Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1152/2021 18.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 nümayəndəsi-vəkili X2 iştirakları ilə, İddiaçı ASC-nin - cavabdehlər Cavabdeh1 və X3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddiası üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC - cavabdehlər Cavabdeh1 və X3 qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.09.2017-ci il tarixli kredit müqaviləsi üzrə bankın xeyrinə 1630 ABŞ dolları faiz borcun, 19.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 92,532 ABŞ dolları əsas, 4,178 ABŞ dolları faiz borcu olmaqla cəmi 96,710 ABŞ dolları borcun, bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun və iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASCyə verilməsi, tələbin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 118 nömrəli binanın 13-cü mərtəbəsində yerləşən 3 otaqlı 113 nömrəli mənzilinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlak satıldıqdan sonra cavabdehlərin mənzildən çıxarılmaları və əmlakın boşaldılıb iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 18.09.2017-ci il tarixində Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcluya illik 7 faiz ödəmək şərtilə 24 ay müddətinə 110.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 118 nömrəli binanın 13-cü mərtəbəsində yerləşən 3 otaqlı 113 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Daha sonra "xxxx" ASC ilə Cavabdeh1 arasında 19.09.2019-cu il tarixində Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcluya illik 7 faiz ödəmək şərtilə 24 ay müddətinə 108.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 118 nömrəli binanın 13-cü mərtəbəsində yerləşən 3 otaqlı 113 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin müddəalarını pozaraq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini əsas borc hissəsində qəbul etdiklərini bildirmişdir. O, eyni zamanda bildirmişdir ki, ekspert və qiymətləndirmə rəyləri ilə razı deyildir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 18 sentyabr 2017-ci il tarixli 100.LN.1104.180917.00001 №-li Kredit Müqaviləsinə əsasən, borc verən illik 7 faizlə 24 ay müddətinə borc alana 110,000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli 100.LN.1104.190919.00001 №-li Kredit Müqaviləsinə əsasən, borc verən illik 7 faizlə 24 ay müddətinə borc alana 108,000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 18.09.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən, 18.09.2017-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 118 nömrəli binanın 13-cü mərtəbəsində yerləşən 3 otaqlı 113 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.3 bəndində qeyd edilmişdir ki, ipoteka predmetinin dəyəri ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 242,900 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış 19.09.2019-cu il tarixli 100.CL.180917.00001/c saylı ipoteka müqaviləsinə 1№li əlavəyə əsasən, 19.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 118 nömrəli binanın 13-cü mərtəbəsində yerləşən 3 otaqlı 113 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 1.2-ci bəndində qeyd edilmişdir ki, 18.09.2017-ci il tarixli İpoteka müqaviləsinin və onun bütün Əlavə razılıqlarının digər şərtləri qüvvədə qalır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını borc münasibətləri təşkil edir. Məhkəmə iddia tələbinin 18.09.2017-ci il tarixli kredit müqaviləsi üzrə bankın xeyrinə 1630 ABŞ dolları faiz borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş və müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Eyni zamanda, cavabdeh də öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmiş və əsas borcunu tam olaraq bağlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 440.4-cü maddəsinə əsasən borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, əsas borc məbləği tam olaraq ödənildiyindən iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə tələb olunan faiz borcuna və bununla bağlı olaraq iddiaçının nümayəndəsinin dəlillərinə qiymət verərək bildirir ki, Azərbaycan Respublikası MM-nin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2002-ci il tarixli qərarının təsviri hissəsində qeyd edilmişdir ki, Mülki Məcəllənin 440.4-cü maddəsində müəyyən edilmiş bölgü qaydası və «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 74.1-ci maddəsində olan «...icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən...» müddəalar iddiaçının mülkiyyət hüququnun və qanuni maraqlarının lazımi qaydada yerinə yetirilməsinə imkan vermir, mülkiyyətinə sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququnu məhdudlaşdırır, konstitusiya mülkiyyət hüququnu qorumağa dövlətin təminat verməsi vəzifəsinin mahiyyətini təhrif edir. Göründüyü kimi, aparılmış ödənişlər kredit müqaviləsi üzrə əvvəlcə dəbbə pulunun silinməsinə, sonra faiz borcunun silinməsinə və nəhayət əsas borcun silinməsinə yönəldilməlidir. Məhkəmə iddia tələbinin 19.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 92,532 ABŞ dolları əsas, 4,178 ABŞ dolları faiz borcu olmaqla cəmi 96,710 ABŞ dolları borcun, bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun və iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 118 nömrəli binanın 13-cü mərtəbəsində yerləşən 3 otaqlı 113 nömrəli mənzilinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, əmlak satıldıqdan sonra cavabdehlərin mənzildən çıxarılmaları və əmlakın boşaldılıb iddiaçıya təhvil verilməsi hissəsinə münasibətdə qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3-cü maddələrinə müvafıq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən tərəflər arasında həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmış, kreditor tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir, aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin kredit borcuna görə hesablanmış 4,178 ABŞ dolları faiz borcunun tutulması hissəsi təmin edilərək cavabdehdən tutulmalıdır. Belə ki, məhkəmənin qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatçılıq və əmtəəşünaslıq ekspertizası təyin olunaraq, məhkəmə-mühasibatçılıq ekspertizasının aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə, əmtəəşünaslıq ekspertizasının aparılması isə "xxxx" MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29.06.2021-ci il tarixli 9/2813 №-li rəyinə əsasən, eskpert tədqiqatının nəticəsində 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-yə əsas borcu 92,532 ABŞ dolları, faiz borcu 4,178 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq, Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsində ekspertin rəyinin əsas götürülməsini daha məqsədəmüvafiq hesab edir. Eyni zamanda ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə uyğun olaraq ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 118 nömrəli binanın 13cü mərtəbəsində yerləşən 3 otaqlı 113 nömrəli mənzilə yönəldilməli, həmin əmlak hərraca çıxarılmalı, satışdan əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. Belə ki, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 279cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. İş materiallarından görünür ki, ipoteka qoyanlara ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair ipoteka saxlayan tərəfindən bildirişlər göndərilmişdir. Həmçinin iş materiallarından görünür ki, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişləri DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. «İpoteka haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 39.3.4. zəruri hallarda, ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti tərəflər arasında bağlanmış ipoteka müqaviləsində hər iki tərəfin könüllü olaraq razılaşdırıldığı kimi 242,900 manat məbləğində müəyyən edilməlidir. «İpoteka haqqında» qanunun 41.2-ci maddəsinə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələblərinin ipoteka predmeti olan mənzilin boşaldılması hissəsi də təmin olunmalıdır. İş materiallarında olan: Cavabdeh2 tərəfindən tərtib olunmuş 19.09.2019-cu il tarixli ərizədə (iş vər:37) qeyd edilmişdir ki, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda mənzili könüllü boşaltmağı və göstərilən ünvandan qeydiyyatdan çıxmağı Cavabdeh2 öz öhdəsinə götürmüşdür. «İpoteka haqqında» qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1 - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 59.3.2 - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» qanunun istinad olunan maddəsinin hərfi mənasından belə nəticəyə gəlmək olur ki, tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldildikdə, ipoteka qoyan və digər şəxslər həmin daşınmaz əmlakı əmlak satıldıqdan sonra ən geci bir ay ərzində həmin daşınmaz əmlakı boşaltmalıdırlar. Məhkəmə hesab edir ki, mənzil hərracdan satıldıqdan sonra cavabdehlər ən geci bir ay ərzində mənzili boşaldaraq, yeni mülkiyyətçiyə təhvil verməlidirlər. Məhkəmə həmçinin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumundan, 50 manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq və 200 manat Əmlak Ekspert Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.09.2019-cu il tarixli Kredit Müqaviləsi üzrə yaranmış 92,532 ABŞ dolları əsas, 4,178 ABŞ dolları faiz borcu olmaqla cəmi 96,710 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına köçürülsün. Ödəmə İddiaçı ASC ilə Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 118 nömrəli binanın 13-cü mərtəbəsində yerləşən 3 otaqlı 113 nömrəli mənzilinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 242,900 manat müəyyən edilsin, həmin əmlak ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilsin, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi Cavabdeh1 verilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 118 nömrəli binanın 13-cü mərtəbəsində yerləşən 3 otaqlı 113 nömrəli mənzili açıq hərrac yolu ilə satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın. İddiaçı ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu əvəzinin 15 manat hissəsi cavabdehlərdən tutulub İddiaçı ASC-nin hesabına köçürülsün. İddiaçı ASC tərəfindən bildirişin DƏDRX-də qeydiyyata alınmasına dair ödənilmiş 60 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehlərdən tutulub İddiaçı ASC-nin hesabına köçürülsün. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 25 manat hissəsi İddiaçı ASC-dən, 25 manat hissəsi isə Cavabdeh1 tutulub dövlət büdcəsinə (hesab: Az.MEMVÖEN**********;AZ41NABZ********************,DövlətXəzinədarlığıAgentliyi,KOD210005;VÖ EN**********;MüxbirhesAz41NABZ**********0********** S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitin 100 manat hissəsi İddiaçı ASC-dən, 100 manat məbləğində hissəsi isə Cavabdeh1 tutulub "xxxx" MMC-nin hesabına (VÖEN: **********; hesab N AZN: AZ30GUNA********************; BANK: "xxxx" ASC, VÖEN: **********; Müxbir hesab: AZ325NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1152/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1152/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver