Məhkəmə qərarları › İş №2(009)-1172/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1172/2022

22.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1172/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(009)-863/2021 saylı qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikazın pozulmuş, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddia tələbinin məzmununa uyğun izahat verərək eləcə də bildirmişdir ki, cavabdehə 2016-cı ildən 5 il müddətinə ikinci qrup əlillik təyin edilmiş, həmin müddət başa çatdıqdan sonra onun əlilliyi ləğv edilmişdir. Cavabdeh ona 2021-ci il tarixli məhkəmə qətnaməsinə əəsasən müəyyən olunmuş hər uşaq üçün 100 manat alimenti də ödəmir və onun aliment borcları yaranmışdır. Lakin uşaqların artan tələbatını həmin məbləğlə təmin etmək mümkün deyil. Ona görə də, hər bir uşaq üçün 193 manat aliment tutulmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)- 863/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 17 mart 2012-ci il tarixli, 103 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularq İddiaçı ödənilməsi ödənilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı uşaqları var. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 1 ünvanında uşaqları ilə birlikdə qeydiyyatdadır. İş materiallarında olan AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1991-ci ildə Xanlar rayonu, Laiş kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AR Əmək və Əhalinin Sosial Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və reablitasiya Xidmətinin 10 saylı Tibbi Sosial Ekspert Komissiyasınınxx.xx.2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh ikinci dərəcəli əlillik təyin olunmuşdur. Diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyin üzvi xəstəliyi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan qıcolma tutmaları”. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmiş və göstərilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-863/2021 saylı qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləği ilə ödənilə bilmir. Eyni zamanda, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Qanunla 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat müəyyən edildiyini də əsas götürərək, məhkəmə, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia tələbinin qismən təmin edilməsini, cavabdehdən tutulan aliment məbləğinin artırılmasını zəruri hesab edir. Lakin 19 mart 2021-ci il tarixli, 2(009)-863/2021 saylı qətnamədən görünür ki, məhkəmə iddiaçının cavabdehin təklif etdiyi aliment həddi ilə razı olmasını nəzərə almış və alimentin tutulması hissəsində qismən təmin edilmiş və cavabdehdən uşaqların saxlanılması üçün hər ay, hər birinə 100 manat məbləğində sabit pul məbləği şəklində aliment tutulması qət edilmişdir. Həmçinin qətnamədən və işə əlavə olunmuş arayışdan görünür ki, cavabdeh 2-ci qrup əlildir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə uşaqların saxlanılması üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər uşaq üçün 120 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(009)-863/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 120 (yüz iyirmi) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar