Məhkəmə qərarları › İş №2(009)-1233/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1233/2022

14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1233/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili M.A.Qadaşlının, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə 29.03.2009-cu ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 02.01.2010-cu ildə X8 anadan olmuşdur. Nikahları Səbail rayon Məhkəməsinin 2(009)-838/2011 saylı, 01.04.2011-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin həmin qətnaməsi ilə X1 üçün yetkinlik yaşına çatana qədər hər ay Cavabdeh sabit pul məbləğində 170 manat pul vəsaitinin tutularaq X4 ödənilməsi qət olunmuşdur. Hal-hazırda X3 12 yaşı var. Səbail rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Həmçinin son vaxtlar qiymətlərin artması çox çətinlik yaradır və o, uşağın tələbatını ödəməkdə çətinlik çəkir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Buna görə də görə də o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən birgə nigahdan olan 02.01.2010-cu il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 250 manat (iki yüz əlli) manat sabit pul məbləğinin Cavabdeh tutularaq Əlizadə (Səfərova) Aytən Nəriman qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, tərəflər arasında nikah pozularkən aliment məsələsi tərəflərin qarşılıqlı razılığı olduğu üçün qətnamədə öz həllini tapmamış, tərəflərin qarşılıqlı razılığı əsasında hazırki vaxtadək cavabdeh tərəfindən hər ay 170 manat aliment ödənilir. Lakin bu məbləğ uşağın saxlanılması üçün yetərli deyil, iddiaçı özü işləmir, ona görə də həmin məbləğin 250 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, qarşılıqlı razılıq əsasında aliment 170 manat həddindədir, cavabdeh vaxtında 170 manatı ödəyir, uşaq nənəsi ilə qalır. İddiaçı və cavabdeh başqa ailə qurublar. İddiaçının özü də işləyir, əmək haqqı alır. Bu il üçün uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir, cavabdehin ikinci ailəsi var, ondan uşağı var, 193 manatdan artıq aliment ödəməyə maddi imkanı yoxdur, alimenti bu həddə müəyyən edilməsinə razıdır. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 26.02.2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X8 02.01.2010-cu ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X5r. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-838/2011 saylı, 01.04.2011-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh ilə Səfərova (Orucova) Aytən Nəriman qızı arasında 29.03.2009cu il tarixdə bağlanmış nikahın pozulması və bununla əlaqədar “Bakı Nikah evi” tərəfindən aparılmış 549 nömrəli aktı qeydinin ləğv edilməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.09.2012-ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh ilə X7 arasında 28.09.2012-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 471 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.12.2018ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 30.11.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X6r. İş üzrə Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 19.04.2022-ci il tarixli, MŞB/6-1680 saylı ilkin mediasiya sessiyasının iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsdiq edildiyi kimi, alimentin artırılması tələbinə dair ailə mübahisəsi üzrə 19.04.2022-ci il tarixdə, 16.30-17.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan 02.01.2010-cu il təvəllüdlü Ayan adlı uşağı var. Tərəflər arasında olan nikah 2011-ci ildə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Tərəflər arasında əldə olunmuş qarşılıqlı razılığa əsasən cavabdeh uşağın saxlanılması üçün hər ay 170 manat məbləğində aliment ödəyir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh ikinci dəfə ailə qurmuşdur. Cavabdehin ikinci nikahdan 30.11.2018-ci il təvəllüdlü X10 adlı uşağı var. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən ödənilən aliment miqdarı, yəni 170 manat uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, uşağın ehtiyaclarını qarşılamır və bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən 250 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin arasında əldə olunmuş qarşılıqlı razılığa əsasən cavabdeh tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə ödənilən alimentin məbləği 170 manatdır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27.07.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 193 manat məbləğində müəyyən edilməsini, cavabdehin qanunauyğun olaraq hər ay 193 manat ödəməyə razılığını nəzərə alaraq hesab edir ki, tərəflər arasında razılaşdırılmış sabit pul şəkilində müəyyən edilən aliment məbləğinin artırılması barədə iddia qismən təmin edilməli və cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan sabit pul şəklində aliment 193 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən cavabdehdən tutulmalı olan alimentin təyin edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 193 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, alimentin artırılması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra artırılmış aliment məbləği tutulmalı olduğundan, həmin tutmanın iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan sonra tutulması barədə hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2316 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 43 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 02.01.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tərəflər arasında əldə olunmuş qarşılıqlı razılığı ilə müəyyənləşdirilmiş aliment miqdarı artırılsın və 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh 193 (yüz doxsan üç) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. İddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 43 (qırx üç) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar