Məhkəmə qərarları › İş №2(009)-1300/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1300/2021

30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1300/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı - Cavabdeh Leonidoviçə qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh Leonidoviçə qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 fevral 2009-cu il təvəllüdlü X1 və 05 sentyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Leonidoviçdən hər ay tutulan alimentin həcminin artırılaraq hər uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin 27.06.2014-cü il tarixli qətnaməsi ilə 11 fevral 2009-cu il təvəllüdlü X1 və 05 sentyabr 2010-cu il təvəllüdlü X2 saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 103 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Bu səbəbdən iddianın təmin olunması xahiş olunur. İddiaçı ərizə göndərərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. İş materiallarından aydın olur ki, Səbail Rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qətnaməsinə əsasən 11 fevral 2009-cu il təvəllüdlü X1 və 05 sentyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Leonidoviçdən tutulan alimentin miqdarı hər uşaq üçün 103 manat müəyyən edilmişdir. Məhkəmənin 23 aprel 2021-ci i tarixdə keçirilmiş iclasında cavabdeh ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş övladları iddiaçının himayəsindədir,cavabdehdən tutulan alimentin məbləği iddiaçının uşağının saxlanması üçün artan tələbatlarını ödəmək üçün kifayət etmir. Az. Resp. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nın 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» 29.12.2020ci il tarixli Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, respublikada 2021-ci il üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, halhazırda yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində olmasını və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər orta səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Səbail Rayon Məhkəməsinin 2(009)-1600/14 saylı qətnaməsi əsasında cavabdehdən 11 fevral 2009-cu il təvəllüdlü X1 və 05 sentyabr 2010-cu il təvəllüdlü X2 saxlanılması üçün tutulan alimentin həcmi artırılaraq, hər uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nın 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 11 fevral 2009-cu il təvəllüdlü X1 və 05 sentyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 2(009)-1600/14 saylı qətnaməsi əsasında Cavabdeh Leonidoviçdən hər ay sabit pul məbləğində tutulan 103 manat alimentin həcmi artırılaraq hər uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən edilsin və bu vəsait bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar