdir, məhkəmədə işin xüsusatları araşdırıldıqdan sonra onun atası ilə birlikdə qalmağı barəsində qətnamə qəbul edilmişdir. Atası ilə anasının birgə nikahı dövründə Üzeyir Hacıbəyov küçəsi 19 ünvanda onların ailəsinin 2 ədəd ayrı-ayrılıqda iki və üç otaqdan ibarət mənzilləri olmuşdur. Həmin mənzilləri atası öz vəsaiti hesabına alsa da, mənzilin biri atasının, digər mənzil isə ana nənəsi olan X10 adına qeydiyyatdan keçirilmiş, nənələri də onlarla bir ailə olaraq indiyə kimi yaşayır. Həmin dövrdə atası vəkillik fəaliyyəti ilə məşğul olmaqla bərabər, həm də “İstintaq” qəzetinin təsisçisi və baş redaktoru idi. Atası ilə anasının rəsmi nikahla ayrılmasına baxmayaraq, onlar birgə yaşamış və birgə təsərrüfat aparmışdır. Təxminən 2005-2006-cı illərdə nənəsinin adına olan iki otaqlı mənzili sataraq yuxarıda göstərilən ünvanda xalası X6 adına 6 sot torpaq sahəsi alınmışdır. Eyni zamanda nənəsı adına olan satılmış mənzilin pulundan digər nəvəsinə Keşlə qəsəbəsində ev alaraq ona “hədiyyə” etmişdir. Atası və anası rəsmi nikah pozulduqdan sonra yenə də birlikdə atasının adına olan mənzildə yaşamaqlarını davam etdirmişlər. O isə gah xalası Natellanın evində və yaxud da başqa qohumlarının evində qalırdı. Həmin vaxtda atası ilə anasının ailə-məişət zəminində tez-tez mübahisələri düşdüyü üçün o, bunu qəbul edə bilmirdi. Çünki anası həmin vaxtlar evlərinin yanında olan Xalq artisti Zeynəb Xanlarovaya məxsus aptekdə satıcı işləsə də, ona ailə işlərində kömək edərək bəzi hallarda da gecəni onlarda qalırdı. Bununla əlaqədar atası və anası həmişə mübahisə edirdilər. Atası anasını həmin aptekdən və Z.Xanlarovanın ailəsindən uzaqlaşdırmaq məqsədilə onun adına “SAB” şirkəti təsis etdi və anası başqa aptekdə işləməli oldu. Həmin dövrdə anasının adına açılmış şirkətin bütün hüquqi və maliyyə işlərini atası özü apararaq onun işlərinə nəzarət edirdi. Hər dəfə anası aptekə dərman preparatlarının alınması üçün müəyyən pul məbləğinin lazım olduğunu bildirir, atası isə dostlarından dəfələrlə 20-30 min dollar pul gətirib anasına versə də, anası həmin pulları dərman alışına verərək, həmin aldığı pulları geri qaytarmadığına görə dəfələrlə belə mübahisələri olurdu, atası dostlarından aldığı pulu özü qaytarmaq məcburiyyətində qalırdı. Təxminən 2006-cı ilin qış aylarında atasının istintaqla əlaqədar işi olduğu üçün anasına veridiyi etibarnamə əsasında anası atasının adına olan və onların qeydiyyatda oluğu həmin mənzili də sataraq yuxarıda göstərilən ünvanda ev tikintisi üçün həmin pulların müəyyən hissəsini ora xərclədi. 2007-ci ilin yay aylarından isə həmin təmir-tikinti işlərini atası özü aparmağa başladı. Belə ki, o, orta məktəbi bitirdikdən sonra ali təhsilini davam etdirmək üçün X8 şəhərinə getdi. Yay-qış tətillərində həmişə valideynlərilə birlikdə Badamdar qəsəbəsində tikintisi başa çatmamış həmin evdə qalırdılar. Hər dəfə də anası və atası evin xalasının adına alınmasını və ana nənəsinin onlarla qalması üstündə mübahisələri olurdu. Onun anası ilə bağlı münasibətlərinin çox sərin olduğunu yaxın qohumları da bilirdi. Hər dəfə o, tətilə gələndə anası ona “yeganə övladsan, Rusiyada qalma, gəl Azərbaycanda yaşa” deyərək yalvarışlar edirdi. 2014-cü ildə, o, Bakı şəhərində toy etdi və ailəsi ilə birlikdə həmin ünvanda yaşadı. Müəyyən fasilələrlə o, gah ailəsi ilə, gah da, tək, Voronej şəhərinə gedərək orada kommersiya işləri ilə məşğul olurdu. 2017-ci ildə növbəti dəfə ailəsi ilə birlikdə Voronej şəhərində olanda bacısı Fitat ona Moskva şəhərindən zəng vuraraq Moskvada olduğunu, özünə müəyyən məbləğdə pul ehtiyacı olduğunu və onunla görüşməyinin vacib olduğunu bildirdi. Təxminən iyul ayının ortaları idi. O öz şəxsi avtomobili ilə ertəsi gün Moskva şəhərinə getdi. X29 şəhərində, “Oktyabrskaya pole” metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində görüşdü. Bacısı ona bildirmişdi ki, o, Moskvaya tanış rəfiqələrinin vasitəsilə estetik əməliyyat üçün gəlib, bu barədə valideynləri bilmir. Fitat Moskva şəhərinə gəldikdə Voronejə, onun yanına gəlməsi adı ilə çıxmışdır. Bacısı ona bildirdi ki, atasının oğlu üçün göndərdiyi 2500 ABŞ dolları pulu ona verə bilmir və əlavə olaraq estetik əməliyyat üçün ona 10000 dollar pul lazım olduğunu, onun bir hissəsi əməliyyat üçün, digər hissəsi isə şəxsi geyim əşyaları almaq üçün lazımdır. O da, 10000 dollar pul vəsaitini həmin gün bacısına verdi və onun harada yerləşdiyini soruşdu, bacısı ona bildirdi ki, artıq bütün məsələləri danışıb, qaldığı yer rahatdır, 1-2 günə əməliyyata girməlidir və bir neçə gündən sonra ona zəng vuracaq və onun gəlib onu Voronej şəhərinə aparmağını xahiş etdi. Onlar elədə razılaşdılar. O həmin günü Voronej şəhərinə qayıtdı. Bir neçə gündən sonra Fitat onun mobil nömrəsinə zəng vuraraq, artıq əməliyyat olunduğunu və Moskva-Voronej sürət qatarına bilet aldığını, 738 saylı qatarla xx xxxx 2017-ci il tarixində, axşam 23:15 radələrində onu dəmiryol vağzalında qarşılamağını xahiş etdi. Əlavə olaraq Fitat onan WhatsApp-la həmin qatarın gəlmə vaxtını və vaqonun nömrəsini göndərdi. Deyilən vaxt o, bacısını qarşılayıb evlərinə gətirdi. Fitat onlarda təxminən 10 gün müddətində qaldı, danışıq əsasında Bakıya getdikdən sonra avqust ayında Türkiyəyə gedərək orada dincəlmək istədiyini və bunun üçün də əlavə vəsaitinin olmadığını bildirirək, “onsuz da səndən borc pul götürmüşəm, mümkünsə əlavə mənə 5-6 min dollar civarında pul ver, mənim Bakıda işlərim çox yaxşıdır, maaşımdan pulları yığaraq mütləq sənin pulunu qaytaracağam” deyə bildirdi. O yenə həmin pulu bacısı olduğu üçün köməklik göstərmək məqsədilə etdiyini deməyinə baxmayaraq, bacısı yenə təkidlə həmin pulu ona qaytaracağını bildirdi. O da həyat yoldaşı Alisada olan 340.000 rus rublunu və əlavə olaraq 1000 ABŞ dolları pulu Alisanın yanında bacısına verdi. Həmin dövrdə 340.000 rus rublu 5500 ABŞ dolları civarında idi. Təxminən avqust ayında o, bacısını Azərbaycana yola saldı. Qayınatasının fermer təsərrüfatına köməklik etdiyinə görə və oradan qazanc əldə etdiyinə görə onun bacısına verdiyi pullara ehtiyac duymurdu. X24 qarşı Səbail Rayon Məhkəməsində “pul tələbinə dair” iddia ərizəsində bildirir ki, 19700 ABŞ dolları pulu ona anası göndərmiş və o, həmin pulu anasına bu günə kimi qaytarmamışdır. Bacısı Fitat isə öz iddia ərizəsində pulun müəyyən hissəsini özü tərəfindən, bir hissəsini isə həyat yoldaşı Fərhad tərəfindən göndərildiyini bildirsə də, pul tələbini özü qoymuşdur. Təxminən 2018-ci ilin may aylarında atası ona zəng vuraraq bacısı Fitatın bir nəfərlə ailə qurmaq istədiyini və atasının həmin oğlana onu vermək istəmədiyini və bu barədə yenə ailələrində mübahisələrin yarandığını bildirdi. O isə öz növbəsində “hər ikisi gəncdir, əgər bir-birlərini sevirlərsə, xeyir-dua ver getsin” dedi. Lakin atasının səsindən hiss etdi ki, anası ilə bacısı atasının bu hərəkətlərindən narazı olaraq yenə atası ilə böyük mübahisələr yaratmışlar. Atası ondan Bakıya gəlməyini xahiş etdi. O isə iyul ayının axırlarında Bakıya gələcəyimi bildirdi. Atası yay olduğu üçün Quba rayonunun Təngialtı kəndində qaldığını və o gələnədək bacısı ilə və anası ilə üzbəüz gəlmək istəmədiyini bildirdi. 2018-ci ilin iyun ayının 11-də atasının dostlarından biri ona zəng açaraq atasının Bakı-Quba yolunda avtoqəza törətdiyini və həmin hadisə zamanı ailənin yeganə bir oğlu avtoqəza nəticəsində rəhmətə getdiyini bildirdi. Ertəsi gün o, Bakıya gəldi, həmin hadisədən atası çox stress keçirmişdi, ona görə də, atasını yaxın dostlarından birinin evində yerləşdirdi və avtoqəza nəticəsində rəhmətə gedənin dəfn-yas mərasimləri ilə məşğul oldu. Hər dəfə atası anası ilə bacısının bu hərəkətlərindən, ömür boyu dedi-qodulardan, mübahisələrdən bezdiyini ona danışırdı. Axır vaxtlar onsuz da ürəyindən və böyrəyindən şikayətlənən atası aldığı son stresslərdən vəziyyəti pisləşərək, xx xxxx 2018-ci ildə, ona tutulmuş mənzildə rəhmətə getdi. O, atasını ertəsi günü adətənənə, qohumlarının iştirakı ilə dəfn etsə də, anasına bu barədə xəbər göndərsə də, həmin dəfn mərasimində anası ilə bacısı iştirak etmədilər. Bu onsuz da yaranmış münasibətləri daha da gərginləşdirdi. Dəfndən sonra anası ona bildirdi ki, atalarının rəhmətə getməyini bacısı Fitat bilmir və o da məcbur olaraq onun yanında qaldı, əgər Fitat xəbər tutsaydı özünə qəsd edəcəkdi, o, Fitatın birtəhər başını qatırdı. Bacısı Fitat uşaqlıqdan epilepsiya xəstəsi olduğuna görə o, anasının bu sözlərinə inandı. Həmin vaxtlar o, atasının və qəza nəticəsində həlak olmuş oğlanın qəbirüstü daşlarının düzəldilməsi ilə məşğul olduğu üçün gecələr evə getməyib bəzi hallarda Şüvəlanda yerləşən qəbirstanlıqda, bəzən də yaxın dostlarının, qohumlarının evində qalırdı. Sonradan eşitdi ki, “Qurd qapısı” deyilən mərasim zalında o və yaxın qohumları atasına “yeddi” mərasimi verən günü, anası ilə bacısı bir neçə uzaq qohumlarla bacısına nişan və xınayaxdı mərasimi keçiriblər. Anası ona zəng etsə də, o, anası ilə çox soyuq danışır, işlərinin çox olduğunu ona bildirirdi. Hər dəfə bacısı ona zəng vuraraq evə gəlməyini, onunla yaxından oturaraq dərdləşməyini bildirsə də, o, həmin söhbətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirərək bacısı Fitat ilə görüşə bilməyəcəyini bildirirdi. Ancaq qohumlarının danışıqlarından hiss edirdi ki, bacısı atasının rəhmətə getməyini bilir və özünü guya bilməzliyə qoymuşdur. Bacısının çoxsaylı zənglərində, SMS yazışmalarında təkidlə ondan özünün gələcək həyat yoldaşı olan Fərhad adlı şəxsə görüşməyini, onların bu xeyir işinə xeyir-dua vermələrini bildirirdi. O, bacısına razılıq verdikdə Fərhad Dubay şəhərindən uçaraq Bakıya gəldi və o, şəhərdə onunla kafelərin birində yarım saatlıq görüşdü. İlk baxışdan onda çox xoş təəssüratlar yaratdı, o, Fərhadın ailəsi, işi barədə maraqlandı, səmimi ailə olduqlarını anladı. Sonradan anası, bacısı və bəzi qohumları ondan təkidlə xahiş etdilər ki, atasının 40 mərasimi çıxmamış bacısı Fitatın toy mərasimində iştirak etsin. O isə həmin toy mərasimində məcburi, qonaq kimi iştirak etdi. Toy qurtardıqdan sonra bacısı ailəsi ilə birlikdə Dubay şəhərinə getdilər və orada işlərini davam etdirdilər. Bacısının ailə qurduğu qohumlar çox səmimi, ailəcanlı, qonaqpərvər olduqları üçün o da onlarla eyni münasibətdə oldu, onların və qohumların ayrı-ayrı şənliklərində həmişə iştirak etdi. Bacısı ona Dubay şəhərindən zəng vuraraq işlərinin çox gözəl getdiyini, heç bir probleminin olmadığını, həyat yoldaşının daha çox pul qazandığını və xoşbəxt yaşadığını bildirdikdə, o, çox sevinirdi. Dəfələrlə Fitat ona Moskva və Voronej şəhərində aldığı pulları və yas mərasimi ilə bağlı xərclərinin çox olduğunu və aldığı borc pulu qaytarmaq istədiyini bildirdi. O, bacısına hər şeyin onlarda da yaxşı olmasını bildirərək, “o pulu mən sənə borc verməmişəm, qardaş kimi əl tutmuşam” deyirdi. Günlərin bir günü həyat yoldaşı Alisa Fitatın ona zəng edərək Alisaya aid olan bank hesabını soruşduğunu və Voronejdə aldığı pulu ona göndərmək istədiyini bildirmişdir. Alisa da öz adına olan bank hesabını Fitata bildirmiş, bacısı Fitat isə həyat yoldaşı Fərhadın adından 15700 ABŞ dolları və öz adından isə 4000 dollar göndərmişdir. O, bu məsələdən xəbər tutduqda bacısına zəng vuraraq, səsli mesaj göndərərək nahaq belə etdiyini, amma gələcəkdə o bir qardaş kimi əldə etdiyi vəsaitlərdən bacısına da çoxlu yardım etməyi barəsində yazışmaları oldu. Bir müddətdən sonra işləri ilə bağlı bacısı həyat yoldaşı Fərhadla birlikdə Bakıya gəldi, hamilə olduğu üçün bacısıgil onların evində qalırdırlar, Fərhad isə işlərini təhvil-təslim etmək üçün arada Dubay şəhərinə gedib-gəlirdi və gələndə onlarda da qalırdı. Fərhadın işi ilə bağlı Bakıya köçdükdən sonra bacısıgil həm onlarda, həm də öz şəxsi evində qalırdılar. 2019-cu ilin yay aylarında bacısı, həyat yoldaşı Fərhad və onun valideynləri ilə birlikdə rayonların birində dincəlmək üçün iki həftəlik getmişdilər. 1- 2 gündən sonra Fitatın əri ilə birlikdə qayıtdığını və Fitatın əhval-ruhiyyəsinin pis olduğunu gördü. Anası ona bildirdi ki, Fərhadın anası onun bacısı ilə çox pis münasibətlə davranmış, ona dincəlməyə imkan verməmiş və hər şeyi burnundan gətirmişdir. Ona görə də, bacısı evə gəlmək istəmiş, Fərhad isə onu tək buraxmamışdır. Fərhadgilin ailəsini daha yaxın tanıdığı üçün o, anasının bu sözlərinə şübhə ilə yanaşdı və Fərhadgildən bu barədə heç bir şey soruşmadı. Elə həmin gündən də xx xxxxx 2020-ci ilə kimi bacısıgil onlarla birlikdə qalmış, son hadisələrdə bacısıgil anası ilə birlikdə evdən çıxaraq başqa ünvana köçmüşlər. Belə ki, hələ 2019-cu ilin sentyabr ayında anası ona bildirmişdir ki, dərman ləvazimatları almaq üçün ona 40-50 min ABŞ dolları civarında pul lazımdır, həmin pulları qoyub dərman alsa, ayda qazancları 6-7 min ABŞ dolları olacaq, həmin qazancan anası ona şəxsi xərci üçün 2500-3000 dollar pul verəcək. Həmin dövrdə, o, anasının 2012-2013-cü illərdə Narkomaniyaya qarşı Mübarizə İdarəsində və eləcə də, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsindən lisenziyası olmadığından, psixotrop dərmanların satışı ilə qeyri-qanuni məşğul olduğu üçün həmin idarə tərəfindən tutularaq istintaqa cəlb edilməsini, sonradan atasının və onun yaxın dostlarının himayədarlığı ilə həmin istintaqdan yayınmasını, gənclərə gələcəkdə çox pis təsir edən bu hərəkətlərin bir ali həkim kimi ona yaraşmadığını bildirirərək “əgər istəyirsənsə xüsusi dərmanların satışı üçün atamın dostlarının köməyilə həmin dərmanların satışı üçün sənə xüsusi lisenziya (razılıq) alım, ancaq sən də bir ana kimi mənə söz ver ki, belə qeyri-qanuni dərman satışı ilə məşğul olmayacaqsan” deyərək bildirdi. Anası onun boynunu qucaqlayaraq “keçmişin səhvi keçmişdə qaldı” deyərək, artıq yaşının o dövr olmadığını, indidən belə halal zəhmətlə dolanmaq istədiyini bildirdi və onu inandırdı. Ona görə də, o, qanuni yolla lisenziya alınmasında anasına yaxından köməklik göstərdi. Hər dəfə dərman vasitələrinin alınmasında anası atasının vasitəsilə dostlarından borc pul almasını və sonradan onu qaytarmamasını gözünün önünə gətirərək, anasına dərman vasitələri almaq üçün və gələcəkdə qazanc əldə etmək üçün bacısının, həyat yoldaşı Alisanm yanında anasına verdiyi 38000 ABŞ dollarını əl telefonu ilə video-lentə çəkdi. 2019-cu ilin noyabr ayının axırında o, anasından əldə olunan gəlirdən ona pul vermədiyini deyərək, anasına yaddaşlıq etdi. Anası ona bildirdi ki, ilin axırında əldə olunan qazancın hesabını apararlar. Dekabrın 2-4-ü arasında bacısı anası ilə birlikdə yenə onunla mübahisə edərək, əldə olunan qazancdan ona pul verməmək üçün müxtəlif vasitələrlə mübahisələr yaratdılar və yenə onların arasında soyuqluq yarandı. Ona görə də, xx xxxxxx 2019-cu il tarixdə, oğlunun ad gününə yığılmaq istəyən qohumları və dostları evə dəvət edə bilmədi. Təxminən 2020-ci ilin yanvar ayında anası oğlu İsgəndərin ad gününə hədiyyə olaraq onun adına 3-4 otaqlı mənzil almağını və ancaq həmin mənzilin anasının adına olmağını, sonradan isə İsgəndərin adına hədiyyə etməyini bildirdi və ona “Ağ şəhər”də ev tapmağını, təxminən həmin evin alış qiymətinin 200-250 min manat civarında olmasını bildirdi. O, anası, bacısı Fitat, onun həyat yoldaşı Fərhad ayrılıqda “Ağ şəhərdə” həmin evə baxmağa getmişlər. Sonradan ona məlum oldu ki, anasının onun oğlu İsgəndərə alıb hədiyyə vermək istədiyi mənzili Fərhadın vəsaiti hesabına almaq istəyirlər. Ona görə də, o, anasına iradlarını bildirdi və hər hansı bir evin alınması üçün Fərhadın pulunun ona lazım gəlmədiyini dedikdə, anası ona bildirdi ki, “mən istəyirəm ki, sən ailənlə birlikdə mənim aldığım evə köçəsən, qızım kürəkənimlə mənim yanımda qalsınlar”. O, anasına bu barədə bir də söhbət etməməyi, “əgər ana kimi sən kürəkəninlə qalmaq istəyirsənsə, mən ailəmlə birlikdə Bakı şəhərində kirayə qala bilərəm” demişdir. Anası ona “elə şeylər qohumlardan ayıbdır, bir də belə sözlər danışma” deyərək sakitləşdirdi. Artıq ailədə soyuq münasibətlər yarandığından, o, gecələr evə bir az gəlməyə çalışaraq, öz otağına keçib ailəsi ilə birlikdə dolanmağa başladı. xx xxxxx 2020-ci ildə, saat 11-12 radələrində, həyat yoldaşı Alisa ona zəng vuraraq anasının, bacısının, Fərhadın yük taksisi çağıraraq gündəlik tələbat ərzaqlarını, öz geyim əşyalarını həmin taksiyə yüklədiklərini bildirdi. O, evə çatanda, artıq yük taksisinin fəhlələri maşının arxa hissəsinə ev əşyalarını yığırdılar və ona aid olan əl çantalarını və orada olan əşyaları həmin maşına yükləyirdilər. O, həmin hadisəni əl telefonu ilə video-lentə aldıqda, anası həyətə çıxaraq qonşular tərəfə uca səslə qışqıraraq “Gündüz bizi evdən qovalayır, biz artıq burada qala bilmirik” dedi və ona təhqiredici sözlər deməyə başladı. O, anasıgilin onu provokasiyaya sürüklədiklərini hiss etdim, sakit dayanaraq hər bir hadisəni video-lentə aldı. Fərhad ona 1-2 dəfə zərbələr endirdi, bacısı daş götürərək onu vurdu. Anası 102 xidmətinə zəng vuraraq “burada bizim üstümüzə cumublar, gəlin bizi bu bəladan qurtarın” demişdir. 102 xidmətinin əməkdaşları göstərilən ünvana gəldikdə, onlar Fərhadın maşınına minərək qaçıb getdilər. Həmin əməkdaşlar onu Səbail rayon Polis İdarəsinin 41-ci bölməsinə dəvət etdilər, orada onun aldığı xəsarətləri gördükdə, Bayılda yerləşən ekspertizaya göndəriş verdilər. Onun xəsarətləri olduğu üçün 41-ci Polis Bölməsinin Təhqiqat İdarəsində təhqiqat aparıldıqdan sonra Səbail rayon X18 şöbəsində istintaq bu gün də davam edir. Bölmədə ona aid olan əşyalarının da götürüldüyünü və hansı əşyaların aparıldığını bilmədiyi üçün gəlib sonradan ərizəyə əlavə etməyi bildirsə də, təhqiqatçı Nüstət adlı şəxs ona bildirdi ki, aparılan əşyaları əlavə olaraq kağıza yazıb, ona bildirsin. O, elə də etdi. Sonradan anası ona WhatsApp vasitəsilə həmin yazdığı əlavələri göndərməklə bildirdi ki, onsuz da ona aid əşyaların götürülməsi barəsində təhqiqatçı ona demişdir, əlavə olaraq bildirdi: “hər hansı vasitə ilə sənin özünün günahkar olmağını sənə sübut etdirəcəm”. Hal-hazırda bu barədə istintaq hərəkətləri aparılır, ondan sonra anası ilə bacısı ayrı-ayrılıqda ona qarşı Səbail rayon məhkəməsinə “pul tələbi” ilə bağlı müraciətlər etmişdirlər. Anasının etdiyi “pul tələbinə dair” iddia ərizəsi iş, bacımın “pul tələbinə dair”, anasının onun həmin evdən istifadə hüquqlarının ləğv edilməsi, mənzildən çıxarılma və mənzilə onun köçürülməsinə dair iddia ərizəsi iddia ərizələri ilə hərtərəfli qaydada onu mənəvi cəhətdən sıxmaqla və onun anasıgil qarşısında öhdəçilik götürməkdən başqa bir şey deyildir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, Cavabdeh1 qarşılıqlı iddia tələbinə etirazını təqdim edərək bildirmişdir ki, Cavabdeh1 qarşılıqlı iddia tələbləri tamamilə əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddianın özündə mübahisə predmetinə aid olmayan faktlara istinad edilmiş və İddiaçı tələb etdiyi pul vəsaiti ilə bağlı hər hansı sübutlar təqdim edilməmişdir. İddiaçıların iddia ərizəsində göstərilmişdir ki, Cavabdeh1 bacısı İddiaçı borc pul istəmiş və bildirmişdir ki, onu RF Voronej şəhərində güya reketlər hədələməklə pul tələb edirlər və təcili pul lazımdır. İddiaçı borc pul istəyərkən tez zamanda qaytaracağına dair öhdəlik götürmüşdür. Həmin vaxt iddiaçılar X16, Əbu-Dabi şəhərində olmuşlar, cavabdehlər isə X8 şəhərində yaşayırdılar. Cavabdehlərdən X11 (Cavabdeh1 həyat yoldaşı) Rusiya Federasiyasının vətəndaşı olduğundan pul vəsaiti ancaq onun adına göndərilə bilərdi. Ona görə də, xx.xx.2018-ci il tarixdə, iddiaçı Cavabdeh2 X31 Bank(ADCB) vasitəsilə 15700 ABŞ dolları məbləğində pul vəsaitini cavabdeh Olesya Məmmədzadənin adına göndərmişdir. Daha sonra da xx.xx.2018-ci il tarixdə İddiaçı X31 Bank (ADCB) vasitəsilə 4000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdeh Olesya Məmmədzadənin adına göndərmişdir. Cavabdeh1 2018-ci ilin sonunda Bakı şəhərinə qayıtmışdır ki Rusiyada vətəndaşlığı almaq məqsədilə müvafiq sənədləşmə işləri aparsın, lakin bununla bağlı imtina almış, daha sonra 2019-cu ildə ona Bakıda güya Daxili işlər Nazirliyində işlə bağlı təklif olunmuş və o, Bakı şəhərində qalmağı qərara gəlmişdir. Ona görə də Cavabdeh1 Voronej şəhərinə qayıtmışdır ki, pulu götürsün və Bakıya qayıdan kimi xx.xx.2019-cu il tarixdə özünə 19000 ABŞ dolları qiymətinə olan 10TJ987 dövlət qeydiyyat nömrəli DODGE CHARGER markalı avtomobil almışdır. İddiaçı avtomobilin dəyərini bildikdən sonra Cavabdeh1 ona yalan danışdığını anlamış və ondan borc kimi verdiyi pul vəsaitinin qaytarılmasını tələb etdikdə, o yaxın aylarda qaytaracağını söz versə də, daha sonra pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 İddiaçı ilə whatsapp yazışmalarını təqdim etmişdir. Həmin yazışmalardan da görünür ki, iddiaçılar Cavabdeh1 borc olaraq pul vəsaiti göndərmişlər və həmin yazışmalarda cavabdeh bunu inkar etməmişdir. Lakin Cavabdeh1 məhkəmə iclasında özünün təqdim etdiyi sübutlara baxmayaraq borcunun olmasını inkar etmiş və məhkəməyə bildirmişdir ki, həmin pulu İddiaçı ona olan borcuna görə qaytarmışdır. Daha sonra məhkəmə iclasında cavabdeh həqiqətə uyğun olmayan və ziddiyyətli ifadələr verərək bildirir ki, güya dəfələrlə bacısı İddiaçı ondan pul istəmiş, güya İddiaçı və anasına 38000 ABŞ dolları məbləğində pul vermiş və bunun kimi sair yalan məlumatlar. Bundan əlavə cavabdeh hazırki mülki işə aid olmayan videoyazıları təqdim edərək əksinə borcun olduğunu təsdiq etmişdir. Hesab edir ki, həmin sübutlar mübahisə predmetinə aid olmadığından iş üzrə sübut kimi qəbul edilməməlidir. Cavabdehlər Cavabdeh1 və X4 cəmi 19700 ABŞ dolları məbləğində pul vəsaitinin, pul vəsaitini qanunsuz saxladıqlarına görə 5000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı və Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili X12 qarşılıqlı iddianın mətninə uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində göstərdi ki, Fitat və Gündüz onun övladlarıdır. Oğlu Gündüz Bakıda olan zaman ona bildirdi ki, o, Rusiyada adam işə düzəldirdi və buna görə ona bank vasitəsilə pul göndərməlidirlər, bankın yerləşdiyi ərazidə maşın saxlamaq mümkün olmadığından və hətta onu bir dəfə cərimə etdiklərindən həmin pulu bankdan onun götürməsini xahiş etmişdir. O, razı olaraq bir neçə dəfə bankdan pul götürüb Gündüzün özünə və ya özü olmayanda onun həyat yoldaşına vermişdir. Həmin pulun kimin adından göndərildiyi ilə heç vaxt maraqlanmamışdır. Ona yalnız kodu deyirdilər və o da gedib pulu alırdı. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi və qarşılıqlı iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan X31 Bank tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli ödəniş barədə qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən X23 şəhərinə Olesya Məmmədzadənin adına 15700 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş materiallarında olan X31 Bank tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli ödəniş barədə qəbzdən görünür ki, İddiaçı tərəfindən X23 şəhərinə Olesya Məmmədzadənin adına 4000 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş materiallarında olan Dövlət Miqrasiya Xidməti tərəfindən 20 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Olesya Məmmədzadə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Y/m, 11-ci döngə, ev 6 a ünvanında qeydiyyatdadır. İş materiallarında olan Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən xx xxxxxx 2020-ci il tarixli məktuba əlavə edilmiş məlumatdan görünür ki, Cavabdeh1 X35 markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2019-cu il tarixdə X9 alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan X13 Cavabdeh1 qarşı Səbail Rayon Məhkəməsinə ünvanladığı iddia ərizədən görünür ki, o, məhkəmədən Cavabdeh1 9900 manat pulun alınaraq X15 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan X13 Cavabdeh1 qarşı Səbail Rayon Məhkəməsinə ünvanladığı iddia ərizədən görünür ki, o, məhkəmədən Cavabdeh1 mülkiyyətçisi olduğu Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Y/massivi, döngə 3, ev 90 A ünvanında yerləşən evə olan yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi, mənzildən çıxarılma və iddiaçı X13 həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Sberbank tərəfindən xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, X11 tərəfindən Səfərova Arzunun adına 1500 ABŞ dolları məbləğində pul göndərilmişdir. İş materiallarında olan Sberbank tərəfindən xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, X11 tərəfindən Səfərova Arzunun adına 1500 ABŞ dolları məbləğində pul göndərilmişdir. İş materiallarında olan Sberbank tərəfindən xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, X11 tərəfindən Səfərova Arzunun adına 1500 ABŞ dolları məbləğində pul göndərilmişdir. İş materiallarında olan Sberbank tərəfindən xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, X11 tərəfindən Səfərova Arzunun adına 1500 ABŞ dolları məbləğində pul göndərilmişdir. İş materiallarında olan Sberbank tərəfindən xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, X11 tərəfindən Səfərova Arzunun adına 450 ABŞ dolları məbləğində pul göndərilmişdir. İş materiallarında olan Sberbank tərəfindən xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, X11 tərəfindən İddiaçı adına 450 ABŞ dolları məbləğində pul göndərilmişdir. İş materiallarında olan Sberbank tərəfindən xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, X11 tərəfindən İddiaçı adına 600 ABŞ dolları məbləğində pul göndərilmişdir. İş materiallarında olan Sberbank tərəfindən xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, X11 tərəfindən Səfərova Arzunun adına 1000 ABŞ dolları məbləğində pul göndərilmişdir. İş materiallarında olan Sberbank tərəfindən xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, X11 tərəfindən Səfərova Arzunun adına 500 ABŞ dolları məbləğində pul göndərilmişdir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini Cavabdeh1 iddiaçı qarşısında yuxarıda adı çəkilən əsaslar üzrə iddia tələbində göstərilən məbləğ həddində öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. Məhkəmə bildirir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehin iddiaçılar qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunun yuxarıda qeyd edilən normasının tələbinə görə ki, borc müqaviləsinə görə, borc verən əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Həmin müqavilə üzrə borc alanın əsas vəzifəsi götürdüyü borcu vaxtında qaytarmaqdan, yəni bu öhdəliyi müqavilədə (razılaşmada) nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Göründüyü kimi, qanunverici borc müqaviləsinin zəruri şərtlərini müəyyən etmiş və müqavilə üzrə tərəflərin hansı qaydada məsuliyyət daşımalı olduğunu aydın şəkildə ifadə etmişdir. Məhkəmə iclasında iddiaçı izah etdi ki, cavabdehə 19700 ABŞ dolları məbləğində borc vermişdir ki, hal-hazıradək cavabdeh həmin borcu ona qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunun yuxarıda qeyd olunan normasından görünür ki, ohdəliyin lazımınca icra edilməməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən müvafiq müqavilə yolu ilə müəyyən olunur. Belə müqavilənin olması öhdəliyin yaranması üçün əsas şərtdir, belə ki, onun məzmunu cavabdehin yerinə yetirməli olduğu, lakin yerinə yetirmədiyi hərəkətləri müəyyən edir. Öhdəliyin yaranması üçün müqavilənin olmasının zəruriliyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009cu il tarixli qərarında da göstərmişdir. Bundan başqa, yazılı borc müqaviləsinin olması pulun verilmə vaxtını və şərtlərini, dəqiq məbləği və onun qaytarılma müddətini müəyyən etməyə imkan verir, belə ki, öz hüquqi mahiyyətinə görə əqdin göstərilən növü real əqdlərə aiddir. Borc müqaviləsi yalnız əşyanın borc verən tərəfindən borc alana verildiyi andan bağlanmış sayılır. Beləliklə, qanunun yuxarıda göstərilən normalarına və Konstitusiya Məhkəməsinin izahına əsasən cavabdehin borcu qaytarmaq üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün onlar arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, cavabdeh onları yerinə yetirməli olduğu halda, yerinə yetirməmişdir və bu da hazırki mübahisənin yaranmasına gətirib çıxarmışdır. Bununla yanaşı, işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-ci maddəsinin tələblərinə uyğun olan müqavilə təqdim olunmamışdır. Cavabdehin borc öhdəlikləri barədə iddiaçı yalnız öz izahatlarında göstərir ki, bu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən kifayət deyildir. Eyni zamanda iddiaçı cavabdehin ondan nə zaman borc istədiyini, həmin pulu cavabdehə hansı müddətə verdiyini və cavabdehin bu pulu nə vaxt qaytarmalı olduğunu məhkəmə iclasında izah edə bilmədi. Cavabdeh tərəfindən təqdim edilmiş Whatsapp yazışmalarından görünür ki, bacı-qardaş arasında borc münasibətləri olmamış, cavabdeh iddiaçıdan borc istəməmiş, iddiaçı cavabdehə göndərdiyi pulların sonuncu tərəfindən borc kimi deyil, əvəzsiz olaraq qəbul edilməsini xahiş etmiş, yalnız cavabdehin həmin pulu borc kimi qəbul etmək və gələcəkdə onu qaytarmaq istəyinin olduğu halda onu borc kimi qəbul edərək, istədiyi zaman qaytara bilməsini bildirmişdir. xx.xx.2018-ci il Whatsapp yazışmasında iddiaçı cavabdehə sentyabr ayının bütün borcu kimi 15700 USD (9700+6000) göndərdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 izah etdi ki, bacısı Fitatla aralarında heç zaman borc münasibətləri olmamış, o həmişə bacısına və anasına maddi yardım etmiş, heç zaman bacısından borc istəməmişdir. Yalnız anası və bacısı ilə aralarında olan münasibət pozulduqdan sonra yaranmış münaqişəli münasibətlə əlaqədar anası və bacısı ona qarşı pul tələblərinə dair məhkəmələrdə iddia qaldırmağa başlamışlar. Onun məhkəməyə təqdim etdiyi Whatsapp yazışmalarından da görünür ki, o, bacısı Fitatdan borc istəməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı tələb etdiyi 19700 ABŞ dolları məbləğində pulu cavabdehə borc verdiyini sübuta yetirə bilməmişdir. Halbuki mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X2rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Bundan əlavə, məhkəmə bildirir ki, iddiaçı sözügedən iddia tələbinin faktiki əsası kimi cavabdeh tərəfindən 19700 ABŞ dolları məbləğində borc pulun Rusiyada reketlərin onu hədələməsi ilə bağlı qəbul edildiyini göstərmişdir, cavabdehlər isə iddia tələbinə etirazında və məhkəmə iclaslarında 19700 ABŞ dolları məbləğində pulun İddiaçı tərəfindən ona borc kimi verilmədiyini, ümumiyyətlə aralarında heç vaxt borc münasibətləri olmadığını, onun əvvəllər iddiaçıya vermiş olduğu pulların sonuncu tərəfindən ona qaytarıldığını bildirmişdir. Odur ki, məhkəmə, iddiaçının tələbinin söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdüyü dəlillərə və cavabdehlərin etirazlarında qeyd etdiyi xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz” Bu baxımdan, məhkəmə ilk növbədə bildirir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı iddia tələbinin faktiki əsası kimi göstərdiyi halları, o cümlədən cavabdehlərə 19700 ABŞ dolları məbləğində pulu borc verdiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, eləcə də cavabdehlərin mülki qanunvericilikdə nəzərdə tutulmuş hansı əsas(lar) üzrə onun qarşısında öhdəlik daşımalı olduqlarını əsaslandırmamışdır. Məhkəmə, tərəflərin məhkəmə iclasında verdiyi izahatlara qiymət verərək, hesab edir ki, tərəflər arasında olan maliyyə qarşılıqlı münasibətləri kreditorla (iddiaçı) borclu (cavabdeh) arasında olan münasibətlər kimi tanına bilməz. İddiaçının həmin münasibətlərə baxışının dəyişməsi onun hüquqularının pozulduğunu təsdiq etmir. Mübahisələndirilən məbləğin cavabdehə yardım kimi, eləcədə, əvəzsiz verilməsi öz təsdiqini tapmışdır, bununla əlaqədar olaraq, həmin məbləğ borc kimi tanına və məcburi qaydada alına bilməz. Tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmamışdır, deməli, məhkəmə müdafiəsi üçün əsaslar yoxdur. Tərəflər arasında mübahisə ailə problemləri ilə şərtlənir və bu da onlar tərəfindən mənəvi-əxlaqi prinsiplərə uyğun həll edilməlidir. Beləliklə, iddiaçı tərəfindən 19700 ABŞ dolları məbləğində pulun borc kimi cavabdehlərə verilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 19700 ABŞ dolları məbləğində pulun və həmin pulun qanunsuz saxlanıldığına görə 5000 manat məbləğin cavabdehlərdən iddiaçıların xeyrinə tutulması barədə iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Cavabdeh1 evdə əl çantasının içərisində olan fotoşəkillər, 2 ədəd flaşkart, 9000 ABŞ dolları və uşaqlarının adına yığılmış 600 manat pul vəsaitinin cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbləri ilə bağlı bildirir ki, həmin tələblə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbləri də əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı və Cavabdeh2 cavabdehlər Cavabdeh1 və X1rşı pul tələbinə dair iddiası, Cavabdeh1 İddiaçı qarşı pul və əmlak tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar