Məhkəmə qərarları › İş №2(009)-1144/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1144/2024

12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1144/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi, mediasiya prosesi üçün ödədiyi 50 manat pulun cavabdedən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1274/2015 nömrəli qətnaməsi ilə onunla cavabdeh arasında rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X1 onun yanında saxlanılması və uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay qazancının ¼ (dörddə bir) hissəsi məbləğində aliment tutularaq ona verilməsi qət olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-5957/2016 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş həmin aliment dəyişdirilərək cavabdehdən 120 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş həmin alimentin miqdarı artırılaraq cavabdehdən 160 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1202/2021 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş həmin alimentin miqdarı artırılaraq cavabdehdən 175 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1869/2022 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş həmin alimentin miqdarı artırılaraq cavabdehdən 193 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan alimentin məbləği artırılmalıdır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 235 manat məbləğində təsdiq edilmişdir. Hesab edir ki, yaşayış minimumu uşaqlar üçün 2024-cü il üzrə 235 manat məbləğində müəyyən edildiyindən, cavabdehdən uşağın saxlanılması üçün tutulan alimentin məbləği artırılmalı və tutulmalı olan alimentin məbləği 235 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1869/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1202/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 175 manat məbləğində alimentin həcmi artırılaraq 193 manat sabit pul məbləğində müəyyən edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı Sərac qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 424198 nömrəli, xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı xx.xx.2015-ci il tarixli Səbail rayon məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2015 ilin 09 ayının 17 günündə 145 No ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 636463 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 03 yanvar 2013-cü ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1989-cu ildə anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan övladı xx.xx.2013-cü il təvəllüdlü X2 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2024-cü il tarixli Qanunla 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin təmin edilməsini, cavabdehdən tutulan alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini zəruri hesab edir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqlaın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1869/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və mediasiya üçün ödənilmiş 50 manat tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1869/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və mediasiya üçün ödənilmiş 50 manat tutularaq İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar