Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1132/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 46 saylı Notariat Kontonunda onunla Cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə borc verən borc alana 5000 manat məbləğində pul borc verir. Borc alan xx.xx.2025-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderi ilə o, 5000 manat pulu 46 saylı notariat ofisinin (VÖEN **********) "xxxx" ASC-də olan hesabına AZ35GUNA******************** təhvil vermişdir. Bundan başqa cavabdeh ona ev almağa kömək edəcəyi adı ilə ev satan şəxsə 3000 manat beh vermək məqsədi ilə ondan şahidlərin iştirakı ilə 3000 manat pul alıb. Lakin sonradan ev satan şəxsdən həmin behin ona verilib-verilmədiyini soruşanda həmin şəxs behin ona verilmədiyini bildirmişdir. Həmin pul da cavabdehdədir. Həmin pulu ona geri qaytarmır. Bundan başqa cavabdehə ev təmiri üçün 5000 manat pul verdiyi halda cavabdeh evin təmirinə maksimum ən çoxu 2000 manat pul xərcləmişdir. Həmin puldan da ona 3000 manat geri qaytarmalıdır. Lakin onun qüvənindən sui-istifadə edib pullarını geri qaytarmır, bu günə qədər cavabdeh ona 2400 manat pul geri qaytarmışdır. Müxtəlif bəhanələrlə pullarını ona geri qaytarmaqdan yayınır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 8600 manat və iddia qaldırılması üçün dövlət rüsumu qismində ödənilmiş 106 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 8150 manat, vəkilə ödədiyi 300 manat, 150 manat ekspertiza xərcləri, cəmi 8600 manat pul alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, evini 35.000 manata satmaq istəmiş, Tahir müəllimi makler kimi sonradan tanımış, o, bildirmişdir ki, evi 2 yerə bölüb cəmi 50.000 manata satmaq olar. Bunun üçün təmir etdirmək lazım idi və ondan 10.000 manat kredit götürülməli olduğunu bildirdi. O, bankdan 10.000 manat kredit götürmüş, Tahir müəllim 5000 manatın ona verilməsini istəmiş, o, isə demişdir ki, rəsmi qaydada verə bilər və notariusda müqavilə əsasında 5000 manat borc pul vermişdir. Həmin borcdan hissə-hissə 3400 manat qaytarılmışdır. Evinin təmiri üçün isə hissə-hissə 5000 manat məbləğində pul vermişdir, halbuki məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində görülən işin cəmi 850 manat olması müəyyən edilir. O, Lökbatanda olan evin alınması ilə bağlı Tahir müəllimə 3000 manat beh vermişdir, beh evin sahibinə verilməmişdir, lakin həmin evi bəyənmədikləri üçün almamışlar, Ruslan adlı şəxsin evini 43.000 manata almışlar. Sonra həmin evi də satıb başqa ev də almışlar. Tahir müəllim 3000 manat behdən Ruslanın evinin alınması üçün ödəməli olduğu 1000 manat pulu Ruslana vermişdir. Bunu etiraf edir. Lakin yerdə qalan məbləğ ona qaytarmamışdır, Tahir müəllimin borcu 8150 manat təşkil edir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Ələsgər qızı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, təqdim olunan mütəxəssis rəyi sübut kimi dəyərləndirilməlidir. 3000 manat beh Lökbatanda yerləşən evin sahibinə verilməmişdir, bununla bağlı səs yazısı da təqdim olunub. Cavabdehə görə iddiaçı kredit götürüb, onun faizlərini də ödəyərək ziyana düşmüşdür. Bu hal da nəzərə alınmalıdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, iddiaçıdan 5000 manat borc götürmüşdür və onu da qaytarmışdır. Belə ki, 3400 manat hissə-hissə ödəniş qəbzləri vasitəsi ilə, 1000 manat Tünzalə xanımın aldığı evin borcuna görə ev sahibi Ruslana vermiş, 200 manatdan 3 dəfəyə cəmi 600 manatı da əlbə-əl vermişdir. Təmir xərci ustaya iddiaçı tərəfindən verilmişdir, materialları o, almış, qəbzləri iddiaçıya göstərmiş və pulunu ödəmişdir. Evin alınması üçün 3000 manat beh almamış, təmir xərci ilə bağlı pul almamışdır. Onun iddiaçıya borcu yoxdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, qaldırılan iddianın heç bir əsası yoxdur və məhkəmədən onun rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə iddiaya dair yazılı etiraz təqdim edilmiş və etirazında göstərmişdir ki, Cavabdeh tərəfindən İddiaçı İskəndər qızının kart hesabına xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən 5000 manat borc məbləği tam olaraq bağlanmışdır. Belə ki, Cavabdeh tərəfindən İddiaçı İskəndər qızına kredit müqaviləsinə əsasən 5000 manat borc məbləği bağlandığı halda iddiaçının iddia tələbinin bu hissəsini qanunsuz və əsassız hesab edirlər. Bundan əlavə qeyd etmək istəyir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ilə X3 arasında ikitərəfli sənəd imzalanmış və imzalarla təsdiq olunmuş sənəddən müəyyən olunur ki, Ruslan İsmayılov Bakı şəhəri,Səbail rayonu, G.Əliyev küçəsində yerləşən və öz vəsaiti hesabına tikdiyi 3 otaqlı mənzili 43.000 manata satması ilə bağlı iddiaçı ilə razılaşmış, ilkin olaraq 14.000 manat beh almış qalan 29.000 manat məbləği aldıqdan sonra kommunal sayğacları iddiaçının adına keçirməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə İddiaçı qızı Nərmin İsmayıllının, kürəkəni Fərhad İsmayıllının və Cavabdeh imzalarının təsdiqi ilə Ruslan İsmayılova yazılı iltizam vermiş və 3 otaqlı evə 6500 manat pulu hər sayın 5 olmaqla ödəyəcəyini və 11 ay müddətinə borcu tam bağlayacağı barədə öhdəlik götürmüşdür. Bundan əlavə İddiaçı xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi evini X1 barədə ikitərəfli iltizama qol çəkmişdir, iltizamda hər iki tərəf öz imzaları ilə evlə bağlı alqı-satqı həyata keçirdiklərini, 17.000 manat pulun iddiaçıya X7 tərəfindən ödənildiyini,qalan 3000 manat pulun isə ev təmir olunduqdan sonra X7 tərəfindən İddiaçı ödəniləcəyəni imzaları ilə təsdiq etmişlər. Etiraza əlavə olunan sənədlərdən müəyyən olunur ki, iddiaçı cavabdehin iştirakı ilə ev alqı-satqısı həyata keçirmiş və cavabdeh şahid qismində bu proseslərdə iştirak etmişdir, heç bir sənəddə iddiaçının cavabdehə 3000 manat beh verməsindən söhbət belə getmir və qeyd olunan xüsusatın əsassız və qanunsuz olmasını məhkəmənin diqqətinə çatdırırlar. Həmçinin iddiaçı özü də cavabdehə 3000 manat məbləğində beh verməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda İddiaçı İskəndər qızı ilə Cavabdeh arasında bağlanmış kredit (borc) müqaviləsi üzrə borc məbləği tam olaraq bağlanmış və iddiaçıya hər hansı bir borcu qalmamışdır. İddiaçı Cavabdeh qarşı iddia tələblərinin qanunsuz və əsassız olması səbəbindən rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, Tahir maklerdir, ev alqı-satqısı ilə məşğuldur, Tünzalə Tahirin vasitəsi ilə 43000 manata onun evini almışdır. Tünzalə evin pulunu hissə-hissə ödəyirdi. Tünzalənin borcundan Tahir ona 1000 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, ustadır, iddiaçı və cavabdehi tanıyır. Tahir müəllim onu Tünzalə xanımın evində təmir işlərinin görülməsi üçün dəvət etmiş, 2500 manat təmir xərci tələb etmiş, Tahir bildirmişdir ki, qohumdur, 1300 manata razılaş. Gördüyü işə görə cəmi 850 manat Tahir şəxsən ona vermişdir. Lakin gördüyü işə görə ödənilməyən borc mövcuddur, o, təmir xərci üçün 2500 manat pul istəyir, 1650 manat ödənilməyib. Tahirdən pul istəyəndə demişdir ki, ev yiyəsi pul vermir. Materiallara nə qədər xərc çəkilməsindən məlumatsızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, iddiaçının kürəkənidir. Lökbatandakı evə görə Tünzalə xanım evlərində həyat yoldaşı və onun yanında Tahirə 3000 manat beh vermişdir, lakin Lökbatandakı evin zirzəmisi nəmişlik olduğu üçün evi bəyənməmişlər və almamışlar. Lakin Tahir aldığı behi qaytarmamışdır. Təmirə 5000 manat pul verilmişdir, Tahir hissə-hissə gəlib evdən aparmışdır, 2 dəfə qaimə-faktura vermişdir. İş üzrə Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq edilmiş və “Borc verən” qismində İddiaçı ilə “Borc alan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən Əliyeva X2 Tahir Qənbər oğluna 5000 manat məbləğində borc pul vermiş, Cavabdeh borcunu xx.xx.2025-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə ödəniş qəbzlərin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehin kartına xx.xx.2023-cü il tarixdə - 200 manat, xx.xx.2023-cü il tarixdə – 200 manat, xx.xx.2023-cü il tarixdə - 200 manat, xx.xx.2023-cü il tarixdə - 200 manat, xx.xx.2023-cü il tarixdə - 200 manat, xx.xx.2023cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat,xx.xx.2024-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə - 100 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat, cəmi 3.400 manat məbləğində pul köçürülmüşdür. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh 8600 manat pulunun 3 gün müddətində ona geri qaytarılmasını xahiş və tələb etmişdir. Pulu pretenziya məktubunda göstərilən müddətdə geri qaytarmayacağı təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş üzrə İddiaçı sifarişinə əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, FY 05- 151/24 nömrəli təmin işlərinə çəkilmiş xərcin qiymətləndirilməsi haqqında hesabatdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, ev 54 yerləşən fərdi yaşayış evinin təmin işlərinə çəkilmiş xərcin qiymətləndirmə tapşırığına uyğun olaraq hesablanmış ədalətli dəyəri xx.xx.2025-ci il tarixə 885 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixədək qaytarmaq şərti ilə xx.xx.2023-cü il tarixdə borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində pul verilmişdir. Cavabdeh isə pulu müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş, həmin məbləğdən 3400 manat qaytarıb, qalan 1600 manat qaytarmamış və bununla da kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə cavabdehin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirilməməsini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə şərtlərinin yerinə yetirmədiyindən, iddiaçı borc müqaviləsi üzrə ödənilməmiş qalmış pulun cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə cavabdehin iddiaçıya borca pul götürdüyünü və bunu müqavilə ilə rəsmiləşdirilməsini etiraf etsə də, lakin həmin borcun tam qaytarması barədə cavabdehin dəlilləri üzrə qeyd edir ki, cavabdeh tərəfindən bu halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə borcun tam ödənilməsi barədə cavabdehin dəlillərini əsaslı hesab etmir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, evin alınma məqsədilə iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində beh verilmiş, lakin beh evin sahibinə təqdim edilməmiş, yalnız 1000 manatı iddiaçı tərəfindən alınan evə görə onun sahibinə ödənilmişdir, 2000 manat isə qaytarılmamışdır. Məhkəmə iddia tələbinin evin təmirinə görə cavabdehə verilmiş pul məbləğinin cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, iddiaçı təmirə görə cavabdehə pul verdiyi iddia etsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı 2500 manat usta xərci kimi cavabdehə verildiyini, yerdə qalan məbləğin material xərci olduğunu bildirmiş, usta xərci kimi verilən 2500 manat pulun 850 manat pulun ustaya verilməsi, ustanın özü tərəfindən məhkəmə iclasında etiraf edilmiş, usta ödənilməyən 1650 manatın cavabdehdən tələb etdiyini bildirmiş, belə olan halda məhkəmə ustaya görə verilən pulun cavabdehdən geri tələb edilməsini əsaslı hesab etmir. Eyni zamanda təmir üçün alınan materiallara çəkilən real xərci əks etdirən sübutlar məhkəməyə təqdim edilə bilmədiyindən, həmin pulun geri tələb edilməsini məhkəmə əsaslı hesab etmir, həmçinin məhkəmə iclasında tədqiq olunan sübutlar iddiaçı tərəfindən evin təmirinə çəkilən xərci əks etdirən hesabat kimi təqdim edilən sənədin sübut kimi dəyərləndirilməli olmasını da istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plunumu özünün «S.Əliyevanın şikayəti ilə ləaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməməsi, beh kimi verilən pulun tam geri qaytarılmaması təsdiq olunduğundan, iddia tələbi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 1600 manat borc müqaviləsinə görə ödənilməyən və beh kimi aldığı 3000 manatdan ödənilməyən 2000 manatı, cəmi 3600 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 300 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 300 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 300 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin ekspertiza xərcinə görə 150 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə də tələb təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan mütəxəssis tərəfindən tərtib edilmiş hesabat sübut kimi dəyərləndirilmədiyindən, həmin hesabatın alınması ilə bağlı çəkilən xərc də iddiaçıya aid edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi ekspertiza xərcinə görə 150 manat məbləğində pulun tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (56 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3600 manat, həmçinin hüquqi xidmət üçün ödənilən 300 manat, dövlət rüsumunun əvəzi kimi 56 manat, cəmi 3956 (üç min doqquz yüz əlli altı) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1132/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1132/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver