Məhkəmə qərarları › İş №2(009)-1224/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1224/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1224/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızıınn katibliyi ilə, İddiaçının nümayəndəsi N.F.Hümbətovun iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “xxxx”nın “Abşeron” filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.05.2016-cı il tarixli, 255-18-05-2016-HR-FE nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 240 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə hesablanmaqla 32.000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Cavabdeh2 və Cavabdeh3 ilə 18.05.2016-cı il tarixli, 255-18-05-2016-HR-FE nömrəli zaminlik müqavilələri bağlanmış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə Bank arasında 28.12.2016-cı il tarixli, 255-18-05-2016-HR-FE nömrəli ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 190B, mənzil 5 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. 05.04.2021-ci il tarixə Cavabdeh1 Banka 25942,94 manat əsas borc, 2865,01 manat faiz borcu olmaqla, cəmi borcu 28.807,95 manat təşkil edir. Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh1 borc öhdəliyini icra etmir, buna görə də borcun təminatı kimi onun tərəfindən ipoteka qoyulmuş mənzil qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən “xxxx” ASC-nin xeyrinə 18.05.2016-cı il tarixli, 255-18-05-2016-HR-FE nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 25942,94 manat əsas borcu, 2865,01 manat faiz borcu olmaqla, cəmi borcu 28807,95 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaitinin tutulması, cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3ndən iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalı olan məbləğ 28.12.2016-cı il tarixli, 255-18-05-2016-HR-FE nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 190B, M10, mənzil 5 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsinin ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən “xxxx” ASC-nin xeyrinə 18.05.2016-cı il tarixli, 255-18-05-2016- HR-FE nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan və 20.05.2021-ci il tarixədək yaranmış 25942,94 manat əsas borcu, 3124,44 manat faiz borcu olmaqla, cəmi borcu 29067,38 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində pul vəsaitinin tutulması, cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3ndən iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalı olan məbləğ 28.12.2016-cı il tarixli, 255-18-05-2016-HR- FE nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 190B, M10, mənzil 5 nömrəli mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsinin ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X7 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə «Borc verən» qismində «xxxx» ASC ilə digər tərəfdən «Borcalan» qismində Cavabdeh1 arasında bağlanılmış 18 may 2016-cı il tarixli 255-18-05-2016-HR-FE saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 240 ay müddətinə, illik 8% ödəmək şərtilə 32.000 manat məbləğində kredit verilmişdir. İş üzrə “Kreditor” qismində «xxxx» ASC ilə “Zamin” qismində Cavabdeh2 və “Borclu” qismində Cavabdeh1 arasında bağlanmış 18.05.2016-cı il tarixli 255-18-05-2016-HR-FE nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borc alan Cavabdeh1 bankla bağladığı 18.05.2016-cı il tarixli 255-18-05-2016-HR-FE saylı kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə “Kreditor” qismində «xxxx» ASC ilə “Zamin” qismində Cavabdeh3 və “Borclu” qismində Cavabdeh1 arasında bağlanmış 18.05.2016-cı il tarixli 255-18-05-2016-HR-FE nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 borc alan Cavabdeh1 bankla bağladığı 18.05.2016-cı il tarixli 255-18-05-2016-HR-FE saylı kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə “İpoteka saxlayan” qismində «xxxx» ASC ilə “İpoteka qoyan” qismində Cavabdeh1 arasında bağlanılmış 28.12.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla Cavabdeh1 arasında bağlanmış 18.05.2016-cı il tarixli 255-18-05-2016-HR-FE saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52,3 kv.m. olan mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 85000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan RX ******* №-li çıxarışın kserosurətindən görünür ki,Cavabdeh1 tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən mənzil 01.12.2016-ci il tarixli, 255-18-05-2016-HR-FE nömrəli kredit müqaviləsinə əsasən 18.05.2036-cı il tarixə qədər ipoteka müqaviləsi üzrə «xxxx» ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə «xxxx» ASC-nin Abşeron filialı tərəfindən verilmiş 05.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 18.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə 25942,94 manat əsas, 2865,01 manat faiz, cəmi 28.807,95 manat borcu var. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 15.03.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 190B, M10, m5 ünvanında yerləşən mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş üzrə 20.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 18.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə 25942,94 manat əsas, 3124.44 manat faiz, cəmi 29067,38 manat borcu var. İş üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3707/2020 saylı, 10.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.11.2019-cu il qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, X5 və Cavabdeh1 arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində 13.06.2009-cu il tarixdə 635 nömrəli akt qeydir ilə bağlanmış nikahın pozulması, tərəflərin bir nikahından doğulmuş 28.04.2010-cu il təvəllüdlü X6 və 14.01.2013-cü il təvəllüdlü X3 anaları Cavabdeh1 yanında qalmalarının müəyyən edilməsi, 28.04.2010-cu il təvəllüdlü X6 və 14.01.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 19.07.2019-cu il tarixdən başlayaraq cavabdeh X1 hər ay hər uşaq üçün 160 manat, ümumilikdə hər ay 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 190B, M10, 5 nömrəli mənzilin üzərində X2 ½ payının müəyyən edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsi ilə ilk iddiaçı Cavabdeh1 vermiş olduğu apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 26.11.2019-cu il tarixli, 2(004)-4961/2019 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində qismən ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 190B,M10, 5 saylı mənzilin alınmasına görə xxxx ilə Cavabdeh1 Firudin qızı arasında bağlanmış 18.05. 2016-cı il tarixli müqaviləyə əsasən götürülmüş 32.000 manat kredit borcundan ödənilməmiş qalan 27649,17 manatının ½ hissəsi qarşılıqlı iddiaçı X4 aid edilmiş və həmin borc məbləği hər ayın 18-ci günü 133,85 manat olmaqla, həmin kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində hissə-hissə olaraq X1 tutularaq Cavabdeh1 Firudin qızına verilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26.11.2019-cu il tarixli, 2(004)-4961/19 saylı qətnaməsi apelyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 18.05.2016-cı il tarixli 255-18-05-2016-HR-FE saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 240 ay müddətinə, illik 8% ödəmək şərtilə 32.000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilmə üsulu kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MTK arasında zaminlik müqavilələri bağlanılmışdır. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi Bank, borcalan və ipotekaqoyan Cavabdeh1 arasında 28.12.2016-cı il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 190B, M10 ünvanında yerləşən 5 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 190B,M10, 5 saylı mənzilin alınmasına görə xxxx ilə Cavabdeh1 Firudin qızı arasında bağlanmış 18.05. 2016-cı il tarixli müqaviləyə əsasən götürülmüş 32.000 manat kredit borcundan ödənilməmiş qalan 27649,17 manatının ½ hissəsi X4 aid edilmiş və həmin borc məbləği hər ayın 18-ci günü 133,85 manat olmaqla, həmin kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində hissə-hissə olaraq X1 tutularaq Cavabdeh1 Firudin qızına verilməsi qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehlərdən kredit müqaviləsi üzrə 20.05.2021-ci il tarixə yaranmış 25942,94 manat əsas, 3124.44 manat faiz, cəmi 29067,38 manatın birgə qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh bağlanılmış kredit müqaviləsi üzrə bankdan kredit vəsaiti almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə borc məbləğini və müəyyən edilmiş faizləri Banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısıdır. Lakin Cavabdeh1 kredit vəsaitinin və kreditdən yaranan faiz borclarını ödəməli olmasına aid vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi 25942,94 manat əsas və 2865,01 manat faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir. AR Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3). Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MTK onun öhdəliklərinin yerinə yetirilməsinə zamin durduğundan, iddia tələbi həmin hissədə təmin edilməli və yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iddia tələbinin tutulacaq borcun kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 tutulmalı olan borc məbləği ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə ipoteka predmeti olan mənzilin ipoteka müqaviləsində göstərilən məbləği nəzərə alaraq hesab edir ki, mənzilin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqaviləsində göstərilən məbləğ – 85.000 manat nəzərə alınmaqla göstərilməlidir. Məhkəmə iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehlərdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ipoteka qoyulmuş yaşayış evi satıldıqda ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılması, mənzil boşaldılaraq təhvil verilməsi hissəsində də təmin edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdən sonra həmin mənzil 1 ay ərzində Cavabdeh1 tərəfindən boşaldılmalı, əks təqdirdə Cavabdeh1 məcburi qaydada mənzildən çıxarılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Cavabdeh1 ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində mənzil üzrə qeydiyyatdan çıxmazsa, bu halda onun istifadə hüquqlarına məcburi qaydada xitam verilməlidir. Məhkəmə ipoteka predmeti olan mənzil satıldıqdan sonra onun təhvil verilməsi tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır. Belə ki, ipoteka predmeti olan mənzil açıq hərracdan satıldıqdan və Cavabdeh1 tərəfindən boşaldıldıqdan sonra mənzili almış şəxsə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və 0,40 manat bank xidmət haqqı, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 41,42 manat rüsum da tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 255-18-05-2016-HR-FE saylı, 18.05.2016-cı il tarixli kredit müqaviləsi üzrə 20.05.2021-ci il tarixə yaranmış 25942,94 manat əsas borc, 3124.44 manat faiz, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və 0,40 manat bank xildmət haqqı, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsumu, cəmi 29139,2 (iyirmi doqquz min yüz otuz doqquz manat iyirmi qəpik) manat məbləğində pul tutulsun. Həmin tutma Cavabdeh1 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 190B saylı evin, M10, 5 saylı mənzilinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 85.000 (səksən beş min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılsın. İpoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın, Cavabdeh1 həmin mənzildən əmlakları ilə birlikdə çıxarılsın və mənzil onu almış şəxsə təhvil verilsin. Cavabdeh1 mənzil satıldıqdan 1 ay sonra mənzildən qeydiyyatdan çıxmazsa, onun istifadə hüquqlarına 10 təqvim günü müddətində məcburi qaydada xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar