Məhkəmə qərarları › İş №2(009)-1257/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1257/2023

17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1257/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2041/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 məbləğində alimentin, Mediasiya Təşkilatına ödənilmiş 50 manat rüsumun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci il tarixli nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 onun yanında saxlanılması, uşaqların saxlanılması üçün cavabdehlərdən hər ay hər uşaq üçün 250 manat alimentin onun xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)- 2041/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 02 mart 2007-ci il tarixdə bağlanmış və 126 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X5 və 15.1 1.2008-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021 -ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda işsizdir və eyni zamanda birinci qrup əlildir. Digər tərəfdən, 2023-cü ilin yanvar ayının 1-dən uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2041/2021 saylı qətnaməsi ilə təyin edilmiş aliment uşaqlarının normal qidalanması üçün bu günün tələblərinə cavab vermir. Belə ki, Respublikada ərzağın qiymətləri ilə yanaşı geyim paltarlarının, eləcə də dərman vasitələrinin qiymətlərində xeyli artım baş vermişdir. Təyin edilmiş alimentin məbləği bu günün tələbatına münasibətdə çox aşağıdır. Odur ki, alimentin artırılmasına zərurət yaranmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh iddia ərizəsinə etiraz vermiş və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə 02 mart 2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahdan iki övladları anadan olmuşdur. İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyi üçün Səbail Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, övladları iddiaçının himayəsində saxlanılmış, əmək haqqının 1/3 hissəsində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 15, mənzil 8-də aylıq 200 manata kirayəşin yaşayır. Əlavə olaraq heç bir yerdən maddi gəlir yeri yoxdur. X7 480 manat dəyərində televizor, Perla Mebeldən isə 531 manat dəyərində ev əşyaları götürmüşdür. Həmin əşyalara aylıq 60 manatdan artıq kredit ödəyir. 2021-ci ildə təyin olunmuş aliment öhdəliyindən sonra əmək haqqısında heç bir dəyişiklik olmamışdır. (artım olmamışdır) Maddi vəziyyəti həddindən artıq ağırdır. Talassemiya daşıyıcısı və onkoloji xəstəliyi olduğu üçün mütəmadi olaraq dərman vasitələri qəbul edir. Hər ay aliment və digər xərclər çıxıldıqdan sonra 490 manat pulu qalır. Həmin məbləğlə bir ay yaşamalı olur. 490 manat məbləğlə bir ay yaşamaq həddindən artıq çətindir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsini müdafiə etdiyini, iddiaçının 2-3 ay olar işdən azad olunduğunu, birinci qrup əlil olduğunu bildirmiş, təyin edilmiş alimentin bu günün tələblərinə cavab vermədiyindən alimentin artırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinə uyğun izahat verərək, hərbçi olduğunu, yemək pulu ilə bərabər maaşının 850 manat təşkil etdiyini, ayda 250 manat aliment ödədiyini, əlavələrdən də 1/3 hissə tutulduğunu (əlavələrə növbəyə çıxdığı pul, məzuniyyət pulu, dərəcə pulu daxildir) nəzərə alıb iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2041/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 02 mart 2007-ci il tarixdə bağlanmış və 126 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kirayə müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 15, mənzil 8-ə dair aylıq 200 manata kirayə haqqı ödəyir. İş materiallarında olan 2357 nömrəli epikrizdən görünür ki, Cavabdeh onkoloji xəstəlikdən əziyyət çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-sosial ekspertiza və reabilitasiya Xidmətinin müayinə aktından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Məhkəmə qeyd edir ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Qeyd edilən maddi hüquq normalarının tələbindən hazırki mübahisəyə yanaşan və həm uşaqların, həm də cavabdehin mənafeyini nəzərə alan məhkəmə bildirir ki, hazırki iş üzrə cavabdehdən tutulan alimentin məbləği sabit pul məbləğində müəyyən olunmamalıdır. Belə ki, alimentin tutulması barədə qətnamə qəbul edilərkən cavabdehin rəsmi işi olduğundan hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində aliment tutulub. Cavabdehin hərbçi olduğunu, onkoloji xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq cavabdehdən tutulan alimenti dəyişdirərək sabit pul şəklində tutulmasını məqsədəmüvafiq hesab etmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar