Məhkəmə qərarları › İş №2(009)-1229/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1229/2023

22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1229/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2011-ci ildə Cavabdeh ilə rəsmi nikaha girərək ailə qurmuşlar. Rəsmi nikahdan xx.xx.2012-ci il təvəllüdlü X4 adlı uşağı dünyaya gəlmişdir. xx.xx.2014-cü ildə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah pozulmuşdur. Nikahın pozulması haqqında xx.xx.2014-cü ildə İlyasov Tunarın saxlanması üçün 103 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinə alimentin artırılması tələbi ilə təkrar müraciətinə xx.xx.2019-cu ildə baxılaraq 2(009)-768/2019 saylı qətnamə ilə 160 manata qədər artırılmışdır. Bir daha alimentin artırılması tələbi ilə ötən il müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi Rəna Qafarovanın sədrliyi ilə xx.xx.2022-ci ildə yenidən iddianı təmin edilərək 193 manat alimentin Cavabdeh tutularaq ödənilməsi haqqında qətnamə qəbul edilmişdir. Lakin həmin məbləğ də uşağın saxlanılması üçün azlıq edir. Bundan əlavə, oğlu İlyasov Tunarın gözündə çəpləşmə var. İldə bir neçə dəfə müayinə və müalicə etdirirlər. Bundan əlavə xx.xx.2022-ci ildə Cavadzadə adına kliniki uroloji xəstəxanada əməliyyat olunub. Eynəyin dəyişdirilməsinə və sairəyə əlavə xeyli xərc çıxır. Bir çox xərcləri valideynlərinin köməyi ilə qarşılaşmışdır. Hesab edir ki, cavabdeh əlavə xərclərin qarşılanmasında da iştirak etməlidir. Cavabdeh uşağın saxlanması üçün Ali Məhkəmənin Plenumunun müəyyən etdiyi minimum 220 manat aliment və əlavə xərclərdə iştirak üçün ildə azı 500 manat məbləğində ödəniş etməlidir. Alimentin məbləği 2023-cü ilin birinci ayından hesablanarsa bu daha ədalətli olar. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh birgə nikahdan olan X1 üçün artırılaraq hər ay 220 manat alimentin və birgə xərclərdə iştirak məqsədilə 500 manat illik məbləğin tutularaq ona ödənilməsi və alimentin artım hissəsinin xx.xx.2023-cü ildən hesablanması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, uşağa il ərzində əlavə xərclər sərf edir, hesab edir ki, cavabdeh bu xərclərdə iştirak etməli və ildə bir dəfə ən azı 500 manat birdəfəlik ona pul ödəməlidir. Özü hərbi hissədə operator işləyir, N manat əmək haqqı alır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, alimentin 220 manat həddində artırılmasına etiraz etmir. Lakin 500 manat əlavə xərcə cəlb olunması və alimentin 2023-cü ilin yanvarın birindən artırılması ilə razı deyil. Özü ikinci dəfə ailə qurmuş, bir övladı var. Heç bir aliment öhdəliyi yoxdur, vaxtlı-vaxtında ödənişləri edir, evin yeganə qazanc gəlirən şəxsidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 adlı uşağı var. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 197 nömrə ilə qeyd edilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-897/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-768/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 160 manat məbləğində alimentin həcmi artırılaraq 180 manat pul məbləğində müəyyən edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləğində 180 manat pul vəsaitinin bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş üzrə Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi alimentin artırılması mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə, saat 13.00-dan 13.30-dək keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü Tunar adlı uşağı var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşağın ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşağın saxlanılması üçün aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün iddiaçının xeyrinə 180 manat məbləğində aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən olunan aliment miqdarı, yəni 180 manat uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, uşağın ehtiyaclarını qarşılamır və bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən 220 manat sabit pul məbləği şəklində alimentin tutulmasını, həmçinin əlavə xərclərdə iştirak məqsədilə 500 manat illik məbləğin tutularaq ödənilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehin işləyib müntəzəm qazanca malik olması, cavabdehin ikinci dəfə ailə həyatının qurması və ikinci nikahından da bir azyaşlı uşağın olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə müəyyən edilmiş alimentin məbləği 180 manatdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 220 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır (bənd 8.13). Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyən edilməsini, cavabdehin ikinci nikahının olması və həmin nikahından azyaşlı uşağın olmasını, tərəflərin maddi vəziyyətini, aliment məbləğinin 220 manat həddədək artırılmasına cavabdehin etiraz etməməsini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin artırılması hissəsində iddia tələbi təmin edilməli və cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan sabit pul şəklində aliment 220 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 220 manat məbləğində pul xx.xx.2023-cü il tarixdən deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8-2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, alimentin artırılması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra artırılmış aliment məbləği tutulmalı olduğundan, həmin tutmanın xx.xx.2023-cü il tarixdən sonra tutulması barədə hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əlavə xərclərdə iştirak məqsədilə 500 manat illik məbləğin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə (Ailə Məcəlləsinin 81-ci maddəsi) valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakını müəyyən edən əsaslar, yəni bu cür xərclərin çəkilməsi üçün əsaslar müəyyən edilmişdir. Bunun üçün qanunda göstərildiyi müstəsna halların olması zəruridir: ağır xəstə və şikəst olan uşaqların, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladların olması, onlara göstərilən kənar xidmət haqqının ödənilməsi ilə əlaqədar və digər hallar. Lakin həmin hallarla əlaqədar sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi birgə (əlavə) xərclərdə iştirak məqsədilə 500 manat illik məbləğin tutulması hissəsində təmin edilməməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2640 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 46,40 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-897/2022 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh 220 (iki yüz iyirmi) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 46,40 (qırx altı manat, qırx qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar