Məhkəmə qərarları › İş №2(009)-1163/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1163/2021

29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1163/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə 2006-cı ildə faktiki ailə münasibətlərinə daxil olmuşdur. Onların faktiki ailə münasibətlərindən xx.xx.2006-cı il təvəllüdlü X2 doğulmuşdur. Ağstafa rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(015)-64/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi təmin edilərək, tərəflər arasında nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X1 anasının yanında qalması qət edilmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, Ağstafa rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən alimentin tutulması ilə bağlı müraciət etsə də, məhkəmə aliment məsələsini həll etməmişdir. Cavabdeh uşağın saxlanılması üçün hər hansı maddi köməklik göstərmir. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin xx.xx.2006-cü il təvəllüdlü X2 adlı uşağı var. İş materiallarında olan Ağstafa rayon Məhkəməsinin 2(015)-64/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 226 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonar xx.xx.2006-cı il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanılmış və onların xx.xx.2006-cı il təvəllüdlü Səadət adlı uşağı var. Tərəflər arasında olan nikah Ağstafa rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və tərəflərin birgə nikahdan olan uşağı iddiaçının yanında saxlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh uşağın saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstəmir və bu səbəbdən iddiaçı yetkinlik yaşına çatmamış uşağı saxlamaq üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh uşağın saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstəmir və bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 175 manat məbləğində təsdiq edilmişdir. Məhkəmə tərəflərin birgə nikahdan olan uşağın iddiaçının yanında qalmasını və cavabdehin uşağın saxlanılması üçün iddiaçıya hər hansı maddi yardım göstərilməməsini, 2021-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 175 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır. AR Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan - xx.xx.2021-ci il tarixdən başlanılmalıdır. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar