Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1287/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və onun vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı – Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilən) qarşı «əmək kitabçasına müvafiq düzəliş edilməsi və s.» tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş İAƏ/061 nömrəli, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsinə və onunla bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin «a» bəndi ilə xitam verilməsinə, ödənilməmiş son haqq-hesabın hesablanaraq ödənilməsinə, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 3200 manat pulun və mənəvi zərərə görə 2000 manat pulun, mediasiya prosesinin keçirilməsi ilə bağlı ödədiyi 50 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, işəgötürən "Setexgroup” MMC tərəfindən xx.xx.2021-ci il tarixli əmrlə satıcı kimi işə qəbul edilmiş və hər ay 266 manat məbləğində əmək haqqı təyin edilmişdir. 2021-ci ilin dekabr ayının 1-də cavabdeh tərəfə işdən çıxmaq istədiyi barədə məlumat vermiş və 18 dekabr 2021-ci il tarixdə öz xahişi ilə işdən azad edilməyi barədə ərizə yazaraq təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə onun işdən azad edilməyi barədə əmr verilmişdir. Qeyd edir ki, işə düzəlmək istəyərkən məlum olmuşdur ki, cavabdeh tərəf onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi ilə xitam vermişdir. O, işdən çıxdığı vaxt buna diqqət yetirməmiş və həmin maddənin məzmunu barədə də məlumatı olmamışdır, bu səbəbdən onun işə düzəlməyi mümkün olmamışdır. Halbuki o ərizə verərək öz xahişi ilə işdən azad edilməyini xahiş etmiş, cavabdeh tərəf qanunvericiliyin tələblərini pozaraq qərəzli şəkildə belə bir əmr vermiş və o mahiyyətini anlamadığından bunun bir problem yaradcağının fərqinə varmamışdır. O işlədiyi müddət ərzində ona heç bir xəbərdarlıq, töhmət verilməmişdir, barəsində intizam tənbehi tətbiq edilməmiş və əmək funksiyasını layiqincə yerinə yetirmişdir. Onun AR Əmək Məcəlləsinin 72-ci maddəsi ilə işdən azad edilməyi üçün heç bir əsas olmamışdır. Onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-hissəsinin «a» bəndinə əsasən xitam verilməli olduğu halda, heç bir əsas olmadan 72-ci maddə ilə xitam verilməsi onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. O, hüquqlarının pozulduğunu bildiyi andan cavabdeh tərəfə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir və bu səbəbdən də məhkəmədə iddia qaldırılması ilə bağlı mediasiyaya müraciət etmişdir. O, işdən azad edilərkən əmrin surəti ona təqdim edilməmiş, həmçinin son haqq-hesab verilməmişdir. Hüquqlarının bərpa edilməsi ilə bağlı X3 Xidmətinə müraciət etmiş, ona verilmiş cavabda əmək haqqı bank hesabı çıxarışından son haqq-hesabın ödənilməsində AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğunun müəyyən edildiyi və cəmiyyətin direktoru Müslüm İbar barəsində AR İXM-nin 192.4 maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edildiyi, sənədlərin təqdim edilməsi məqsədi ilə məktub göndərilməsi və heç bir sənəd təqdim edilmədiyi göstərilmişdir. Cavabdeh tərəfindən belə bir əmrin verilməsi onun işsiz qalmağı ilə nəticələnmişdir, halbuki o bu aylar ərzində işləyib qazanc əldə edə bilərdi, belə ki, işəgötürənlərə müraciət etdikdə verilmiş əmri görərək onu işə qəbul etməkdən imtina edirlər. Nəticədə o, maddi zərərə məruz qalmış, işsiz qaldığı müddətdə işləyib hər ay 400 manat məbləğində əmək haqqı ala biləırdi. Boş dayandığı aylar və məhkəmədə işə baxılıb qətnamə çıxarılması və qətnamənin icra edilməsinə də müəyyən müddət vaxt gedəcəkdir və belə olan halda ən aşağı olaraq 8 ay üçün hər aya 400 manat olmaqla cavabdehdən 3200 (üç min iki yüz) manat məbləğində maddi zərər tutularaq ona ödənilməlidir. Qeyd edir ki, cavabdeh tərəfin nümayəndəsi mediasiya sessiyasında iştirak etmiş, aralarında razılıq əldə edilməmiş və ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş və bununla bağlı 50 manat ödəniş etmiş, xx.xx.2022-ci il tarixdə arayış verilmişdir. Ödədiyi bu məbləğ də cavabdehdən tutularaq ona ödənilməlidir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin a bəndi ilə xitam verilməsinə dair İAƏ/061 nömrəli, xx.xx.2021-ci il tarixli əmrin mövcud olması nəzərə alınaraq xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin a bəndi ilə xitam verilməsi barədə əmək kitabçasına müvafiq düzəliş edilməsi və əmək kitabçasının ona qaytarılması, eləcə də əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair cavabdeh (Cavabdeh MMC) tərəfindən elektron informasiya sisteminə daxil edilmiş «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nə düzəliş edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən düzəlişin sistemə daxil edilməsi ilə bağlı həmin orqana rəsmi qaydada müraciət edilməsinin cavabdehə (Cavabdeh MMC) həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin əvvəlki hazırlıq iclasında cavabdehin nümayəndəsi izahatında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi ilə işdən çıxarılmağı barədə İAƏ/061 nömrəli, xx.xx.2021-ci il tarixli əmrin mövcud olmamasını, onun həqiqətən də işdən azad olunmağı barədə ərizə ilə müraciət etməyini, İAƏ/061 nömrəli, xx.xx.2021-ci il tarixli əmrlə xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin a bəndi ilə xitam verilməsini etiraf etmiş, bu barədə əmrin olmasını da təsdiq etmiş, lakin texniki səhv üzündən əmək kitabçasına əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsi qeyd edilməsini və bu halın da mərkəzləşdirilmiş elektron informasiya sisteminə də səhvən daxil edilməsini, lakin onlar tərəfindən bu düzəlişin həyata keçirilməsinin mümkün olmamasını, bu düzəlişin yalnız Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən edilə bilməsini göstərmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 3-cü şəxs kimi cəlb edilmişdir və güman edir ki, onun nümayəndəsinin iştirakı ilə əmək müqaviləsinə xitam verilməsinin əsaslarının cavabdeh tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sistemində düzgün göstərilməməsinin və bu əsasın mərkəzləşdirilmiş elektron informasiya sistemində dəyişiklik edilməsinin mümkünlüyü ilə bağlı müəyyən hallara aydınlıq gətiriləcəkdir. Cavabdehin etiraflarını və elektron informasiya sisteminə əmək müqaviləsinə səhvən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci deyil, 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin qeyd edilməsini nəzərə alaraq hazırki məqamda hesab edir ki, iddia tələbi dəqiqləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil2 dəqiqləşdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı etiraf edərək iddianın təmin edilməsinə etiraz etməmiş və bununla bağlı izahatında göstərmişdir ki, həqiqətən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi ilə işdən çıxarılmağı barədə İAƏ/061 nömrəli, xx.xx.2021-ci il tarixli əmri mövcud deyildir. İddiaçı həqiqətən işdən azad olunmağı barədə ərizə ilə müraciət etmiş, İAƏ/061 nömrəli, xx.xx.2021-ci il tarixli əmrlə xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin «a» bəndi ilə xitam verilmiş, bu barədə əmr də verilmişdir. Lakin texniki səhv üzündən əmək kitabçasına əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi ilə xitam verilməsi qeyd edilmiş və bu hal da mərkəzləşdirilmiş elektron informasiya sisteminə səhvən daxil edilmişdir. Lakin cavabdeh tərəfindən bu düzəliş əmr verildikdən sonra 24 saat ərzində edilə bilərdi, hazırda düzəlişin cavabdeh tərəfindən həyata keçirilməsi mümkün deyildir, bu düzəliş yalnız Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən edilə bilər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən elektron informasiya sisteminə real vaxt rejimində daxil edilmiş əmək müqaviləsi bildirişinin işəgötürən tərəfindən etibarsız edilməsi 24 saat ərzində mümkündür. Lakin cavabdeh qeyd edilən tələbə riayət etməmiş və buna görə də əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair Cavabdeh MMC tərəfindən elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə düzəliş edilməsi mümkün olmamışdır. Yalnız cavabdehin məhkəmə qətnaməsinin qəbulundan sonra müvafiq qaydada müraciəti əsasında iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair Cavabdeh MMC tərəfindən elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə düzəliş edilməsi mümkündür. Məhkəmə işdə iştirak edən tərəflərin, üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - iddiaçının adına olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işdən azad edilmişdir. - Cavabdeh MMC tərəfindən elektron informasiya sisteminə daxil edilmiş «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»ndən görünür ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. - Cavabdeh MMC-nin xx.xx.20201-ci il tarixli İAƏ/061 saylı əmrindən görünür ki, satıcı vəzifəsində çalışan İddiaçı arasında xx.xx.2021-ci ildə bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən etibarən işçinin öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsin a bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi olmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığı müraciəti əsasında iddiaçıya ünvanladığı 14 mart 2022-ci il tarixli **********1 saylı cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli izahatında və əmək haqqı bank hesabı çıxarışından son haqq-hesabınızın ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bu səbəbdən tərəflərindən cəmiyyətin direktoru Muslum İbar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçıya aid olan müvafiq sənədlərin təqdim olunması məqsədilə "Setexgroup” MMC-nin rəhbərliyinə tərəflərindən **********6 nömrəli xx.xx.2022-ci il tarixli məktub (SS750218089AZ) göndərilmiş, lakin heç bir sənəd təqdim olunmamışdır. Araşdırmaya dair sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə tərəflərindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. - İddiaçı mərkəzləşdirilmiş elektron informasiya sisteminə xitamla bağlı daxil edilmiş əmək müqaviləsi bildirişində xitam maddəsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli 12/707040 nömrəli təqdimatına əsasən sonuncunun iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********4 saylı cavab məktubundan görünür ki, elektron informasiya sisteminə real vaxt rejimində daxil edilmiş əmək müqaviləsi bildirişinin işəgötürən tərəfindən etibarsız edilməsi 24 saat ərzində mümkündür. Müəyyən edilmiş həmin vaxt müddəti bitdikdə bununla bağlı müvafiq qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, məhkəmə tərəfindən əmək müqaviləsi bildirişinin etibarsız edilməsi barədə qərar qəbul edilməli və həmin bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində etibarsız edilməsi hüququ X3 Xidmətinə həvalə olunmalıdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, işəgötürən "Setexgroup” MMC tərəfindən xx.xx.2021-ci il tarixli əmr ilə iddiaçı satıcı kimi işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə onun işdən azad edilməyi barədə əmr verilmiş və əmrdə ərizəsi əsasında öz təşəbbüsü ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin «a» bəndinə əsasən xitam verilməsi göstərilmişdir. Lakin işin materiallarından görünür ki, qeyd edilən əmrin mövcud olmasına baxmayaraq iddiaçının əmək kitabçasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi ilə xitam verilməsi qeyd edilmiş və bu məlumat mərkəzləşdirilmiş elektron informasiya sisteminə də həmin Məcəllənin 70-ci maddəsinin ç bəndi kimi daxil edilmişdir. Cavabdeh tərəfin etiraf edici izahatlarından görünür ki, iddiaçının əmək kitabçasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi ilə xitam verilməsinin qeyd edilməsi və bu halın mərkəzləşdirilmiş elektron informasiya sisteminə 70-ci maddəsinin ç bəndi kimi daxil edilməsi sırf texniki səbəblərdən baş vermişdir. Həqiqətən də İAƏ/061 nömrəli, xx.xx.2021-ci il tarixli əmrlə iddiaçının xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin «a» bəndi ilə xitam verilmişdir və bu şin mübahisəsiz halıdır. Lakin əmək müqaviləsi bildirişinin işəgötürən tərəfindən etibarsız edilməsi 24 saat ərzində mümkündür. Müəyyən edilmiş həmin vaxt müddəti bitdiyindən bu səhvin aradan qaldırılması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ı ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən elektron informasiya sisteminə real vaxt rejimində daxil edilmiş əmək müqaviləsi bildirişinin işəgötürən tərəfindən etibarsız edilməsi 24 saat ərzində mümkün olduğundan, bu müddət keçdikdən sonra iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair Cavabdeh MMC tərəfindən elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə işəgötürən tərəfindən düzəliş edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə (72-ci maddəsi ilə) işdən çıxarılmağı barədə əmr mövcud olmadığı halda, onun əmək kitabçasına xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi ilə xitam verilməsinin qeyd edilməsi və bu halın da mərkəzləşdirilmiş elektron informasiya sisteminə səhvən daxil edilməsi ilə iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir Məhkəmə cavabdehin iddianı etiraf etməsini və iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin «a» bəndi ilə xitam verilməsinə dair İAƏ/061 nömrəli, xx.xx.2021-ci il tarixli əmrin mövcudluğunu, iddiaçının əmək kitabçasının hazırda cavabdehdə olmasını, eləcə də 3-cü şəxs X3 Xidmətinin iddia ilə bağlı mövqeyini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndi ilə xitam verilməsinə dair İAƏ/061 nömrəli, xx.xx.2021-ci il tarixli əmrə müvafiq olaraq, müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndi ilə xitam verilməsi barədə əmək kitabçasına düzəliş edilməklə əmək kitabçası İddiaçı qaytarılsın. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair Cavabdeh MMC tərəfindən elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinə X3 Xidməti tərəfindən düzəlişin sistemə daxil edilməsi ilə bağlı X3 Xidmətinə rəsmi qaydada müraciət edilməsi Cavabdeh MMC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1287/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1287/2022
26.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin öd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver