Məhkəmə qərarları › İş №2(009)-1185/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1185/2021

17.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1185/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qızı X1, Səbail rayonu, 20-ci sahə, T.İsmayılov küçəsi, dalan 2, ev 1, mənzil 18-də yaşayan Cavabdeh2lə 2010-cu ildə ailə həyatı qurub. 2012-ci ildə X4 dünyaya gəlmişdir. Sonralar Cavabdeh2 dəfələrlə qızını döyürdü, qızının üzüklərini oğurlayıb lombarda satırdı və s. ailə problemləri yaşanmış və nikaha son qoyulmuşdur. Keçmiş kürəkəni Cavabdeh2 bir sıra şirkətlərdə işlədiyi zaman “Nikoil” Bank, “Azəriqaz” Bank və “Unikal” Bankdan xeyli miqdarda kredit pul vəsaiti almış və işdən çıxdıqdan sonra pis vəziyyətə düşmüşdür.Bu üç bankdan götürdüyü kredit borclarını ödəyə bilmədi. “Nikoil” Bank həmçinin, digər banklar Cavabdeh2ı məhkəməyə verdi və məhkəmə kredit pulların qaytarılması üçün qərar qəbul etdi. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-777/2015 nömrəli, 30 yanvar 2015-ci il tarixli məhkəmə əmrindən görünür ki, Cavabdeh2 və X2 müştərək qaydada “xxxx” İKB ASC-nin xeyrinə 2830 manat məbləğində əsas borc, 510 manat faiz borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutulmuşdur. İş materiallarında olan “xxxx” Bankın Səbail rayon İcra Şöbəsinə ünvanlanmış 22.08.2016-cı il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 qeyd olunan icra sənədi üzrə “xxxx” İKB-yə olan borcunu tam ödəmişdir. (qəbzlər) Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı Cavabdeh2 əvəzinə 3000 manat ödəməsini təsdiq edən hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Buna görə də, məhkəmə iddiaçının tələbini əsassız hesab edir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin təmin olunması üçün heç bir əsas yoxdur, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən həmin xərc iddiaçının özünə aid edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaqif olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar