Məhkəmə qərarları › İş №2(009)-1136/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1136/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1136/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi Z.F.Saadovun Cavabdeh iştirakları ilə İddiaçı «xxxxxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxxx» MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, fiziki şəxs “X8” ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2050 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay əmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “xxxxxxxxxxxxxx” MMC ilə fiziki şəxs “X8” arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən fiziki şəxs “X8”in Cavabdeh qarşı olan 2800 manat məbləğindəki tələb hüququ “xxxxxxxxxxxxxx” MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxxxxxxxxxxxx” MMC-yə keçməsi barədə nisyə alqısatqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim etmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdeh sonuncu dəfə xx.xx.2019-cu ildə ödəniş etmişdir. Cavabdehin 2175,9 manat əsas borcu, 81,90 manat cərimə borcu yaranıb. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 2175,9 manat borcun, 81,09 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X7 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, faktorinq müqaviləsinə əsasən öhdəliyin icra edilməməsi ilə bağlı tələb hüququ onlara keçdiyindən hazırki tələblə məhkəməyə müraciət olunmuşdur. Pul keçirilməmişdən əvvəl onlar müştəriyə malın onlar tərəfindən təhvil alınmasını soruşur, müştəri malın alınmasını təsdiq etdikdən sonra pul köçürülür. Hazırki münasibətdə də Nigar xanımla əlaqə saxlanılmış, o malın onun tərəfindən alınmasını bildirdikdən sonra pul köçürülmüş və müqavilə qüvvəyə minmişdir. Həmin müqavilə üzrə bir neçə ay ödənişlər həyata keçirilmişdir. Hesab edir ki, müqavilə üzrə cavabdeh öhdəlik daşıdığından və həmin müqavilə üzrə borc yarandığından, pul məbləği cavabdehdən tutulmalı. Əgər cavabdehin əmlakın alınmaması ilə bağlı və onu satan Fuad adlı şəxslə bağlı hər hansı iddiası varsa, o bunu məhkəmə müstəvisində mübahisələndirə bilər. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, onun mebel almaq niyyəti olmuş, bununla bağlı Fuad adlı satıcı ilə müqavilə bağlamış, lakin mebel ona çatdırılmamışdır. Belə ki, həqiqətən iddiaçı təşkilat tərəfindən ona zəng olunarkən o demişdir ki, mebel ona çatdırılmışdır və mebelin təhvil alması barədə aktda da imza atmışdır. Bu onun səhvi olmuşdur. Lakin mebelin çexolunu dəyişdirmək üçün mağazadan ona bildirmişlər ki, bir həftə mebel onlarda qalsın. Sonradan mebel ona göndərilməmişdir. O bu barədə tərəflərin məlumatlandırmışdır. Mağazadan ona bildirmişlər ki, narahat olmasın, mebelin pulu onlar tərəfindən ödəniləcəkdir. Həqiqətən də bir neçə ay pul ödənilmişdir. Sonra isə ona zəng edilərək bildirilmişdir ki, gecikmələr var, pul ödənilmir. O Fuada müraciət etmiş, o yenə də bildirmişdir ki, narahat olmasın. Hesab edir ki, mebeli almadığı üçün pulu da o verməməlidir. Pulu Fuad ödəməlidir. Məhkəmədən iddiaçının rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Fuad Tofiq oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «Müştəri» qismində X4 ilə «Faktor» qismində «xxxxxxxxxxxxxx» MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, R-45/19 saylı tələbin güzəşti barədə faktorinq müqavilədən görünür ki, müqaviləyə əsasən Faktor, Borclu barəsində Müştərinin Borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul verir (Müştərini maliyyələşdirir), Müştəri isə Borcluya qarşı pul tələbini Faktora güzəşt edir. İş üzrə “Satıcı” qismində fiziki şəxs (VÖEN **********) «X8» ilə “Alıcı” qismində Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli, ORB000047 nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh «Avangard» yataq dəsti və “İnci” stol dəsti 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 155.56 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2950 manat təşkil edir. İş üzrə fiziki şəxs (VÖEN: **********) “X8” ilə İddiaçı MMC arasında bağlanılmış R-45/19 saylı xx.xx.2019-cu il tarixli Faktorinq Müqaviləsinə əlavə olunan R-xx/xx-0019 saylı, xx.xx.2019-cu il tarixli sazişinə əsasən Cavabdeh ilə «X8» (VÖEN **********) arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxxxxxxxxxxxx» MMC-yə ötürülmüşdür. İş üzrə Sumqayıt şəhəri, 1 MKR yerləşən “Orbita” mebel salonu icraçı direktoru X4 tərəfindən Səbail rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli qəzdən görünür ki, xx.xx.2019-cu il tarixdə müştəri Cavabdeh İddiaçı vasitəsi ilə kredit götürmək istədiyi mebellərdən imtina etmiş və onlar bunu İddiaçı MMC-yə bildirərək X1 “xxxxxxxxxxxx”da olan hesabına 1764 manat məbləği həmin şəxsin İddiaçı MMC-də olan Ehtiyyat Fondundan silinməsini tələb etmişlər. Lakin təşkilat bunu bilərəkdən uzatmış, onlar narahatlıq yaranmasın deyə 641 manat şəxsi hesabından ödəniş etmişlər. X2 “Orbita” mebel mağazasından heç bir mebel almayıb və mağazaya heç bir borcu yoxdur. İş üzrə «xxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 2175,9 manat əsas, 81,09 manat dəbbə pulu, cəmi 2256,99 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, fiziki şəxs X4 ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən alqı-satqı qiyməti 2950 manat olan «Avangard» yataq dəsti və “İnci” stol dəsti pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişidr ki, fiziki şəxs X4 ilə “xxxxxxxxxxxxxx” MMC arasında xx.xx.2019-cu il tarixdə faktorinq müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən “xxxxxxxxxxxxxx” MMC (faktor), X4 borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına X3 pul vəsaiti verir, X4 isə borcluya qarşı pul tələbini “xxxxxxxxxxxxxx” MMC-yə güzəşt edir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Cavabdeh bağlanılmış xx.xx.2019cu il tarixli ORB000047 saylı nisyə alqı-satı müqaviləsi üzrə yerinə yetirməli olan öhdəliklər pozmuşdur. Bu səbəbdən “xxxxxxxxxxxxxx” MMC Cavabdeh bağladığı müqaviləyə görə yaranmış öhdəliklə bağlı tələb irəli sürmüşdür. AR Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir(maddə 655.2). Məhkəmə qeyd edir ki, X4 tərəfindən cavabdehə qarşı olan tələb hüququ iddiaçıya güzəşt olunduğundan və həmin güzəşt qanunvericiliyin tələblərinə uyğun olduğundan, iddiaçı cavabdehə qarşı hazırki tələblə çıxış etməkdə subyektiv hüququ var. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə, onun 2175,9 manat əsas borcu və 81,09 manat cərimə borcu yaranmışdır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə 81,09 manat dəbbə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə qeyd edir ki, dəbbə pulu öhdəliklərin icra edilməsi üsulu kimi çıxış edir və müqavilədə nəzərdə tutulduğu halda tutulur. Nisyə alğı-satqı müqaviləsindən görünür ki, alıcı öhdəliklərin gecikdirdiyi halda alıcıya dəbbə pulu ödəməlidir. Məhkəmə müqavilədə dəbbə pulunun ödənilməsi ilə bağlı tərəflərin razılaşmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi yaranmış 81,09 manat dəbbə pulu borcunun tutulması hissəsində də əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdehin müqavilə üzrə ona verilməli olan mebelin təhvil almaması və bu səbəbdən hazırki tələb üzrə cavabdehlik daşımaması barədə dəlilləri qeyd edir ki, həm təhviltəslim aktı ilə, həm də cavabdehin özünün etiraf etdiyi kimi iddiaçıya verdiyi məlumatda mebelin təhvil aldığı və ona çatdırıldığı barədə məlumat pulun keçirilməsinə əsas olmuş və tərəflər arasında müqavilə üzrə öhdəlik yaranmışdır. Məhkəmə qeyd edir ki, satıcı tərəfindən mebel iddiaçıya təhvil verilməyibsə, bu hal cavabdehin əmlakı ona təhvil verməli olan şəxsə qarşı tələb irəli sürməsi üçün əsas ola bilər. Digər tərəfdən alıcı ilə satıcı arasında müqavilədən irəli gələn hər hansı bir mübahisə mövcuddursa, bu hal da məhkəmədə mübahisələndirilə bilər. Eyni zamanda cavabdeh reqress qaydada satıcıya qarşı da tələb irəli sürə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxxxxxxxxxxxx» MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli ORB000047 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar yaranmış 2175,9 manat borc və 81,09 manat dəbbə pulu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat, cəmi 2287,39 (iki min iki yüz səksən yeddi manat otuz doqquz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar